BAKI,VOA, Fərid Mikayılov
Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol Yaxın Şərqdəki münaqişənin dünya enerji bazarlarında tarixin ən böyük böhranlarından birini yaratdığını bildirib.
VOA xəbər verir ki, Birol aprelin enerji bazarları və qlobal iqtisadiyyat üçün mart ayından daha çətin keçəcəyini vurğulayıb.
O qeyd edib ki, mart ayında əvvəldən yüklənmiş enerji daşımaları həyata keçirilə bilsə də, apreldə yeni yükləmələr demək olar ki, dayanıb.
Qeyd olunub ki, hazırda gündəlik təxminən 13 milyon barel enerji təchizatı itirilib və bu rəqəmin daha da artması istisna edilmir.
Bildirilib ki, İran ətrafında baş verən münaqişə nəticəsində yaranan tədarük böhranı hələ neft qiymətlərində tam əksini tapmayıb və yaxın dövrdə qiymətlərin daha da yüksələcəyi gözlənilir.
Məlumata görə, regionda yerləşən 80-dən çox enerji obyektinin üçdə birindən çoxu ciddi zərər görüb və onların bərpası illər çəkə bilər.
Qeyd olunub ki, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı da vəziyyətlə bağlı risklərin artdığını bildirərək mümkün iqtisadi ssenarilər üzrə hazırlıqlarını davam etdirir.