Xəbər lenti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də bp şirkətinin baş icraçı direktoru Meq O’Nili qəbul edib. Prezident İlham Əliyev Meq O’Nili bp şirkətinin baş icraçı direktoru vəzifəsinə təyin olunması münasibəti ilə təbrik etdi, onun rəhbərliyi ilə SOCAR-bp uğurlu əməkdaşlığının gələcəkdə də davam edəcəyinə əminliyini bildirdi. Prezident İlham Əliyev ölkəmizlə bp arasında 30 ildən artıqdır ki, nadir tərəfdaşlıq tarixçəsinin olduğunu dedi. Dövlətimizin başçısı vurğuladı ki, bu müddətdə həyata keçirilmiş bütün layihələrdən əldə edilən gəlir əsasən Azərbaycanın sosial-iqtisadi inkişafı üçün istifadə olunub.

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rızai ölkəsinin yenidən hücuma məruz qalacağı təqdirdə uranı 90 faiz zənginləşdirmə variantını nəzərdən keçirə biləcəyini bildirib. Rızai sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bu məsələnin parlamentdə müzakirəyə çıxarıla biləcəyini qeyd edib.

İsrail Knesseti 2023-cü il 7 oktyabr hücumlarında iştirakda ittiham olunan fələstinlilərin mühakiməsi üçün xüsusi tribunalın yaradılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Məlumata görə, qanun layihəsi 120 yerlik parlamentdə 93 səslə qəbul olunub. Səsvermədə əleyhinə səs verən olmayıb, qalan deputatlar isə ya iclasda iştirak etməyib, ya da bitərəf qalıb.

Kir Starmer Böyük Britaniyada artan istefa çağırışları fonunda kritik kabinet toplantısı öncəsi hökumət üzvləri ilə məsləhətləşmələr aparır. Məlumata görə, baş nazir postunda iki ildən az müddətdir fəaliyyət göstərən Starmer son yerli seçkilərdə Leyborist Partiyasının ağır məğlubiyyətindən sonra partiya daxilində ciddi təzyiqlə qarşılaşıb.

Pakistan Xarici İşlər Nazirliyi İran hərbi təyyarələri ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Məlumata görə, Pakistan Xarici İşlər Nazirliyi bu məlumatları “yanıltıcı və sensasiya xarakterli” adlandırıb. Bildirilib ki, İran təyyarələri atəşkəs dövründə Pakistana gəlib və onların hər hansı hərbi əməliyyat və ya müdafiə planı ilə əlaqəsi yoxdur.

ABŞ administrasiyasının Qrenlandiyada hərbi mövcudluğunu genişləndirmək planı ilə bağlı yeni məlumatlar yayılıb. Məlumata görə, ABŞ adanın cənubunda üç yeni hərbi obyekt açmağı planlaşdırır. Yeni bazaların əsas məqsədinin Rusiya və Çinin Şimali Atlantikdəki fəaliyyətini izləmək olduğu bildirilir.

Keniyanın paytaxtı Nayrobidə keçirilən “Afrika İrəli” sammiti Fransanın Afrikadakı zəifləyən təsirini yenidən formalaşdırmaq cəhdi kimi qiymətləndirilir. Fransa prezidenti Emmanuel Makron və Keniya prezidenti Uilyam Ruto tərəfindən açılışı edilən sammit Fransa-Afrika münasibətlərində yeni mərhələ kimi təqdim olunur. Bu tədbir həm də Fransanın ingilisdilli Afrika ölkəsində təşkil etdiyi ilk böyük Afrika sammiti hesab edilir.

Hanta virusu ilə koronavirus arasında əsas fərq onların yayılma yolu və insanlar arasında ötürülmə qabiliyyəti ilə bağlıdır. Ümumdünya Səhiyyə Təşkilatı və ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatlarına görə, Hanta virusu əsasən gəmiricilər vasitəsilə insana keçir, koronavirus isə daha çox insanlar arasında tənəffüs yolu ilə yayılır.

Livan ordusu Almaniya ilə yeni əməkdaşlıq sazişi imzalayıb. Razılaşma Livan ordusunun komandanı Rudolf Heykal və Almaniyanın Livandakı səfir müavini Yasmin Raya arasında keçirilən görüş zamanı rəsmiləşdirilib. General Heykal Almaniyanın Livan ordusuna göstərdiyi davamlı dəstəyə görə təşəkkürünü bildirib. Tərəflər təhlükəsizlik və hərbi əməkdaşlığın inkişaf perspektivlərini də müzakirə ediblər.

ABŞ-da dizel qiymətlərinin sürətlə artması müharibənin iqtisadi təsirləri ilə bağlı narahatlıqları daha da gücləndirib. Ekspertlər nəqliyyat xərclərinin yüksəlməsi səbəbindən ərzaq və gündəlik məhsulların qiymətlərində də artım müşahidə olunduğunu bildirirlər. Donald Tramp vəziyyətin müharibə başa çatdıqdan sonra normallaşacağını desə də, bununla bağlı konkret vaxt açıqlamayıb. Hörmüz boğazında yaranan gərginlik isə qlobal enerji bazarına təzyiq göstərməkdə davam edir.

ABŞ Prezidenti Donald Tramp İranla diplomatik həll imkanının hələ də qorunduğunu bildirib və Tehranla razılaşmanın mümkün olduğunu vurğulayıb. O, İran rəhbərliyini sərt tənqid edərək onların əldə olunan razılaşmalardan geri çəkildiyini iddia edib. Trampın açıqlamaları Vaşinqton və Tehran arasında artan gərginlik fonunda diqqət çəkib. İran isə ABŞ-ın irəli sürdüyü tələbləri “qeyri-real” adlandıraraq öz mövqeyini müdafiə edib.

İsrailin mülki aviasiya rəsmisi Şmuel Zakay Ben Qurion beynəlxalq hava limanının faktiki olaraq “ABŞ hərbi bazasına” çevrildiyini bildirib. Onun sözlərinə görə, hava limanında artan hərbi fəaliyyət xarici aviaşirkətlərin İsrailə geri dönüşünü gecikdirir və aviabiletlərin bahalaşmasına səbəb olur. Zakay bu vəziyyətin İsrail aviaşirkətlərinin maliyyə sabitliyinə ciddi təhlükə yaratdığını vurğulayıb. O, ABŞ hərbi təyyarələrinin digər bazalara köçürülməsini təklif edib.

Böyük Britaniya hökuməti İranla əlaqəli olduğu iddia edilən 12 fiziki şəxs və təşkilata qarşı yeni sanksiyalar tətbiq edib. Rəsmi London bu addımı “düşmən fəaliyyətlərdə” iştirak və müxtəlif qruplara maliyyə dəstəyi verilməsi iddiaları ilə əsaslandırıb. Sanksiyalar çərçivəsində aktivlərin dondurulması, səyahət qadağaları və digər məhdudiyyətlər nəzərdə tutulur. Ekspertlər yeni qərarın Böyük Britaniya ilə İran arasındakı gərginliyi daha da artıracağını bildirirlər.

İsrailin xarici işlər naziri Gideon Saar Avropa İttifaqının Qərb sahilində zorakılıqda ittiham olunan israilli məskunlaşanlara qarşı tətbiq etdiyi sanksiyaları sərt şəkildə tənqid edib. O, Aİ-ni israilli vətəndaşlara qarşı siyasi motivli qərarlar qəbul etməkdə ittiham edib. Saar İsrailin işğal altındakı ərazilərdə məskunlaşma siyasətini müdafiə etdiyini bildirib. BMT məlumatlarına görə, 2023-cü ilin oktyabrından bəri bölgədə 1000-dən çox fələstinli həyatını itirib.

Bu gün Azərbaycanda yolsuzluq avtomobilləri həvəskarları arasında ən çox müzakirə edilən model – BAW (BAO) 212 haqqında danışacağıq. "Forsaj" klubunun təşkilatçılığı ilə keçirilən bu test-drayv "Ceki Çan Bruce Lee-ni döyər, yoxsa yox?" sualı qədər maraq doğuran "BAO yolsuzluqda keçər, yoxsa batar?" sualına son qoymaq məqsədi daşıyır.

ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində İranla bağlı sərt açıqlamalar verərək Tehranın nüvə silahına sahib olmasına heç vaxt icazə verilməyəcəyini bildirib. Tramp İranın təqdim etdiyi təklifləri kəskin tənqid edib, həmçinin məhv edilmiş nüvə obyektlərindəki “nüvə tozu”nun təmizlənməsi üçün Tehranın ABŞ-dan yardım istədiyini iddia edib. Prezident “Project Freedom” layihəsinin genişləndirilə biləcəyini və İranın mühasirəyə alınması ilə bağlı planların nəzərdən keçirildiyini açıqlayıb. O, eyni zamanda kürd qruplaşmalarına verilən silahlarla bağlı narazılığını ifadə edərək ABŞ-ın İrana qarşı təzyiqlərinin davam edəcəyini vurğulayıb.

“Saudi Aramco” şirkətinin baş icraçı direktoru Amin Nasser Hörmüz boğazında yaranmış fasilələrin qlobal neft bazarı üçün ciddi risk yaratdığını bildirib. Onun sözlərinə görə, mövcud vəziyyət davam edərsə, dünya bazarı hər həftə təxminən 100 milyon barel neft itkisi ilə üzləşə bilər. Nasser qeyd edib ki, boğazdan keçən gəmi sayı kəskin azalaraq gündəlik 70-dən iki-beş gəmi səviyyəsinə enib. Şirkət rəhbəri vəziyyətin uzun müddət davam etməsinin enerji bazarlarında ciddi nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib.