BAKI,VOA Analitik Təhlil Mərkəzi
Ukraynada müharibə meydanında istifadə edilən “Aerorozvidka” təşəbbüsünün yaratdığı “Delta” rəqəmsal döyüş idarəetmə sistemi ABŞ ordusunun diqqətini çəkib. ABŞ Quru Qoşunlarının rəhbərliyi bu sistemin bəzi imkanlarının hazırda Amerika ordusunda mövcud olan imkanları üstələdiyini etiraf edib.
Söhbət 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra bir qrup ukraynalı mühəndis və proqramçının yaratdığı layihədən gedir. Həmin dövrdə mülki sahədə çalışan texnologiya mütəxəssisləri kommersiya məqsədli kiçik pilotsuz uçuş aparatlarını döyüş şəraitinə uyğunlaşdırmağa başlayıblar.
Layihənin yaradıcılarından biri bank sektorunda çalışan Volodimir Koçetkov-Sukaç olub. O, Yaroslav Honçarla birlikdə “Aerorozvidka” (“hava kəşfiyyatı”) adlı könüllü qrup yaradıb. Qrupun ilk məqsədi Ukrayna ordusunun Donbas bölgəsində ehtiyac duyduğu hava kəşfiyyatı imkanlarını təmin etmək olub.
İlk mərhələdə könüllülər ehtiyat hissələrini öz vəsaitləri hesabına alır, sınaqların nəticələrini sosial şəbəkələrdə paylaşır və hərbi strukturdan kənar şəkildə fəaliyyət göstərirdilər.
Kiçik dronlardan rəqəmsal döyüş xəritəsinə
2015-ci ildə Koçetkov-Sukaç Donbasda döyüşlər zamanı həlak olduqdan sonra qrup fəaliyyətini dayandırmayıb. Əksinə, könüllülər müxtəlif məlumat mənbələrini vahid sistemdə birləşdirən yeni platforma üzərində işləməyə başlayıblar.
Beləliklə, “Delta” sistemi yaradılıb. Platforma pilotsuz uçuş aparatlarından, peyklərdən, müşahidə sensorlarından və kəşfiyyat bölmələrindən daxil olan məlumatları vahid rəqəmsal xəritədə birləşdirərək komandirlərə real vaxta yaxın məlumat təqdim edir.
Sadə dillə desək, “Delta” döyüş meydanının rəqəmsal xəritəsi funksiyasını yerinə yetirir. Sistem hərbi rəhbərliyə hədəfləri müəyyənləşdirmək, bölmələr arasında məlumat mübadiləsi aparmaq və daha sürətli qərarlar qəbul etmək imkanı verir.
2016-cı ildə sistemin ilkin versiyası təqdim edilib. Sonrakı illərdə Donbas müharibəsində sınaqdan keçirilən platforma tədricən təkmilləşdirilib.
2019-cu ildə “Delta” NATO-nun sistemlərarası uyğunluq üzrə CWIX sınaqlarından uğurla keçən ilk Ukrayna sistemi olub.
Rusiya işğalı zamanı əsas vasitələrdən birinə çevrildi
2022-ci ildə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başlayanda “Delta” artıq sınaq mərhələsini keçmiş və real döyüşlərdə istifadə edilən sistemə çevrilmişdi.
“Aerorozvidka”nın R-18 pilotsuz uçuş aparatları Kiyev uğrunda döyüşlər zamanı istifadə olunub. Ukrayna tərəfinin məlumatına görə, bu dronlar Rusiya desant qüvvələrinin mövqelərini müəyyənləşdirməyə və hərbi kolonların hərəkəti barədə məlumat toplamağa kömək edib.
Sistem daha sonra “Moskva” hərbi gəmisinin məhv edilməsi və Qara dənizdə Zmeynı adasının geri alınması kimi əməliyyatlarda istifadə olunan kəşfiyyat imkanlarının bir hissəsi olub.
Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, 2024-cü ildən etibarən “Delta” daxilində istifadə edilən süni intellekt əsaslı sistemlər həftəlik minlərlə Rusiya hərbi texnikasını müəyyənləşdirmək imkanına malikdir.
Ukrayna mənbələri bildirir ki, hazırda sistem gündəlik minlərlə hədəfin izlənməsində istifadə olunur, hər ay milyonlarla yeni məlumat elementi döyüş xəritəsinə əlavə edilir.
ABŞ ordusundan qeyri-adi etiraf
ABŞ Quru Qoşunlarının naziri Deniel Driskoll 2026-cı il mayın 12-də Senatın Silahlı Qüvvələr Komitəsində çıxışı zamanı Ukraynanın “Delta” sisteminin ABŞ ordusunun hazırkı imkanlarını bəzi sahələrdə üstələdiyini bildirib.
Onun sözlərinə görə, ABŞ ordusunun əsas problemlərindən biri müxtəlif hərbi sistemlərin bir-biri ilə tam inteqrasiya olunmamasıdır. Driskoll bu vəziyyətin uzun illər ərzində müdafiə sənayesində formalaşan satınalma siyasəti və texnologiyaların qapalı saxlanılması ilə bağlı olduğunu qeyd edib.
ABŞ ordusunun illik büdcəsi yüz milyardlarla dollar olduğu halda, Ukraynanın daha məhdud resurslarla belə bir sistem yaratması hərbi texnologiyalarda yeni yanaşmaların əhəmiyyətini göstərib.
Uğurun əsas səbəbi texnologiyadan daha çox sosial model olub
Ekspertlərin fikrincə, “Aerorozvidka”nın əsas fərqi yalnız texnologiyada deyil, cəmiyyət və dövlət arasında qurulan əməkdaşlıq modelindədir.
Müharibədən əvvəl Ukraynanın güclü informasiya texnologiyaları sektoru mövcud idi. Ölkədə yüz minlərlə İT mütəxəssisi çalışır, şirkətlər Qərb bazarları ilə sıx əlaqədə fəaliyyət göstərirdi.
2014-cü ildə başlayan könüllü hərəkatlar isə mülki texnologiya mütəxəssisləri ilə hərbi strukturlar arasında əlaqə yaratdı. Beləliklə, cəmiyyətdə yaranan təşəbbüs zamanla dövlət sistemi tərəfindən qəbul edildi.
2023-cü ildə “Delta” sisteminin hüquqları Ukrayna Müdafiə Nazirliyinə verilib. 2024-cü ildə isə platforma Ukrayna müdafiə sektorunda rəsmi şəkildə qəbul olunub.
Yeni nəsil müharibələrin modeli
Analitiklər hesab edirlər ki, “Aerorozvidka” nümunəsi müasir müharibələrdə yalnız böyük hərbi büdcələrin deyil, çevik texnologiya ekosistemlərinin və mülki innovasiyaların da həlledici rol oynadığını göstərir.
Ukrayna nümunəsi göstərir ki, bəzi hallarda innovasiya ənənəvi hərbi strukturlardan deyil, cəmiyyətin texnoloji potensialından başlayaraq dövlət səviyyəsinə qədər yüksələ bilər.