BAKI,VOA,Yusif Şərifzadə
İsrailin ifrat sağçı Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir İsrail qüvvələrinin müşayiəti ilə Qüdsdə yerləşən Əl-Əqsa məscidi kompleksinə daxil olub.
VOA xəbər verir ki, Fələstinin “WAFA” xəbər agentliyinin məlumatına görə, Ben-Qvir məscidin həyətlərində yəhudi dini ayinləri həyata keçirib.
Hadisə Qüdsün Köhnə şəhərində yerləşən Əl-Əqsa məscidi ətrafında gərginliyin davam etdiyi bir vaxtda baş verib. Fələstin tərəfi bu cür addımları müqəddəs məkanın mövcud status-kvosunun pozulması kimi qiymətləndirir.
Ben-Qvir daha əvvəl də Əl-Əqsa məscidi kompleksinə səfərləri ilə bağlı mübahisələrə səbəb olub. Onun bu cür addımları Fələstin rəsmiləri və müxtəlif beynəlxalq dairələr tərəfindən tənqid edilib.
Əl-Əqsa məscidi müsəlmanlar üçün ən müqəddəs məkanlardan biri hesab olunur və onun ətrafındakı vəziyyət İsrail–Fələstin münaqişəsində ən həssas məsələlərdən biri olaraq qalır.