Küveyt Mülki Aviasiya Qurumundan verilən rəsmi bəyanata görə, ölkənin əsas hava qapısı olan Küveyt Beynəlxalq Hava Limanı pilotsuz uçuş aparatları (PUA) tərəfindən hədəf alınıb. Hücum nəticəsində hava limanının fəaliyyəti üçün kritik əhəmiyyət kəsb edən infrastruktur zərər görüb. Bəyanatda vurğulanır ki, partlayışlar nəticəsində hava limanındakı radar sistemlərinə ciddi zərər dəyib. Bu zədələnmənin uçuşların təhlükəsizliyinə və naviqasiya xidmətlərinə necə təsir edəcəyi barədə texniki araşdırmalar aparılır. Hazırda hava limanında uçuşların dayandırılıb-dayandırılmaması ilə bağlı rəsmi qərar gözlənilir.
Yaxın Şərq
Əbu-Dabi Hökumətinin Media Ofisindən verilən rəsmi məlumata görə, ölkənin hava hücumundan müdafiə sistemləri paytaxta yönələn ballistik raketi uğurla zərərsizləşdirib. Lakin raketin vurulması zamanı yerə düşən qəlpələr Əbu-Dabi Xəlifə İqtisadi Bölgəsində (KEZAD) yanğınların çıxmasına və mülki şəxslərin yaralanmasına yol açıb.
Omanın rəsmi xəbər agentliyi ONA-nın verdiyi məlumata görə, ölkənin strateji əhəmiyyətli Salala limanı pilotsuz uçuş aparatları (PUA) tərəfindən hədəf alınıb. Təhlükəsizlik mənbələrinə istinadən yayılan xəbərdə liman ərazisinə 2 PUA-nın düşdüyü bildirilir. Hadisə nəticəsində limanda çalışan xarici işçilərdən birinin orta dərəcəli xəsarət aldığı, həmçinin liman qurğularına aid kranlardan birində məhdud həcmdə maddi ziyan yarandığı qeyd olunub.
ABŞ-ın dövlət katibi Marko Rubio Böyük Yeddilər (G7) qrupundakı həmkarları ilə keçirdiyi görüşdə İranla bağlı strateji məqamları açıqlayıb. VOA xəbər verir ki, Rubio müttəfiqlərinə Vaşinqtonun hərbi və siyasi təzyiqlər vasitəsilə öz hədəflərinə nail olmaq üzrə olduğunu vurğulayıb.
Küveyt və Səudiyyə Ərəbistanına hava hücumları həyata keçirildiyi bildirilib. Küveytin şimal-qərbində yerləşən Bubiyan adasındakı Mübarək əl-Kəbir limanı pilotsuz uçuş aparatları (PUA) və qanadlı raketlərlə hədəfə alınıb. Digər tərəfdən, Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi paytaxt Ər-Riyad bölgəsinə 6 ballistik raketin buraxıldığını açıqlayıb. Bildirilib ki, raketlərdən ikisi hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Səudiyyə Ərəbistanı cümə günü Livandakı vətəndaşlarına müraciət edərək, bu ölkədəki mövcud vəziyyəti nəzərə alaraq onları ərazini dərhal tərk etməyə çağırıb.VOA xəbər verir ki, Səudiyyə Ərəbistanının Beyrutdakı səfirliyi vətəndaşlardan Livana səfər qadağası qərarına ciddi şəkildə əməl etmələrini tələb edib. Diplomatik nümayəndəlik hazırda Livan Respublikasında olan vətəndaşları baş verən hadisələrin fəsadlarını və təhlükəsizlik risklərini nəzərə alaraq ölkəni təcili şəkildə tərk etməyə səsləyib.
Səudiyyə Ərəbistanının vəliəhdi, Baş nazir Şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Ukrayna Prezidenti Volodimir Zelenski ilə regional və beynəlxalq prosesləri müzakirə edib. Görüşün əsas mövzusunu Yaxın Şərqdəki hərbi eskalasiya və Ukrayna böhranındakı son vəziyyət təşkil edib.
2026-cı ilin əvvəllərində Ərəb körfəzinin səmasını işıqlandıran hərbi parıltılar sadəcə taktiki zərbələr deyil, eyni zamanda struktur maliyyə transformasiyasının erkən xəbərdarlıq siqnallarıdır. Ağ Ev "Epik Qəzəb" (Epic Fury) əməliyyatını zəruri təhlükəsizlik müdaxiləsi kimi qələmə verməyə çalışsa da, tənqidi analitik qeydlər göstərir ki, baş verənlər "petrodollar müharibəsi" nəzəriyyəsinin ən son fəslidir. Artıq əlli ildən çoxdur ki, ABŞ dollarının qlobal hegemonluğu yazılmamış tək bir qaydaya söykənir: neft dollarla ticarət edilməlidir. Bu gün bir çox ölkənin enerji axını ilə ABŞ valyutası arasındakı tarixi bağlılığı qırmaq cəhdləri fonunda bu qayda özünün ən sərt sınağı ilə üz-üzədir.
Dünya Bankı Qrupu Yaxın Şərqdə davam edən hərbi münaqişənin yaratdığı ağır iqtisadi fəsadları aradan qaldırmaq üçün genişmiqyaslı dəstək paketi elan edib. Bankın rəsmi bəyanatında bildirilir ki, inkişaf etməkdə olan ölkələrin hökumətlərini, özəl sektoru və ev təsərrüfatlarını qorumaq üçün qurumun sərəncamındakı bütün maliyyə alətlərindən istifadə olunacaq.
İsrail Ordusunun (SAXAL) Baş qərargah rəisi Eyal Zamir hərbi kabinetin iclasında ordunun iflic vəziyyətinə düşdüyü barədə dramatik bəyanatla çıxış edib. O, davam edən intensiv müharibələr, İordan çayının qərb sahilində yeni salınan yəhudi məskunlaşma məntəqələrinin mühafizəsi üçün artan tələblər və ultra-ortodoks yəhudilərin hərbi xidmətə cəlb olunmaması səbəbindən ordunun "öz üzərinə çökəcəyi" barədə xəbərdarlıq edib.
Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Baş katibi Casem Albudayvi Ər-Riyadda xarici diplomatlarla keçirilən görüşdə İran ilə ABŞ və İsrail arasında yaşanan böhranın həlli istiqamətində aparılan danışıqlarda Körfəz dövlətlərinin mütləq iştirak etməli olduğunu bəyan edib. Albudayvi vurğulayıb ki, Körfəz ölkələri münaqişədən sonra Yaxın Şərqin xəritəsini yenidən cızmaq məqsədi daşıyan istənilən gizli sövdələşməni və ya birtərəfli tənzimləməni qətiyyətlə rədd edir.
İsrailin siyasi və hərbi dairələrində ABŞ Prezidenti Donald Trampın İran rejiminin danışıqlar masasına oturması və Hörmüz boğazının açılması üçün verdiyi beş günlük möhlətin sonunda müvəqqəti atəşkəs elan edəcəyi barədə gözləntilər kəskin artıb. İsrailin "Kanal 12" televiziyasının yaydığı məlumata görə, rəsmi Təl-Əviv Vaşinqtonun "əyləcə basmasından" əvvəl hərbi nailiyyətləri maksimuma çatdırmaq üçün strateji hədəflər siyahısını yeniləyib.