BAKI,VOA, Orxan Qədirzadə
İsrail ordusunun İordan çayının qərb sahilində keçirdiyi əməliyyatlar zamanı bir nəfər həyatını itirib, onlarla şəxs saxlanılıb.
VOA xəbər verir ki, səhər saatlarında Ramallah yaxınlığındakı Səlvad qəsəbəsində keçirilən əməliyyat zamanı 37 yaşlı Əbdülhəlim Ruhi Həmmad güllələnərək öldürülüb.
Yerli mənbələrin məlumatına görə, İsrail qüvvələri yaşayış evinə daxil olduqdan sonra yaralı vəziyyətdə saxlanılan şəxs daha sonra ölü elan edilib. Hadisə zamanı mərhumun atası da saxlanılıb, lakin sonradan azadlığa buraxılıb.
İsrail ordusu isə əməliyyat zamanı iki hərbçisinin yaralandığını açıqlayıb.
Əməliyyatlar bununla məhdudlaşmayıb. Xəlil şəhəri yaxınlığındakı Əl-Ərub düşərgəsində baş verən qarşıdurmalar zamanı bir gənc ayağından güllə yarası alıb, bir nəfər isə saxlanılıb.
Məlumata əsasən, İsrail qüvvələri qarşıdurmalar zamanı canlı güllələr və səs bombalarından istifadə edib. Yaralı şəxs Beytüllahim şəhərində xəstəxanaya yerləşdirilib və vəziyyətinin orta ağır olduğu bildirilib.
Eyni zamanda Xəlilin Beyt Ümmər qəsəbəsində azı 8 nəfərin saxlanıldığı qeyd olunur. Bölgədə bir sıra hərbi nəzarət-buraxılış məntəqələri qurulub, yollar bağlanıb.
Beytüllahim şəhərində də əməliyyatlar keçirilib. İsrail qüvvələri bir neçə yaşayış məntəqəsinə daxil olaraq iki gənci saxlayıb.
Ramallahın qərbində yerləşən Deyr İbzi kəndində isə 21 yaşlı Basil İbrahim Mənsur evində keçirilən axtarışdan sonra saxlanılıb.
Cenin vilayətinin Qabatiyə qəsəbəsində gecə saatlarında həyata keçirilən reydlər zamanı bir sıra evlərə basqın edilib, gənclər saxlanılaraq sorğu-sual olunub.
Gərginlik səbəbindən Cənubi Cenin Təhsil İdarəsi Qabatiyədə məktəblərdə dərslərin dayandırılması barədə qərar verib. İmtahanların isə növbəti günə keçirildiyi bildirilib.
Rəsmi Fələstin mənbələrinin məlumatına görə, 2023-cü ilin oktyabrından bu yana İordan çayının qərb sahilində baş verən hadisələr nəticəsində 1150-dən çox fələstinli həyatını itirib, 11 mindən artıq şəxs yaralanıb, təxminən 22 min nəfər saxlanılıb.