#Fatih Birol

Avropa İttifaqında aviasiya yanacağı ilə bağlı mümkün çatışmazlıq yenidən narahatlıq doğurur. Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol daha əvvəl Avropanın məhdud yanacaq ehtiyatlarına diqqət çəkmişdi. Hazırda bazarda sabitlik qorunsa da, hava nəqliyyatına yüksək tələbatın ilin ikinci yarısında təchizat problemləri yarada biləcəyi bildirilir. Avropa Komissiyası vəziyyəti yaxından izlədiyini açıqlayıb. Energetika üzrə komissar Dan Yorgensen üzv ölkələrin zərurət yaranacağı təqdirdə milli ehtiyatlardan istifadə edə biləcəyini bildirib. O qeyd edib ki, Komissiya belə bir qərarın həyata keçirilməsində əlaqələndirici rol oynamağa hazırdır. Eyni zamanda, dünya enerji bazarlarında Brent markalı neftin qiymətinin 5 faizdən çox ucuzlaşması diqqət çəkib. Ekspertlər hesab edirlər ki, yanacaq bazarında baş verən dəyişikliklər yaxın aylarda Avropanın hava nəqliyyatı sektoruna birbaşa təsir göstərə bilər.

Fatih Birol İranla bağlı enerji böhranının qlobal elektrikləşməni sürətləndirəcəyini bildirib. O qeyd edib ki, ölkələr enerji strategiyalarını yenidən nəzərdən keçirir. Məqsəd enerji təhlükəsizliyini gücləndirmək və qiymət risklərini azaltmaqdır. Birol böhranın elektrikləşməyə əlavə təkan verəcəyini deyib. Qlobal enerji siyasətində dəyişikliklər gözlənilir.

Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol qlobal neft bazarının Hörmüz böhranı fonunda iyul və ya avqust aylarında “qırmızı zona”ya daxil ola biləcəyini xəbərdarlıq edib. Səbəb Yaxın Şərqdən ixrac həcmlərinin azalması və yay mövsümündə artan yanacaq tələbi ilə ehtiyatların tükənməsidir. Birol vəziyyətdən çıxış yolunu Hörmüz boğazının tam şəkildə açılmasında görür ki, bu su yolu müharibədən əvvəl dünya neft və qaz tədarükünün təxminən beşdəbirini təmin edirdi. IEA artıq mart ayında strateji ehtiyatlardan 400 milyon barel neftin bazara buraxılması barədə razılığa gəlmişdi, lakin bu ehtiyatlar tədricən azalır.

Beynəlxalq Enerji Agentliyi xəbər verir ki, ABŞ-İsrail gərginliyi və Hörmüz boğazının blokadası səbəbindən qlobal kommersiya neft ehtiyatları sürətlə azalır. Strateji ehtiyatların bazara buraxılması gündəlik neft təchizatını artırsa da, tələbat artımı ehtiyatların tükənməsini sürətləndirəcək.

“Boğazın bağlı qalması dünya bazarında neft tədarükü zəncirini qıraraq görünməmiş fəsadlara yol açır. Vəziyyət tələb edərsə, bazardakı kəsiri aradan qaldırmaq üçün strateji neft ehtiyatlarından daha böyük həcmdə istifadə edilə bilər. Lakin ehtiyatların sərbəst buraxılması üçün konkret bir qiymət həddi müəyyən edilməyib; bu, tamamilə tədarükün vəziyyətindən asılı olacaq ”-deyə o qeyd edib.