Beynəlxalq Enerji Agentliyi xəbər verir ki, ABŞ-İsrail gərginliyi və Hörmüz boğazının blokadası səbəbindən qlobal kommersiya neft ehtiyatları sürətlə azalır. Strateji ehtiyatların bazara buraxılması gündəlik neft təchizatını artırsa da, tələbat artımı ehtiyatların tükənməsini sürətləndirəcək.
İran
İranın Hörmüz boğazında yeni yaradılan PGSA qurumu X sosial şəbəkəsində elan edib ki, boğazdan keçən bütün gəmilər rəsmi icazə almalıdır. Qanunsuz keçid qadağan edilib və təhlükəsizlik tədbirləri gücləndirilib.
Sanksiyaya məruz qalan tanker ABŞ blokadasını gizli şəkildə aşaraq mayın 16-da Xark adasında neft qazı yükləyib. Peyk görüntüləri əməliyyatı təsdiqləyir və terminalın İranın enerji ixracında strateji əhəmiyyəti vurğulanır.
ABŞ-ın İranın neft sektoruna tətbiq olunan sanksiyaların danışıqlar müddətində müvəqqəti dayandırılmasını qəbul etdiyi iddia edilir. Mənbə bildirir ki, Vaşinqton Tehranın neft sektoruna tətbiq olunan sanksiyaların müzakirələr dövründə dayandırılmasına razılıq verib və İran ilə ABŞ tərəfindən irəli sürülən təkliflərdə şərtlərin “bir-birinə yaxınlaşdığı” qeyd olunur.
İran prezidenti Məsud Pezeşkian bildirib ki, İran heç bir gücə boyun əyməyəcək və ölkənin şərəfini rahatlıq və maddi maraqlar naminə fədakarlıq etməyəcək. Pezeşkian bildirib ki, ölkənin haqlarını müdafiə etmək üçün hər zaman məntiqli və sübutlara əsaslanan yanaşma tətbiq olunacaq
İran Müdafiə Nazirliyinin sözçüsü, briqada generalı Rza Təlai-Nik ABŞ və İsrailə sərt xəbərdarlıq edib. O bildirib ki, İran Silahlı Qüvvələri ölkəyə qarşı mümkün yeni hücumlara cavab verməyə tam hazırdır. Rza Təlai-Nik açıqlamasında son qarşıdurmaların ABŞ hegemonluğunun zəiflədiyini göstərdiyini iddia edib. Onun sözlərinə görə, artıq bir çox ölkə Vaşinqtonun təkqütblü siyasətinin çökməyə başladığını anlayır.
Tramp sosial şəbəkə hesabında paylaşdığı açıqlamada İran üçün “zamanın daraldığını” bildirib və Hörmüz boğazı məsələsində Tehranın dərhal addım atmalı olduğunu vurğulayıb. Trampın bu açıqlaması xüsusilə Hörmüz boğazı ətrafında artan gərginlik fonunda diqqət çəkib.
İran Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü Ebulfazl Şikarçi ABŞ-yə sərt xəbərdarlıq edib. O qeyd edib ki, İran əleyhinə həyata keçiriləcək istənilən əməliyyat gözlənilməz ssenarilərlə qarşılaşacaq və ABŞ yenidən “bataqlığa saplanacaq”.
Trampın bu paylaşımı Çin səfərindən qayıtdıqdan dərhal sonraya təsadüf edir. Hazırda dünya Vaşinqtonun fevralın 28-də İsrail ilə birlikdə İrana qarşı başlatdığı müharibədə növbəti addımının nə olacağını maraqla gözləyir. ABŞ mediası Trampın Pekin səfəri zamanı "heç bir nəzərəçarpan irəliləyiş" əldə edə bilmədiyini yazsa da, prezident çinli həmkarı Si Cinpinin Tehranın Hörmüz boğazını yenidən açmalı olduğu fikri ilə razılaşdığını bildirib. Lakin Çin tərəfi bu məsələyə müdaxilə edəcəyinə dair hələlik heç bir rəsmi işarə verməyib.
ABŞ Prezidenti Donald Tramp İranla sülh razılaşmasının əldə olunmaması halında ölkəni ciddi nəticələrin gözlədiyini bildirib. Eyni zamanda, Tehran tərəfi Vaşinqtonun niyyətlərinə dair etimadsızlığın davam etdiyini açıqlayıb. Bununla yanaşı, İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran Tramp administrasiyasından yeni danışıqlara hazırlıqla bağlı mesajlar alıb.
ABŞ-də İran münaqişəsi fonunda artan yanacaq qiymətləri və ictimai narazılıq siyasi gündəmin əsas mövzularından birinə çevrilib. Sorğular müharibəyə dəstəyin məhdud səviyyədə qaldığını göstərir.
ABŞ Mərkəzi Komandanlığı İran limanlarına tətbiq olunan məhdudiyyətlər fonunda 78 kommersiya gəmisinin yenidən istiqamətləndirildiyini bildirib. Məlumata görə, daha dörd gəmi qaydalara əməl olunmasını təmin etmək məqsədilə fəaliyyətini dayandırıb.