BAKI,VOA
Lev Tolstoy dünya realist ədəbiyyatının ən böyük sütunlarından biri olmaqla yanaşı, insan qəlbinin dərin mənəvi axtarışlarını sənətə çevirən dahi mütəfəkkirdir. 1828-ci ildə zadəgan ailəsində doğulan müəllif, gənclik illərində Qafqazda hərbi xidmətdə olmuş və bu dövrdə yerli xalqların həyat tərzinə, sarsılmaz iradəsinə və dağların vəhşi gözəlliyinə heyran qalmışdır. Onun yaradıcılığında Qafqaz coğrafiyası sadəcə bir fon deyil, insan xarakterini sınağa çəkən amansız və təmizləyici bir mühit kimi çıxış edir.
Tolstoy imperiya ordusunda xidmət etsə də, müharibənin gətirdiyi amansızlığı, talançılığı dərindən sorğulamış və sonradan barışmaz bir sülh tərəfdarına çevrilmişdir. Onun yazıları sadə və süssüz dili ilə seçilir; o, həqiqəti olduğu kimi nümayiş etdirməyin ən böyək sənətkarlıq olduğuna inanırdı. Müəllifin Qafqaz mövzusunda yazdığı əsərlər onun humanizm fəlsəfəsinin ilk rüşeymlərini daşıyır. Z nəsli üçün Tolstoy, qərəzlərdən uzaqlaşaraq fərqli mədəniyyətlərə hörmətlə yanaşmağın və hər bir şəraitdə ləyaqəti qorumağın zamansız nümunələrini təqdim edən dahi ustad sayılır.
Kitab haqqında
"Hacı Murad" – Şeyx Şamilin ən cəsur və ad çıxarmış naibi Hacı Muradın ailəsini xilas etmək naminə çar Rusiyası ilə Şamil hakimiyyəti arasında sıxışıb qalmasının, onun misilsiz cəsarətinin və faciəvi sonluğunun dastanvarı hekayəsidir.
Əsər Tolstoyun yolda gördüyü, tapdalanmasına və əzilməsinə baxmayaraq hələ də kökü üstə dik durmağa çalışan, al-qırmızı çiçək açan "tatar tatırı" (qanqal) kolunun təsviri ilə başlayır. Bu kol Hacı Muradın prototipidir. O, hər iki tərəfdən – həm çar imperiyasının məmurları, həm də Şeyx Şamilin qəzəbi tərəfindən sıxışdırılır, lakin son nəfəsinə qədər müqavimət göstərir.

İki despotun arasında qalan qəhrəman
Hacı Murad xaraktercə dürüst, qorxusuz və ailəsinə sonsuz dərəcədə bağlı bir dağlıdır. O, Şamil ilə aralarında yaranan nifaq və ailəsinin əsir götürülməsi ucbatından rusların tərəfinə keçməyə məcbur olur. Lakin ruslar da onu sadəcə siyasi şahmat fiquru kimi istifadə etmək istəyirlər. Tolstoy burada iki fərqli dünyanı müqayisə edir: Çar I Nikolayın lüks və riyakarlıq içindəki idarəçiliyi ilə Şeyx Şamilin teokratik, sərt hakimiyyəti. Hacı Murad bu iki amansız gücün arasında öz ləyaqətini qorumağa çalışan tək bir azad ruhdur.
Faciəvi sonluq və əbədi şərəf
Rusların ona kömək etməyəcəyini və ailəsinin məhv olacağını anlayan Hacı Murad, azsaylı tərəfdarları ilə birlikdə rus qalalarından qaçaraq özü ailəsini xilas etməyə cəhd edir. Batlaqlıqda mühasirəyə alınan Hacı Murad yaralanmasına baxmayaraq, başı kəsilənədək son qulləsi bitənə kimi vuruşur. Tolstoy bu ölümü məğlubiyyət kimi deyil, azadlığın və əyilməz iradənin təntənəsi kimi təsvir edir.
"Hacı Murad" dünya ədəbiyyatında azadlıq, şərəf və fərdi müqavimət haqqında yazılmış ən mükəmməl povestlərdən biridir. "BookHub – Oxu və düşün" olaraq vurğulayırıq ki, bu əsər bizə tapdalanmış olsa belə, əyilməyən ruhun əbədi qələbəsini göstərir.