BAKI,VOA Orxan Qədirzadə
Britaniyanın trip-hop janrında çıxış edən məşhur Massive Attack musiqi qrupunun Sinqapurda gələcək konsertlərdə çıxış etməsinə icazə verilməyəcək. Buna səbəb qrup üzvlərinin səhnədə Fələstin bayrağı nümayiş etdirməsi olub.
Hadisə çərşənbə günü keçirilən konsert zamanı baş verib. İki musiqiçi səhnədə tamaşaçıların qarşısında Fələstin bayrağını açıb, onlardan biri isə “Fələstinə azadlıq” şüarı səsləndirib.
Sinqapur qanunvericiliyinə əsasən, ölkədə istənilən xarici bayrağın və ya milli simvolun xüsusi icazə olmadan ictimai nümayişi qadağandır. Araşdırmanın nəticələrinə əsasən, polis qrupun iki üzvünə ciddi xəbərdarlıq edib və onların ölkəyə girişinə məhdudiyyət qoyub.
Sinqapur Media İnkişafı İdarəsi bildirib ki, gələcəkdə Massive Attack qrupunun konsertlərinin təşkili ilə bağlı bütün müraciətlər rədd ediləcək.
Hüquq-mühafizə orqanları ictimaiyyətə və xarici qonaqlara çağırış edərək, ölkədə ictimai həmrəyliyi və hüquq qaydasını pozmamaq üçün xarici siyasi məsələlərin Sinqapura daşınmamasını istəyib.
Konsertin təşkilatçıları AFP agentliyinin şərh sorğusuna cavab verməyib. Qrup üzvləri də hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.
Massive Attack İsrailin Qəzzadakı hərbi əməliyyatlarını tənqid edən mövqeyi ilə tanınır. Qrupun solisti Robert Del Naya da daha əvvəl — aprel ayında — Londonda “Palestine Action” fəallarına dəstək aksiyası zamanı saxlanılan 200-dən çox şəxs arasında olub.