Bakı. AzerVoice:
Müharibə başlayandan bəri İsrail Qəzzada ən az səkkiz yardım karvanına hücum edib.
AzerVoice xəbər verir ki, bu barədə ABŞ-da yerləşən Human Rights Watch (HRW) beynəlxalq hüquq müdafiə təşkilatı açıqlayıb.
Məlumata əsasən, sözügedən səkkiz hücumda ikisi uşaq olmaqla azı 15 nəfərin öldüyü, 16 nəfərin yaralandığı bildirilib. Birləşmiş Millətlər Təşkilatının (BMT) aprelin 30-da açıqladığı məlumatlara görə, oktyabrın 7-də başlayan Qəzza müharibəsində həyatını itirən yardım işçilərinin sayı 250-ni keçib.
Xatırladaq ki, 2 aprel tarixində World Central Kitchen (WCK) xeyriyyə komandası yeddi üzvünün İsrailin Qəzzaya hücumu nəticəsində həlak olduğunu təsdiqləyib. Həlak olan yeddi yardım işçisi Avstraliya, Fələstin, Polşa, Böyük Britaniya, həmçinin ABŞ və Kanadanın ikili vətəndaşıdır.