BAKI,VOA, Fərid Mikayılov
Fransada ölümə yardım imkanını müəyyən şərtlərlə qanuniləşdirən yeni qanun qüvvəyə minib.
VOA xəbər verir ki, Emmanuel Makronun təsdiqindən sonra qanun “Rəsmi Qəzet”də dərc olunub. Qanun layihəsi iyulun ortalarında parlament tərəfindən yekun olaraq qəbul edilmişdi.
Qanuna əsasən, bu hüquqdan yalnız müəyyən şərtlərə cavab verən şəxslər yararlana biləcək. Xəstə yetkin olmalı, Fransa vətəndaşı və ya ölkədə daimi və qanuni yaşayış statusuna malik olmalı, ağır və sağalmaz xəstəliyin terminal və ya irəliləmiş mərhələsində olmalı, dözülməz fiziki ağrılar keçirməlidir. Həmçinin şəxsin son ana qədər məlumatlandırılmış qərar vermək qabiliyyətinə malik olması tələb olunur.
Xəstə ölümcül maddəni fiziki olaraq özü qəbul edə bilmədikdə, tibb işçisi ona bu prosesdə kömək edə biləcək.
Qanunun praktiki tətbiqinə başlanılması üçün Fransa hökuməti müvafiq icra qaydalarını da dərc etməlidir.
Makron qanunu “nümunəvi demokratik müzakirəni taclandıran bir hüquq” kimi qiymətləndirib. Qanunun müəllifi, MoDem partiyasının keçmiş deputatı Olivier Falorni isə bunu “çox böyük irəliləyiş” adlandırıb.
Bununla yanaşı, qanuna qarşı çıxan bəzi təşkilatlar yeni qaydaların xüsusilə həssas vəziyyətdə olan insanlar üçün təhlükə yarada biləcəyini bildiriblər.