BAKI,VOA, Fərid Mikayılov
Rusiya Böyük Britaniya istehsalı olan PUA-ların Rusiya ərazisindəki hədəflərə zərbələr endirmək üçün istifadə edildiyinin təsdiqlənməsindən sonra Londonu "Ukrayna böhranını qəsdən gərginləşdirməkdə" ittiham edib.
VOA xəbər verir ki, Rusiya Federasiyasının Böyük Britaniyadakı Səfirliyi bəyanat yayaraq, Londonun bu addımlarla qanlı cinayətlərin və terror aktlarının şərikinə çevrildiyini və bunun əvəzini ödəyəcəyini bildirib.
Buna cavab olaraq Böyük Britaniya Müdafiə Nazirliyinin (MoD) nümayəndəsi BBC-yə açıqlamasında Londonun Ukrayna ilə çiyin-çiyinə durduğunu bəyan edib. Böyük Britaniya rəsmisi vurğulayıb ki, hökumət Ukraynanın [Rusiya Prezidenti Vladimir] Putinin qanunsuz işğalından müdafiə olunması üçün lazımi avadanlıq təmin etmək öhdəliyinə sadiqdir.
İki ayrı Britaniya şirkəti tərəfindən istehsal olunan PUA-ların Rusiya daxilindəki hərbi və sənaye obyektlərinə, o cümlədən neft emalı zavodlarına və "Wildberries" onlayn reytellerinin anbarlarına qarşı uğurla istifadə edildiyi bildirilir. Ukrayna tərəfi "Wildberries"in ən böyük logistika mərkəzlərindən 7-sinin sıradan çıxarıldığını və bu hücumların Rusiyaya 35 milyard funt-sterlinqdən çox iqtisadi ziyan vurduğunu açıqlayıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova Britaniya komponentlərindən istifadə edilən dronların Rostov vilayətinin Kamenski rayonundakı yanacaq anbarına zərbə endirdiyini bildirib. Moskva tərəfinin xəbərdarlığı Ukraynanın son günlər Rusiya ərazisinə təşkil etdiyi kütləvi PUA hücumları fonunda gəlib. Məlumata görə, yalnız son gecə Moskva istiqamətinə 600-dən çox, ümumilikdə isə regiona 800-dən artıq dron buraxılıb.