Bakı. AzerVoice:
Qazaxıstanın paytaxtı Astanada Suriya böhranının həlli üçün Türkiyə, Rusiya və İranın qarantiyası ilə qurulan Astana formatında Suriya danışıqlarının 21-cisi başlayıb.
AzerVoice-un məlumatına görə, Astanada başlayan danışıqlarda Türkiyəni xarici işlər nazirinin müavini Əhməd Yıldızın başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
Danışıqlarda Rusiyadan Prezident Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiyevin və İrandan Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə baş müşaviri Əli Əsgər Hacının başçılıq etdiyi nümayəndə heyətləri iştirak edir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Suriya üzrə xüsusi nümayəndəsinin müavini Nəcat Roçdinin qatıldığı danışıqlarda müşahidəçi statusuna malik İordaniya, İraq və Livan nümayəndə heyətləri də iştirak edib.
Astanada 21-ci dəfə keçirilən danışıqlar çərçivəsində Türkiyə nümayəndə heyəti, Rusiya və BMT nümayəndə heyətləri ilə ilk ikitərəfli görüşünü keçirib.
İki gün davam edəcək görüşlərdə nümayəndə heyətləri Suriya ətrafında regional vəziyyətin dəyişməsi, Suriyada hərtərəfli həll istiqamətində səylər, humanitar vəziyyət və Suriyanın yenidən qurulmasının asanlaşdırılması üçün beynəlxalq ictimaiyyətin səfərbər olunması kimi məsələləri müzakirə edəcəklər.
Bundan əlavə, Suriyada terrorla mübarizə, girovların azad edilməsi, itkin düşənlərin axtarışı kimi etimadın gücləndirilməsi tədbirləri müzakirə edilir.
Aytac Süleymanova
Twitter: a_alieva_