BAKI,VOA, Orxan Qədirzadə
Səlahəddin Əyyubi səlibçi şahzadəni agentə çevirir, quldur dəstələrini səfərbər edir, qadın casuslardan istifadə edir, hətta təhlükəsizlik məqsədilə quşlardan yararlanırdı… Bütün bunlar İslam dövlətlərində əsrlər boyu formalaşmış mürəkkəb kəşfiyyat sisteminin bir hissəsi idi.
“Qapımda elə dörd nəfərin olmasına ehtiyacım var idi ki, onlardan daha təmiz və etibarlısı tapılmazdı… Onlar dövlətin sütunlarıdır və dövlət yalnız onlarla ayaqda qala bilər: biri Allah yolunda heç kimin qınağından çəkinməyən qazı (ədliyyə naziri), digəri güclünün əlindən zəifin haqqını alan polis rəisi (daxili işlər naziri), üçüncüsü xalqı zülmə məruz qoymadan vergiləri toplayan xəzinədar (maliyyə naziri), dördüncüsü isə poçt rəhbəri (kəşfiyyat rəhbəri) olmalıdır ki, onların fəaliyyəti barədə mənə düzgün məlumat çatdırsın”.
Tarixçilərin şeyxi sayılan imam Məhəmməd ibn Cərir ət-Təbəri “Tarix” əsərində bu sözləri Abbasilər dövlətinin həqiqi qurucusu hesab edilən xəlifə Əbu Cəfər əl-Mənsura aid edir. Bu fikir İslam dövlətində institusional düşüncənin nə qədər mürəkkəb və inkişaf etmiş olduğunu göstərir. Xüsusilə bu gün “strateji nazirliklər” adlandırılan ədliyyə, təhlükəsizlik, iqtisadiyyat və informasiya sahələrinin necə sistemli şəkildə qurulduğunu ortaya qoyur. Eyni zamanda bir çoxlarının düşündüyünün əksinə olaraq, İslam dövlətində idarəetmənin yüksək təşkilati bölgü və dəqiq funksional səlahiyyət prinsipləri əsasında qurulduğunu nümayiş etdirir.
Əslində, məlumat toplama sistemi yaratmaq İslam dövlətinin tarixində təbii bir zərurət idi. Çünki bu dövlət tarix boyu davamlı şəkildə rəqib güclərlə qarşıdurma şəraitində olmuş, xarici düşmənlər və daxildəki casuslar vasitəsilə sarsıdılmağa çalışılmışdı. Buna görə də İslam dövlətləri “qaranlıq kəşfiyyat dünyası”nın yollarına baş vurmağa məcbur olmuşdu. Çünki bu sistem dövlət idarəçiliyinin “dərin ağlı” hesab edilirdi. Tarixi araşdırdıqda görünür ki, İslam kəşfiyyat sistemi əsrlər boyu inkişaf etmiş, peşəkar təcrübə və metodlarla zənginləşmişdir.
“Divanül-xəbər” adlandırılan kəşfiyyat qurumu – bugünkü ifadə ilə Baş Kəşfiyyat İdarəsi – İslam dövlətində son dərəcə mühüm mövqeyə malik idi. Onun vəzifələri həm həssas, həm də həyati əhəmiyyət daşıyırdı. Buna görə də bu qurumun bəzi rəhbərlərinə “Dövlətin ən təhlükəli adamı” titulu verilirdi. Səlahiyyətin əhəmiyyəti o qədər böyük idi ki, hökmdarlar bu vəzifəyə yalnız savadlı, etibarlı və zəkalı şəxsləri təyin edirdilər. Tarixdə bu postu tutanlar arasında alimlər, ədiblər və tanınmış ziyalılar da olub. Hətta bəzən bu vəzifə ailə daxilində irsi şəkildə ötürülürdü ki, dövlət təhlükəsizliyinə cavabdeh olan bu həssas sistemdə ənənə və sabitlik qorunsun.
Tarixi mənbələrə görə, “Divanül-xəbər”in əsas fəaliyyət istiqamətləri dörd sahəni əhatə edirdi:
– Dövlət vilayətlərində baş verən mühüm hadisələri və ümumi vəziyyəti izləmək;
– Yüksək vəzifəli məmurların sədaqətini və dürüstlüyünü yoxlamaq;
– Müxalifləri, etirazçıları və potensial üsyançıları izləmək;
– Xarici düşmənlər barədə məlumat toplamaq.
Bu vəzifələrə uyğun olaraq kəşfiyyatın müxtəlif şöbələri formalaşmışdı. Mülki bölməyə ümumi olaraq “sahibül-xəbər”, hərbi bölməyə isə “sahibü xəbəri-l-əsgər” deyilirdi. Əyyubilər və Məmlüklər dövründə hərbi kəşfiyyat “Yəzək” adı ilə tanınmağa başladı.
Diqqətçəkən məqamlardan biri də budur ki, bütün güc və peşəkarlığına baxmayaraq, bu qurumların fəaliyyəti əsasən dövlətin qorunmasına və rəqiblərlə mübarizəyə yönəlirdi. Müasir dövrdə olduğu kimi insanların şəxsi həyatına həddindən artıq müdaxilə etmək, hər nəfəsi izləmək və düşüncələri boğmaq funksiyası əsas fəaliyyət istiqaməti deyildi.
İlk təhlükəsizlik toxumları
Məhəmməd peyğəmbər və Raşidi xəlifələr dövründə tam təşkilatlanmış təhlükəsizlik qurumu mövcud olmasa da, həmin dövrdə casusluq və əks-kəşfiyyat fəaliyyəti geniş yayılmışdı. Məkkə dövründə müşriklər peyğəmbərin fəaliyyətini izləyir, məlumatları düşmənlərə ötürürdülər.
Tarixçi Sibt ibn əl-Cövzi “Mirətüz-zəman” əsərində yazır ki, “Həkəm ibn Əbil-As peyğəmbərin fəaliyyətini izləyir və xəbərləri kafirlərə çatdırırdı”.
Müsəlmanlar Mədinəyə hicrət etdikdən sonra isə vəziyyət daha da mürəkkəbləşdi. Şəhərdəki yəhudi qəbilələri və Qureyş tayfası birlikdə müsəlmanlara qarşı casusluq fəaliyyəti aparırdı. Tarixçi Əhməd əl-Bəlazuri “Ənsabül-əşraf” əsərində yazır ki, Malik ibn Əbi Qavqal zahirdə müsəlman kimi görünür, əslində isə peyğəmbərin xəbərlərini yəhudilərə ötürürdü.
Bu casusluq fəaliyyətləri müsəlmanlara ağır itkilər yaşatmışdı. Hətta bir dəfə Bəni Süleym qəbiləsinə göndərilən müsəlman dəstəsinin planı düşmən casusu vasitəsilə ifşa edilmiş və dəstə pusquya salınmışdı.
Peyğəmbərin özünün də gizli məlumat toplayan adamları var idi. Səhih əl-Buxaridə qeyd olunur ki, o, bir dəfə ümrəyə gedərkən Xüzaə qəbiləsindən olan casusunu yol məlumatı toplamaq üçün qabaqcadan göndərmişdi. Həmin casus Qureyşin müharibəyə hazırlaşdığı barədə ona dəqiq məlumat çatdırmışdı.
Peyğəmbər düşmən casuslarına qarşı sərt davranırdı. “Səhih əl-Buxari”də qeyd edilir ki, müşriklərdən bir casus müsəlmanların düşərgəsinə gəlmişdi. O gizlicə çıxmağa çalışarkən peyğəmbər: “Onu tutun və öldürün”, – deyə əmr vermiş, nəticədə Sələmə ibn Əkvə onu öldürmüşdü.
Əməvilər dövründə sistemli kəşfiyyat
Müasir mənada təşkilatlanmış təhlükəsizlik sistemi ilk dəfə Əməvilər dövründə formalaşdı. Bu sistemin əsasında “Bərid” – yəni poçt və xəbər şəbəkəsi dayanırdı. Tarixçi Əbu Hilal əl-Əskəri “əl-Əvail” əsərində yazır ki, İslam tarixində poçt sistemini ilk quran Müaviyə ibn Əbu Süfyan olmuş, onu daha da inkişaf etdirən isə Əbdülməlik ibn Mərvan idi.
Poçt rəhbəri faktiki olaraq kəşfiyyat rəisi funksiyasını yerinə yetirirdi. O dövrdə “sahibül-bərid” və “sahibül-xəbər” anlayışları eyni məna daşıyırdı.
Poçt sistemi vasitəsilə ölkənin müxtəlif bölgələrində yerləşən məlumat şəbəkələri mərkəzə xəbər ötürürdü. Yol boyunca hər 22 kilometrdən bir “bərid məntəqələri” yerləşirdi. Burada atlar dəyişdirilir, hesabatlar növbəti əməkdaşa ötürülürdü.
Tarixi mənbələr göstərir ki, müsəlmanlar bu sistemi əsasən Sasani imperiyasından götürmüşdülər.
Abbasilər dövründə böyük sıçrayış
Abbasilər xilafəti dövründə kəşfiyyat sistemi daha da gücləndi. Abbasilər hakimiyyətə silahlı üsyan nəticəsində gəldikləri üçün gizli fəaliyyətin əhəmiyyətini yaxşı anlayırdılar.
Mənbələrdə qeyd edilir ki, xəlifə əl-Məmun kəşfiyyat sisteminə 4 min dəvə ayırmışdı. Bu dəvələr vasitəsilə imperiyanın hər yerindən məlumat toplanırdı və xəlifə bir gün ərzində dünyanın müxtəlif bölgələrində baş verən hadisələrdən xəbər tuturdu.
Tarixçilər yazırlar ki, Məmunun “hər şey üzrə məlumat verən adamı” vardı. Dövlətin bütün sahələri izlənilir və xəlifəyə hesabat təqdim olunurdu.
Səlahəddinin səlibçilərə qarşı casus şəbəkəsi
İslam kəşfiyyat tarixinin ən maraqlı səhifələrindən biri Səlahəddin Əyyubinin səlibçilərə qarşı qurduğu casus şəbəkəsidir.
Tarixçi Əbu Şamə əl-Məqdisi “ər-Ravzəteyn” əsərində yazır ki, Səlahəddin Antakya knyazı III Bohemondun həyat yoldaşı Sibillanı özünə agent kimi cəlb etmişdi.
Sibilla səlibçilərin bütün gizli planlarını Səlahəddinə çatdırırdı. Əvəzində isə Səlahəddin ona qiymətli hədiyyələr göndərir, hətta əsir düşən qohumlarını azad edirdi. Bu əməkdaşlıq nəticəsində müsəlmanlar səlibçilərin planlarından vaxtında xəbər tuturdular.
Qadın casuslar və şifrəli siqnallar
Əyyubilər dövründə qadın casuslardan daha geniş istifadə olunurdu. Əl-Muəzzəm İsa səlibçi qadınları məlumat şəbəkəsinə cəlb etmişdi.
Mənbələrə görə, Akka şəhərində yaşayan qadın casuslar gecə vaxtı şamlarla siqnal verirdilər. Əgər 100 süvari hərəkət edirdisə bir şam, 200 süvari üçün iki şam yandırılırdı. Hücum istiqaməti isə işarələrlə göstərilirdi. Bu üsul vasitəsilə müsəlman ordusu səlibçilərin hücumundan əvvəl hazırlıq görürdü.
Quldurların kəşfiyyata cəlb edilməsi
Səlahəddin yalnız aristokratları və casusları deyil, quldur dəstələrini də hərbi kəşfiyyata cəlb etmişdi. Tarixçi Bəhaəddin ibn Şəddad yazır ki, Səlahəddin 300 ərəb quldurunu öz xidmətinə götürmüşdü.
Onlar səlibçi düşərgələrinə gizlicə daxil olur, atları və pulları oğurlayır, hətta gecə vaxtı bəzi əsgərləri qaçıraraq müsəlman düşərgəsinə gətirirdilər.
Göyərçinlər və “hava poçtu”
İslam dövlətləri məlumat ötürmək üçün göyərçinlərdən də istifadə edirdilər. Bu quşlar “risalə göyərçinləri” və ya “məktub quşları” adlanırdı.
Tarixçi Əhməd əl-Qəlqəşəndi yazır ki, məlumat iki nüsxədə hazırlanır, göyərçinin qanadına bağlanırdı. Quşlar xüsusi qüllələr arasında uçur, hər qüllədə məktub başqa göyərçinə ötürülürdü. Beləliklə məlumat Qahirədəki qala mərkəzinə qədər çatdırılırdı.
Müəllimlər və qadınlar da agent idi
Kəşfiyyat şəbəkəsi cəmiyyətin bütün təbəqələrinə yayılmışdı. Məktəb müəllimləri əsgər uşaqlarından ailələri haqqında məlumat öyrənir və bunu “Divanül-bərid”ə göndərirdilər.
Qadın casuslar isə evlərə sərbəst daxil olduqları üçün xüsusilə qiymətli hesab edilirdi. Bəzi bərbər qadınlar, xidmətçilər və satıcılar gizli şəkildə dövlət üçün işləyirdilər.
Tarixi mənbələrdə qeyd olunur ki, Əbu Cəfər əl-Mənsur bir qadın casus vasitəsilə Məhəmməd ən-Nəfsüz-Zəkiyyənin tərəfdarları barədə mühüm məlumat əldə etmişdi.
Dövlət içində dövlət
“Divanül-xəbər” rəhbərləri geniş səlahiyyətlərə malik idi. Onlar evlərdə axtarış aparır, yüksək vəzifəli şəxsləri izləyir, hətta bir-birlərinə nəzarət edən çoxpilləli casus şəbəkələri yaradırdılar.
Bəzi tarixçilər qeyd edir ki, Abbasi xəlifəsi ən-Nasir Lidinillah dövründə insanlar evlərində belə ehtiyatla danışırdılar. Çünki hər yerdə məlumat verən şəxslərin olduğu düşünülürdü.