BAKI,VOA, Fərid Mikayılov
Şimali Koreya son iki gün ərzində ikinci dəfə çoxsaylı qısa mənzilli ballistik raketləri dəniz istiqamətində buraxıb.
VOA xəbər verir ki, raketlər Pxenyanın şərq sahilində yerləşən Vonsan bölgəsindən buraxılıb və təxminən 240 kilometr məsafə qət edərək ölkənin şərq sularına düşüb.
Bildirilib ki, Cənubi Koreya ordusu bu addımı növbəti təxribat kimi qiymətləndirib və ABŞ ilə hərbi ittifaq çərçivəsində cavab verməyə hazır olduqlarını açıqlayıb.
Qeyd olunur ki, Pxenyan son günlər ardıcıl raket buraxılışları ilə Seul ilə münasibətləri normallaşdırmaq niyyətində olmadığını açıq şəkildə nümayiş etdirir.
Eyni zamanda, Şimali Koreya rəsmiləri sərt bəyanatlarla çıxış edərək Cənubi Koreyanı “əsas düşmən” adlandırıb və mümkün təxribatlara cavab veriləcəyini vurğulayıblar.
Məlumata görə, bu sınaqlar 2026-cı ildə Pxenyan tərəfindən həyata keçirilən sayca dördüncü və beşinci ballistik raket buraxılışıdır.
Ekspertlər bildirir ki, ölkə paralel olaraq yeni nəsil, bərk yanacaqlı raket texnologiyalarını inkişaf etdirir və daha güclü, çoxbaşlıqlı raket sistemləri üzərində işləyir.