#İran–ABŞ münasibətləri

İran Prezidenti Məsud Pezeşkian müharibənin hazırkı mərhələdə başa çatdırılmasının daha məqsədəuyğun olduğunu bildirib. O, İranın hazırda “güclü və ləyaqətli mövqedə” olduğunu iddia edib. Pezeşkian danışıqlar nəticəsində əldə edilmiş razılaşmanı böyük nailiyyət adlandırıb. Sənədin İranın Ali Milli Təhlükəsizlik Şurası tərəfindən yekdilliklə təsdiqləndiyini bildirib. Prezident razılaşmada İranın təslim olmasını nəzərdə tutan müddəanın olmadığını deyib. Bununla yanaşı, Tehranı yenidən hədəfə alacaq hücuma sərt cavab veriləcəyini vurğulayıb. Pezeşkian müharibə və dəniz mühasirəsinin inflyasiya və iqtisadi çətinlikləri artırdığını da etiraf edib. O, qarşıdurmanın davamını istəyənlərin bunun yaratdığı çətinlikləri də qəbul etməli olduqlarını bildirib.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ölkəsinin yeni ABŞ sanksiyalarına qarşı plan hazırlamalı olduğunu bildirib. Onun açıqlaması ABŞ-nin maliyyə naziri Skott Bessentin İrana qarşı daha sərt iqtisadi məhdudiyyətlər elan etməsindən sonra səsləndirilib. Qalibaf ABŞ-nin tədbirlərini “qəddar sanksiyalar” adlandırıb. O, İranın iqtisadi təzyiqlərin öhdəsindən gəlmək üçün əvvəlcədən hazırlıq görməli olduğunu deyib. Qalibaf müsəlman ölkələrinin zəngin təbii sərvətlərə və xammal ehtiyatlarına malik olduğunu vurğulayıb. O, İranın sanksiyalar qarşısında iqtisadi dayanıqlığını gücləndirməsinin vacibliyini bildirib. İraqda səfərdə olan Qalibaf Bağdad rəhbərliyini Tehranla əməkdaşlığa çağırıb. Onun açıqlaması ABŞ–İran iqtisadi qarşıdurmasının daha da sərtləşdiyi bir vaxta təsadüf edir.