BAKI,VOA, Fərid Mikayılov
Cənubi Koreya Prezidenti Li Ce Myon Koreya yarımadasında davamlı sülhün təmin edilməsi üçün Şimali Koreya ilə dialoqun bərpa edilməsinə çağırıb.
VOA xəbər verir ki, dövlət başçısı bu barədə Yaponiyanın müstəmləkə idarəçiliyindən azad olunmasının ildönümü münasibətilə çıxışında bildirib.
Li Ce Myon iki Koreya arasında dinc birgəyaşayışın təmin edilməsi üçün danışıqların aparılmasının vacibliyini vurğulayıb.
O, 1950-1953-cü illərdə baş vermiş Koreya müharibəsini rəsmən başa çatdıracaq sülh sazişinin imzalanması və hazırkı atəşkəs rejiminin davamlı sülh mexanizmi ilə əvəzlənməsi üçün Şimali Koreya və digər maraqlı tərəflər arasında müzakirələrin keçirilməsinə çağırıb.
Cənubi Koreya Prezidenti danışıqlar çərçivəsində Pxenyanın nüvə imkanlarının məhdudlaşdırılması üzrə effektiv tədbirlərin də müzakirə oluna biləcəyini bildirib.
Li Ce Myonun sözlərinə görə, Seul gərginliyin azaldılması istiqamətində qabaqlayıcı və davamlı addımlar atacaq, həmçinin mümkün eskalasiyanın qarşısını almaq üçün çoxsəviyyəli təhlükəsizlik mexanizmləri formalaşdıracaq.
Qeyd edək ki, Şimali və Cənubi Koreya arasında münasibətlər son illərdə ciddi şəkildə gərgin olaraq qalır. Şimali Koreya lideri Kim Çen In Pxenyanın Koreyanın birləşdirilməsi siyasətindən imtina etdiyini açıqlayıb və Cənubi Koreyanı ölkəsinin ən düşmən dövləti kimi xarakterizə edib.
Pxenyan daha əvvəl Seulun dialoq təşəbbüslərini rədd edib, həmçinin ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərini təxribat kimi qiymətləndirib.
Li Ce Myon Yaponiya ilə münasibətlərə də toxunaraq, iki ölkə arasında tarixi problemlərin nəzərə alınmasının vacibliyini vurğulayıb və Yaponiya ilə yeni “60 illik sülh və rifah” dövrünün başlanmasına ümid etdiyini bildirib.