#Qlobal enerji təhlükəsizliyi

Körfəz Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd Əl-Budayvi İranın son hücumlarını pisləyib. O bildirib ki, dəniz keçidlərinə yönələn hücumlar qlobal enerji təhlükəsizliyini təhdid edir. Baş katib İranın beynəlxalq hüququ pozduğunu bəyan edib. O, BMT Təhlükəsizlik Şurasını və beynəlxalq ictimaiyyəti İranın hücumlarının qarşısını almağa çağırıb. Əl-Budayvi gəmiçiliyin hədəfə alınmasının naviqasiya azadlığına təhlükə yaratdığını vurğulayıb. O, həmçinin husilərin Səudiyyə Ərəbistanına qarşı təhdidlərini və Bab əl-Məndəb boğazını bağlamaq planlarını qınayıb. KƏŞ regionda sabitliyin və beynəlxalq dəniz təhlükəsizliyinin qorunmasının vacibliyini bəyan edib.

İran və ABŞ arasında qarşıdurmanın yenidən kəskinləşməsi fonunda strateji diqqət nüvə proqramından Hörmüz boğazına yönəlib. Hazırkı mərhələdə əsas sual İranın uranı zənginləşdirib-zənginləşdirməyəcəyi deyil, Hörmüz boğazının beynəlxalq gəmiçilik üçün təhlükəsiz və fasiləsiz açıq qalıb-qalmayacağıdır. Münaqişənin əvvəlki mərhələsində diplomatik səylər İranın nüvə proqramı, uranın zənginləşdirilməsi səviyyəsi, beynəlxalq yoxlamalar, sanksiyaların yumşaldılması və Tehranın yeni məhdudiyyətləri qəbul edib-etməməsi ətrafında cəmləşirdi. Lakin hərbi əməliyyatların yenidən başlaması ilə strateji ağırlıq mərkəzi dəyişərək Hörmüz boğazına keçib.

Beynəlxalq Enerji Agentliyi xəbər verir ki, ABŞ-İsrail gərginliyi və Hörmüz boğazının blokadası səbəbindən qlobal kommersiya neft ehtiyatları sürətlə azalır. Strateji ehtiyatların bazara buraxılması gündəlik neft təchizatını artırsa da, tələbat artımı ehtiyatların tükənməsini sürətləndirəcək.

"Axios" xəbər portalı mənbələrə istinadən xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmiləri bu şənbə günü strateji əhəmiyyətli Hürmüz boğazından keçib. Bu addım regionda gərginliyin azaldılması və ticarət yollarının təhlükəsizliyi istiqamətində mühüm hərbi-siyasi mesaj kimi qiymətləndirilir.