Kolumbiyanın yeni formada formalaşdırılmış sağ təmayüllü hökuməti dünən İsrailin 1967-ci ildə işğal etdiyi Suriyanın Colan təpələri üzərində suverenliyini tanıdığını bəyan edib.İsrail 1967-ci il müharibəsindən bəri Colan təpələrinin bir hissəsini işğal altında saxlayır və 1981-ci ildə bu əraziləri özünə birləşdirib. ABŞ müstəsna olmaqla, beynəlxalq aləm bu addımı tanımayıb. Birləşmiş Millətlər Təşkilatı Colan təpələrini İsrailin hərbi işğalı altında olan Suriya ərazisi hesab edir.
Kolumbiya Prezidenti Abelardo de la Espriella ölkəsindəki silahlı qruplaşmalara qarşı mübarizə vasitəsi kimi ABŞ və İsrail ilə sıx əlaqələr quracağı vədi ilə keçən səs-küylü seçki kampaniyasından sonra cümə günü hakimiyyətə gəlib.
Frans Pres Agentliyinin məlumatına görə, Xarici İşlər Nazirliyi İsrailin Colan üzərindəki suverenliyinin tanındığını Kolumbiyanın qərb hissəsində ən azı 111 nəfərin həlak olması və onlarca insanın yaralanması ilə nəticələnən güclü zəlzələnin baş verdiyi gün elan edib.
Nazirliyin İks sosial şəbəkəsində yayımladığı bəyanatda deyilir: "Kolumbiya hökuməti İsrailin bu ərazilər üzərində suverenliyini, habelə həmin dövlətin xarici təhdidlərdən müdafiə olunmaq hüququnu tanıyır."
İsrailin xarici işlər naziri Gideon Saar "əziz dostu" de la Espriellaya bu tanınmaya görə təşəkkür edib və tərəflərin bu addım barədə de la Espriellanın andiçmə mərasimindən bir gün əvvəl Kolumbiyanın Barankilya şəhərində razılığa gəldiklərini bildirib.
De la Espriellanın sələfi Qustavo Petro İsrailin Qəzza zolağına hücumunu kəskin tənqid etmiş, bu da diplomatik əlaqələrin kəsilməsinə və İsraildən Kolumbiyaya silah idxalının dayandırılmasına səbəb olmuşdu. ABŞ tərəfindən dəstəklənən milyonçu əlaqələri bərpa edəcəyinə söz verib. O, keçən ay Kolumbiyanın səfirliyini İsrailin fələstinlilərdən işğal olunmuş hissə də daxil olmaqla öz paytaxtı hesab etdiyi Qüdsdə açmaq niyyətində olduğunu bəyan etmişdi.