BAKI,VOA Orxan Qədirzadə
İsrail kəşfiyyat qurumu Mossadın keçmiş rəhbəri David Barnea ABŞ-ın müdafiə texnologiyaları şirkəti “Ondas Defense”in qlobal rəhbəri və direktorlar şurasının sədri təyin olunub.
Barneanın yeni vəzifəyə gətirilməsi müdafiə sənayesində kəşfiyyat və hərbi təcrübəyə əsaslanan yeni tendensiyanın göstəricisi kimi qiymətləndirilir. Şirkət keçmiş Mossad rəhbərinin beynəlxalq əlaqələrindən, təhlükəsizlik sahəsindəki təcrübəsindən və dövlət strukturları ilə qurduğu əlaqələrdən qlobal genişlənmə strategiyasında istifadə etməyi planlaşdırır.
ABŞ-da fəaliyyət göstərən “Ondas” şirkəti son illərdə əsas diqqətini müdafiə texnologiyalarına yönəldib. Şirkət xüsusilə pilotsuz sistemlər, robotlaşdırılmış platformalar və yeni nəsil təhlükəsizlik həlləri sahəsində fəaliyyət göstərən texnoloji şirkətləri satın alaraq portfelini genişləndirir.
Şirkətin açıqlamasına görə, Barnea gələcək müdafiə sistemlərinin hazırlanması, yeni texnologiyaların qiymətləndirilməsi, beynəlxalq bazarlara çıxış və strateji satınalma proseslərində əsas rol oynayacaq.
Ekspertlərin fikrincə, Barneanın təyinatının əsas səbəbi onun birbaşa texniki hərbi sistemlərin hazırlanmasından daha çox, beynəlxalq təhlükəsizlik dairələrindəki nüfuzu və əlaqələridir. Keçmiş Mossad rəhbərinin NATO ölkələri, müdafiə nazirlikləri və təhlükəsizlik strukturları ilə əlaqələri şirkətin yeni müqavilələr əldə etməsinə imkan yarada bilər.
Barnea 2021-2024-cü illərdə Mossada rəhbərlik edib. Onun rəhbərliyi dövründə İsrail kəşfiyyatının texnoloji imkanlarının, xüsusilə kiber və xüsusi əməliyyat sahələrinin inkişafına diqqət artırılıb.
Mütəxəssislər hesab edirlər ki, keçmiş yüksək səviyyəli kəşfiyyat və hərbi rəsmilərin özəl müdafiə şirkətlərinə keçidi son illərdə genişlənən tendensiyadır. Bu proses dövlət strukturlarında əldə olunan təcrübənin sürətlə inkişaf edən müdafiə texnologiyaları bazarına ötürülməsinə şərait yaradır.