BAKI,VOA Orxan Qədirzadə
Məkkəyə gedən yol əsrlər boyu sadəcə dini səfər deyil, ölüm, xəstəlik, susuzluq, quldurluq və siyasi qarşıdurmalarla müşayiət olunan təhlükəli sınaq hesab olunurdu.
Tarixi mənbələr və səyyah qeydləri göstərir ki, qədim dövrlərdə həcc ziyarəti insanların həyatını riskə atan ən ağır səfərlərdən biri olub. Müasir nəqliyyat, rabitə və təhlükəsizlik imkanlarının olmadığı əsrlərdə zəvvarlar aylarla davam edən səhralıq yollarını keçərək Məkkəyə çatmağa çalışır, onların bəziləri isə geri dönə bilmirdi.
Tarixdə “gedəni itkin, qayıdanı yenidən doğulmuş sayılan” həcc səfəri quldur hücumları, susuzluq, xəstəliklər, istilər və siyasi münaqişələrlə yadda qalıb.
Əndəluslu səyyah İbn Cübeyr hicri VI əsrdə Misir və Hicaz bölgəsində hakimiyyətdə olan Fatimilər dövləti dövründə zəvvarlardan ağır vergilər toplandığını yazırdı. Onun qeydlərinə görə, liman və keçid məntəqələrində həcc karvanlarından yüksək məbləğdə ödəniş tələb edilir, ödəyə bilməyənlər isə təhqir və işgəncəyə məruz qalırdı.
Tarixi mənbələrdə qeyd olunur ki, hər zəvvardan yeddi dinar yarım həcmində vergi alınırdı. Maddi imkanı olmayan şəxslər isə cəzalandırılırdı. Bu hallar xüsusilə Qırmızı dəniz sahillərində yerləşən keçid məntəqələrində geniş yayılmışdı.
Həcc yollarında ən böyük təhlükələrdən biri silahlı quldur dəstələri idi. XVIII əsrdə həcc səfərinə qatılmış britaniyalı səyyah Cozef Pitts Nil çayı üzərində zəvvar qayıqlarına hücum edən quldurlardan bəhs edərək yazırdı ki, quldurlar zəvvarların özləri ilə pul apardıqlarını bildikləri üçün onları xüsusi hədəfə çevirirdilər.
Orta əsr tarixçisi İbn əl-Cövzi isə bəzi illərdə Xorasan və İraqdan gələn həcc karvanlarının yolların təhlükəli olması səbəbindən ümumiyyətlə Məkkəyə çata bilmədiyini qeyd edirdi.
Tarixi qaynaqlarda hicri 982-ci ildə Mədinədən Məkkəyə gedən zəvvar karvanının silahlı hücuma məruz qalması nəticəsində çox sayda insanın öldürüldüyü, yaralandığı və qarət edildiyi bildirilir.
XVIII əsrdə yaşamış səyyah Əbu Bərəkat əs-Suveydi Mədinə yaxınlığındakı Əl-Ula bölgəsinin həcc yolu üzərində ən təhlükəli ərazilərdən biri hesab olunduğunu yazırdı. Onun sözlərinə görə, bəzi silahlı dəstələr xurma bağları və ağaclıqlarda gizlənərək tək hərəkət edən zəvvarları öldürür və mallarını talayırdılar.
XX əsrin əvvəllərində belə vəziyyət dəyişməmişdi. Hərbçi və səyyah Əbdüləziz Dövlətşin 1899-cu ildə həcc səfəri zamanı bədəvi hücumları barədə çoxsaylı xəbərlər eşitdiyini qeyd edirdi. O yazırdı ki, bəzi zəvvarlar öldürülür, digərlərinin pulları əlindən alınırdı.
Dəməşqli alim Məhəmməd Bəhcət əl-Bitar isə 1910-cu ildə Hicaza səfəri zamanı soyğunçuların hücumuna məruz qaldığını, bütün pul və geyimlərini itirdiyini yazmışdı.
Zəvvarların qarşılaşdığı digər böyük problem su qıtlığı idi. XIII əsrdə yaşamış səyyah İbn Rəşid əl-Fihri Təbuk ilə Əl-Ula arasındakı yolun son dərəcə çətin və susuz olduğunu bildirirdi. Onun sözlərinə görə, bu marşrutda yerləşən quyular karvanların ehtiyacını ödəmədiyi üçün çox sayda insan susuzluqdan həyatını itirirdi.
Tarixi mənbələrdə qeyd olunur ki, 781-ci ildə zəvvarlar arasında susuzluq o həddə çatmışdı ki, insanlar kütləvi şəkildə ölüm təhlükəsi ilə üzləşmişdi.
Səhranın yandırıcı istiləri də həcc yollarında ölüm hallarının əsas səbəblərindən biri idi. XI əsrdə yaşamış səyyah Əyyaşi Dəməşqdən gələn zəvvarların böyük istilər səbəbindən yolda kütləvi şəkildə öldüyünü yazırdı.
Britaniyalı səyyah Riçard Börton isə 1853-cü ildə Məkkə və Mədinəyə gizli səfəri zamanı səhrada əsən yandırıcı küləklərin insanları aqressivləşdirdiyini, hətta zəvvarlar arasında ölümcül davalara səbəb olduğunu qeyd etmişdi.
Tarixi qeydlərə görə, Misirdən gələn zəvvarların səfəri yalnız gediş istiqamətində təxminən 40 gün çəkirdi. Mərakeş, Qərbi Afrika, Hindistan və Cənub-Şərqi Asiyadan gələnlər isə aylarla yolda qalırdı.
Həcc təhlükələri yalnız yollarla məhdudlaşmırdı. Məkkənin özündə də siyasi və hərbi qarşıdurmalar baş verirdi. Ən qanlı hadisələrdən biri hicri 317-ci ildə Qərmətilər tərəfindən Məkkəyə edilən hücum hesab olunur.
Tarixi mənbələrə görə, həmin hücum zamanı təxminən 30 min zəvvar və Məkkə sakini öldürülmüş, Kəbənin qapısı sökülmüş, Həcərül-Əsvəd daşı isə oğurlanaraq uzun illər aparılmışdı.
Sonrakı əsrlərdə də müxtəlif müsəlman dövlətləri və yerli hakimlər arasında həcc mövsümündə silahlı qarşıdurmalar yaşanırdı. Məkkədə zəvvar karvanlarını müşayiət edən qoşunlar arasında baş verən toqquşmalar nəticəsində çox sayda insan həyatını itirirdi.
Tarixi mənbələrdə 1342-ci ildə Məkkə hakimləri ilə Misirdən gələn məmlük qüvvələri arasında baş vermiş qarşıdurma səbəbindən zəvvarların qorxu içində həcc mərasimlərini yarımçıq qoyduğu qeyd olunur. Həmin il tarixdə “zülmət ili” kimi yadda qalıb.
Yoluxucu xəstəliklər də həcc səfərlərinin ən ağır faciələrindən biri idi. O dövrlərdə sanitariya və karantin sistemi zəif olduğundan taun və vəba kimi xəstəliklər sürətlə yayılırdı.
1812-ci ildə Osmanlı hakimiyyəti zəvvarlar üçün karantin məntəqəsi yaratmağa çalışsa da, bu təşəbbüsə qarşı çıxan dəvə sahibləri və daşıyıcılar xəstəxanaya hücum edərək onu dağıtmışdılar.
1892-ci ildə isə vəba epidemiyası həcc mövsümünə təsadüf etmiş, xüsusilə Ərəfat və Mina bölgələrində minlərlə insan həyatını itirmişdi. Tarixi mənbələrdə ölən insanların dəfninə belə vaxt çatmadığı bildirilir.
Tarixçilərin fikrincə, müasir dövrdə həcc ziyarətində təmin edilən təhlükəsizlik, səhiyyə və nəqliyyat imkanları keçmiş əsrlərlə müqayisədə zəvvarların üzləşdiyi riskləri böyük ölçüdə azaldıb.