BAKI, VOA, Orxan Qədirzadə
Dünya Bankı Qrupu Yaxın Şərqdə davam edən hərbi münaqişənin yaratdığı ağır iqtisadi fəsadları aradan qaldırmaq üçün genişmiqyaslı dəstək paketi elan edib. Bankın rəsmi bəyanatında bildirilir ki, inkişaf etməkdə olan ölkələrin hökumətlərini, özəl sektoru və ev təsərrüfatlarını qorumaq üçün qurumun sərəncamındakı bütün maliyyə alətlərindən istifadə olunacaq.
VOA xəbər verir ki, müharibənin logistik zəncirləri və xammal qiymətlərini alt-üst etməsi bir çox ölkənin artıq Dünya Bankına rəsmi müraciət etməsinə səbəb olub.
Dünya Bankının hesabatına görə, hərbi əməliyyatların başladığı fevral ayından martın sonuna qədər olan qısa müddətdə strateji məhsulların qiymətində kəskin artım qeydə alınıb:
Asiya bazarlarına çatdırılan LNG-nin qiyməti üçdə iki nisbətində yüksəlib.
Azot əsaslı gübrələrin qiyməti yalnız mart ayı ərzində 50% bahalaşıb.
Nəqliyyat marşrutlarındakı (xüsusilə Hörmüz boğazı və Qırmızı dəniz) axsamalar daşınma xərclərini artırmaqla yanaşı, enerjidən kənd təsərrüfatına qədər bütün zəncirvari sahələrdə tədarük risklərini artırıb.
Dünya Bankı Qrupu krizisdən ən çox təsirlənən ölkələrdə artımı və məşğulluğu qorumaq üçün böyük miqyasda maliyyə yardımı göstərməyə hazır olduğunu bəyan edib. Bankın dəstək strategiyası aşağıdakı əsas istiqamətləri əhatə edir:
Mövcud portfellər və krizisə reaksiya mexanizmləri vasitəsilə dərhal vəsait ayrılması.
Şirkətlərə ticarət maliyyəsi və dövriyyə kapitalı təmin etmək üçün Bankın özəl sektor qolları (IFC) vasitəsilə dəstək verilməsi.
Ölkələrin iqtisadi tənəzzüldən çıxması üçün yeni makroiqtisadi siyasətlərin hazırlanması.
Dünya Bankasından verilən açıqlamada vurğulanıb ki, hərbi münaqişə nə qədər uzun çəkərsə və kritik infrastruktura nə qədər çox zərər dəyərsə, müştəri ölkələr üçün vəziyyət bir o qədər ağırlaşacaq. Bank rəsmiləri müharibənin təsirlərinin hələ tam miqyasda proqnozlaşdırılmasının çətin olduğunu, lakin ölkələrin son illərdə qazandığı iqtisadi nailiyyətləri qorumaq üçün hər cür səy göstərəcəklərini qeyd ediblər.