BAKI,VOA Orxan Qədirzadə
Böyük Britaniya hakimiyyəti Kiprdən Mançesterə uçan sərnişin təyyarəsində digər sərnişinlər və ekipaj üzvləri tərəfindən zərərsizləşdirilərək bağlanan 35 yaşlı kişinin ölüm faktı ilə bağlı araşdırmaya başlayıb.
Hadisə Larnaka–Mançester reysi zamanı baş verib. Məlumata görə, Kallum Kerr adlı sərnişin uçuş zamanı aqressiv davranış nümayiş etdirib, bir sərnişinə və təyyarə heyətinin üzvünə fiziki hücum edib. Bundan sonra bir neçə sərnişin və ekipaj üzvləri onu nəzarət altına alaraq bağlayıblar.
Böyük Mançester Polisi bildirib ki, təyyarə hava limanına endikdən sonra, yerli vaxtla saat 02:25 radələrində hadisə barədə məlumat daxil olub. Polis əməkdaşları təyyarəyə daxil olduqda Kallum Kerr-i təyyarənin arxa hissəsində bağlı vəziyyətdə aşkarlayıblar.
Polis əməkdaşları daha sonra onu qandallayıb. Qısa müddət sonra kişinin huşsuz vəziyyətdə olduğu müəyyən edilib və dərhal ilk tibbi yardım göstərilərək ürək-ağciyər reanimasiyası həyata keçirilib. O, xəstəxanaya çatdırılsa da, çərşənbə axşamı vəfat edib.
Mərhumun ailəsi yaydığı bəyanatda Kallum Kerr-i ailəsini sevən, üç azyaşlı uşağın atası, idman həvəskarı və mehriban insan kimi xarakterizə edib.
Qanunvericiliyin tələblərinə uyğun olaraq, polis əməkdaşlarının ölümündən əvvəl onunla təmasda olması səbəbindən Polis Davranışı üzrə Müstəqil Ofisə (IOPC) göndərilib.
Eyni zamanda, Böyük Mançester Polisi təyyarə göyərtəsində polis gələnədək baş verən hadisələrin bütün təfərrüatlarını müəyyənləşdirmək üçün ayrıca istintaq aparır.
Baş müfəttiş Mayk Allen bildirib ki, təyyarədə olan çoxsaylı sərnişinlər baş verən zorakılıq və iğtişaşın şahidi olublar. Onun sözlərinə görə, istintaq hadisənin bütün mərhələlərini və sərnişinlərlə ekipajın hərəkətlərini ətraflı araşdırır.
Polis Davranışı üzrə Müstəqil Ofisin nümayəndəsi Amanda Rou isə bildirib ki, istintaq çərçivəsində polis əməkdaşlarının bədən kameralarının görüntüləri də daxil olmaqla mövcud sübutlar araşdırılıb. Hazırkı mərhələdə polis əməkdaşları şahid statusunda dindirilirlər və onların davranışı ilə bağlı hər hansı ittiham irəli sürülməyib.
Onun sözlərinə görə, qurumun araşdırması polis əməkdaşlarının hərəkətlərinə yönəlib, Böyük Mançester Polisi isə kişinin saxlanılmasında iştirak etmiş mülki şəxslərin davranışlarını ayrıca araşdırır. Həmçinin bildirilib ki, mərhumun ailəsi istintaqın gedişi barədə mütəmadi məlumatlandırılacaq.