Səudiyyə Ərəbistanının "Əl-Nəsr" futbol klubunun borclar səbəbindən yeni müqavilələr imzalamaq müraciəti rədd edilib.
Səudiyyə Pro Liqasının Maliyyə Nəzarəti Komitəsi "Əl-Nəsr" klubunun gənclər heyətində çıxış edən bir neçə futbolçu ilə yeni müqavilə bağlamaq müraciətini rədd edib. "Arriyadiyah" qəzetinin yaydığı məlumata görə, maliyyə məhdudiyyəti dövründə klubun həm əsas komandasında, həm də aşağı yaş qruplarında yeni transferlər etməsi və ya mövcud müqavilələrin müddətini uzatması qadağan olunub. Təlimatları pozacağı təqdirdə klubu daha ağır cəzalar gözləyir.
Bu qərarla dünyaca məşhur ulduz Kriştianu Ronaldonun da formasını geyindiyi komandada son günlər yayılan iddialar təkzib olunub. Belə ki, rəhbərliyin aparıcı oyunçular Rahid Əl-Nəccar və Əbdürrəhman Qərib də daxil olmaqla bir sıra futbolçularla müqavilə yenilədiyinə dair mətbuatda çıxan xəbərlərin gerçəyi əks etdirmədiyi və komitədən bunun üçün heç bir icazə alınmadığı ortaya çıxıb.
Qeyd edək ki, Səudiyyə klubu hazırda 213 milyon dollardan (800 milyon Səudiyyə riyalı) çox yığılmış borc yükünə görə sərt maliyyə nəzarəti altında fəaliyyət göstərir.