#Hörmüz boğazı təhlükəsizliyi

Qırmızı dəniz və Babul-Məndəb boğazında son illər artan təhlükəsizlik riskləri təkcə Yaxın Şərq ölkələrinin deyil, qlobal iqtisadiyyatın da əsas problemlərindən birinə çevrilib. Husilərin ticarət gəmilərinə hücumları, enerji marşrutlarının təhlükə altına düşməsi və dəniz daşımalarının bahalaşması fonunda Səudiyyə Ərəbistanının təşəbbüsü ilə yeni çoxtərəfli dəniz müdafiə ittifaqının yaradılması istiqamətində proses sürətlənib.

İran və ABŞ arasında qarşıdurmanın yenidən kəskinləşməsi fonunda strateji diqqət nüvə proqramından Hörmüz boğazına yönəlib. Hazırkı mərhələdə əsas sual İranın uranı zənginləşdirib-zənginləşdirməyəcəyi deyil, Hörmüz boğazının beynəlxalq gəmiçilik üçün təhlükəsiz və fasiləsiz açıq qalıb-qalmayacağıdır. Münaqişənin əvvəlki mərhələsində diplomatik səylər İranın nüvə proqramı, uranın zənginləşdirilməsi səviyyəsi, beynəlxalq yoxlamalar, sanksiyaların yumşaldılması və Tehranın yeni məhdudiyyətləri qəbul edib-etməməsi ətrafında cəmləşirdi. Lakin hərbi əməliyyatların yenidən başlaması ilə strateji ağırlıq mərkəzi dəyişərək Hörmüz boğazına keçib.

İranın Rusiyadakı səfiri Kazım Cəlali strateji əhəmiyyətli Hörmüz boğazının gələcəyinin Tehran və Muskat tərəfindən müəyyən ediləcəyini bildirib. Boğaz açılacaq, lakin “yeni şərtlər” altında fəaliyyət göstərəcək. İran boğaz üzərində nəzarəti davam etdirəcəyini, ABŞ isə tranzit haqqını rədd edərək keçidin sərbəst və ödənişsiz olmasını tələb edib. Keçən həftə ABŞ Prezidenti Tramp Omanı bu məsələdə iştirak etməsi halında hədələyib, Oman isə yalnız beynəlxalq hüquqa uyğun danışıqlar apardığını açıqlayıb. Müzakirələr boğazın gələcək statusu və idarə mexanizmlərini əhatə edir və regional təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır.

Bəhreyn və ABŞ tərəfindən BMT Təhlükəsizlik Şurasına təqdim edilən Hörmüz boğazının yenidən açılmasına dair qətnamə layihəsinin qəbul olunması ehtimalı aşağıdır. Dəniz hüququ və hərbi məsələlər üzrə ekspert Alexandru Hudisteanu, qətnamənin çox güman ki, Çin və Rusiya tərəfindən veto ediləcəyini bildirib. Onun sözlərinə görə, bu ölkələr qətnamənin münaqişədə bütün tərəfləri nəzərə almadığını iddia edərək ona qarşı çıxacaqlar.

Səudiyyə Ərəbistanı bölgədə hərbi gərginliyin artması ilə bağlı xəbərdarlıq edib və diplomatik səylərin, xüsusilə Pakistanın vasitəçilik təşəbbüslərinin dəstəklənməsinə çağırış edib. Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi yaydığı bəyanatda bölgədə mövcud hərbi eskalasiyadan narahatlıq ifadə edərək, gərginliyin azaldılmasının və təmkinli davranışın vacibliyini vurğulayıb. Rəsmi Ər-Riyad mövcud vəziyyətin daha geniş regional sabitliyi təhlükə altına saldığını bildirib.

Rusiya ilə İran arasında son illərdə formalaşan münasibətlər təkcə hərbi əməkdaşlıq çərçivəsində izah olunmur. Əksinə, Moskvanın Tehrana verdiyi əsas dəstək silahdan daha çox siyasi, diplomatik və strateji xarakter daşıyır. Bu yanaşma xüsusilə Yaxın Şərqdə ABŞ və İsrail ilə gərginliyin artdığı bir dövrdə daha aydın görünür.