Digər Dövlətlər

ABŞ Prezidenti Donald Tramp ilə milyarder İlon Mask arasında 2025-ci ildə yaranan kəskin qarşıdurmadan sonra münasibətlər yenidən normallaşmağa başlayıb. Mask 2024-cü il prezident seçkiləri kampaniyasında Trampa təxminən 300 milyon dollar dəstək verib və onun ikinci prezidentlik dövrünün ilk aylarında Ağ Evdə hökumətin ixtisarı prosesində iştirak edib. Lakin tərəflər 2025-ci ilin iyununda vergi və xərclər qanunu, dövlət müqavilələri və digər məsələlərə görə açıq şəkildə qarşı-qarşıya gəliblər.

İran Prezidenti Məsud Pezeşkian Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə Pakistan xalqını təbrik edib və iki ölkənin ümumi maraqlarının getdikcə daha sıx şəkildə bir-birinə bağlandığını bildirib. İran prezidenti İran və Pakistan arasında uzun illər ərzində formalaşmış strateji münasibətlərin dərinləşdirilməsi və genişləndirilməsi istiqamətində yeni mərhələnin başladığını vurğulayıb.

İran rəsmiləri Hörmüz boğazında gəmi hərəkətinə nəzarətin Tehranın əlində olduğunu bildirərək ABŞ-ın bölgədəki mövqeyinə qarşı çıxıblar. İran rəsmiləri boğazdan heç bir gəminin ölkənin icazəsi və nəzarəti olmadan keçə bilməyəcəyini vurğulayıb. İranın ali rəhbərinin müşaviri Məhəmməd Müxbir isə Tehranın tələbləri yerinə yetirilmədiyi halda “hücum xarakterli müharibə” strategiyasına keçə biləcəyini açıqlayıb.

Ukrayna Rusiyaya Qara dənizdə mülki hədəflərə və gəmilərə hücumların dayandırılması ilə bağlı təklif göndərib. “Reuters”in məlumatına görə, təklif üçüncü tərəf vasitəsilə Moskvaya çatdırılıb və Kiyev Rusiyanın cavabını gözləyir. Son günlər Qara dənizdə gəmilərə və limanlara hücumların artması qlobal ərzaq təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb. Rusiya və Ukrayna bir-birini ixrac gəmilərinə hücumları gücləndirməkdə ittiham edir.

Şimali Koreya ABŞ və Cənubi Koreyanın gələn həftə keçirəcəyi birgə hərbi təlimləri pisləyərək daha güclü çəkindirmə tədbirləri ilə cavab verə biləcəyini açıqlayıb. Pxenyanq təlimləri “təcavüzkar müharibəyə hazırlıq” kimi qiymətləndirib və istənilən yeni təhdidə eyni səviyyədə yeni çəkindirmə vasitələri ilə cavab verəcəyini bildirib.

ABŞ federal məhkəməsi Donald Tramp administrasiyasının Harvard Universitetinə qarşı qaldırdığı iddianı yetərli sübut olmadığı üçün rədd edib. Məhkəmə universitetdə fələstin tərəfdarı etirazlar zamanı antisemitizm və yəhudilərə qarşı ayrı-seçkiliyə yol verildiyi barədə hökumətin təqdim etdiyi faktların ayrı-ayrı və təcrid olunmuş hadisələr olduğunu bildirib. Hakim Riçard Sterens bu halların federal mülki hüquqlar qanununun davamlı şəkildə pozulduğunu sübut etmədiyini qeyd edib.

İran Xarici İşlər Nazirliyi Fransa və bir sıra Qərb ölkələrinin insan hüquqları məsələsi ilə bağlı İrana qarşı birgə bəyanat yaymasını tənqid edib və bunu məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirib. Əhmədi bildirib ki, sözügedən ölkələr özlərinin Afrika, Qərbi Asiya və digər regionlarda insan hüquqları və beynəlxalq humanitar hüququn pozulmasındakı roluna görə məsuliyyətdən yayınmağa çalışırlar.

ABŞ-da Tennessi, Oklahoma və Alabama ştatlarında üç məhbusun ölüm hökmü eyni gündə ölümcül inyeksiya ilə icra olunub. Bu, 2010-cu ildən bəri ölkədə ilk dəfə üç edamın eyni günə təsadüf etməsidir. 2025-ci ildə ABŞ-ın 11 ştatında ümumilikdə 47 nəfər edam edilib. Bu, 2009-cu ildən bəri ən yüksək göstəricidir. Ötən il həyata keçirilən edamların 39-u ölümcül inyeksiya, 3-ü güllələnmə, 5-i isə azot qazı ilə boğulma üsulu ilə icra olunub.

Avropada son dövrlərdə müşahidə olunan rekord və uzunmüddətli isti hava dalğalarının gələcəkdə daha tez-tez və daha intensiv xarakter alacağı gözlənilir. Ümumdünya Meteorologiya Təşkilatının (WMO) İqlim Məlumatları Bölməsinin rəhbəri Con Kennedinin sözlərinə görə, iqlim dəyişikliyi Avropada yüksək temperatur hadisələrinin həm müddətini, həm də əhatə dairəsini artırır.

Kanada və ABŞ avqustun 19-dək yeni ticarət razılaşması əldə etməyə çalışır. Kanada hökumətindəki mənbə danışıqların müsbət istiqamətdə davam etdiyini bildirib. Vaşinqtonun da yeni gömrük rüsumları qüvvəyə minməzdən əvvəl razılığa gəlmək istədiyi qeyd olunur. Donald Tramp Kanadanın bir sıra məhsullarına 50 faizlik yeni gömrük rüsumlarının tətbiq ediləcəyini açıqlayıb. Dominik LöBlan və Ceymison Qrir danışıqları davam etdirmək üçün yenidən görüşəcəklər. Kanada rəsmiləri razılaşmanın əldə olunması üçün ABŞ tərəfi ilə sıx müzakirələr aparır. Yeni rüsumların təxminən 20 milyard dollarlıq Kanada məhsuluna şamil edilə biləcəyi bildirilir. Razılaşmanın əldə edilməməsi iki qonşu ölkə arasındakı ticarət münasibətlərində gərginliyi daha da artıra bilər.

ABŞ-nin müdafiə naziri Pit Heqset “Abraham Linkoln” təyyarədaşıyan gəmisində ağır xidmət şəraiti ilə bağlı məlumatları təkzib edib. O, yayılan məlumatların həqiqəti düzgün əks etdirmədiyini bildirib. Hegset gəmi heyətinin bütün zəruri vasitələrlə təmin edilməsinə çalışıldığını vurğulayıb. “Abraham Linkoln” təyyarədaşıyan gəmisinin 250 gündən artıqdır dənizdə olduğu bildirilir. ABŞ senatoru Riçard Blumental gəmidə əsas tələbat mallarının çatışmazlığı ilə bağlı Müdafiə Nazirliyindən açıqlama tələb edib. O, içməli suyun çirklənməsi, su və kanalizasiya sistemində nasazlıqlar və göyərtədə təhlükəsizlik problemləri barədə məlumatlara diqqət çəkib. Senator uzunmüddətli xidmətin hərbçilərin ruh halına mənfi təsir göstərdiyinə dair narahatlıqları da gündəmə gətirib. Hegset isə dənizçilərin çətin şəraitdə xidmət etdiyini qəbul etsə də, onların təminatı ilə bağlı yayılan məlumatların təhrif olunduğunu bildirib.