BAKI,VOA, Fərid Mikayılov
İran ABŞ ilə danışıqlara yenidən başlamaq barədə hələlik qərar qəbul etməyib.
VOA xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Tesnim” agentliyinə müsahibəsində bildirib.
Əraqçi İran-ABŞ münasibətlərindəki son vəziyyəti, mümkün danışıqları və Hörmüz boğazında yaranmış vəziyyəti şərh edib.
İranlı nazir ABŞ ilə iyunun 17-də əldə olunmuş razılaşmanın “atəşkəs” deyil, “müharibənin başa çatması” barədə anlaşma olduğunu deyib. Onun sözlərinə görə, ABŞ razılaşmanın şərtlərini pozub və nəticədə hərbi qarşıdurma yenidən başlayıb.
“Uzatılmalı bir atəşkəs yoxdur. Əksinə, müharibə başa çatmışdı və indi yeni vəziyyət yaranıb”, – deyə Əraqçi bildirib.
ABŞ ilə danışıqların yenidən başlayıb-başlamayacağına dair suala cavabında nazir hazırda vasitəçilər vasitəsilə yalnız mesaj mübadiləsinin aparıldığını vurğulayıb.
“Qətər və Pakistan vasitəçi kimi yalnız mesaj mübadiləsi aparır və təmasdadırlar. Lakin bu, danışıqlar demək deyil. ABŞ ilə danışıqlara yenidən başlamaq barədə hələ qərar verməmişik”, – deyə o qeyd edib.
Əraqçi, həmçinin İran və Oman arasında Hörmüz boğazında “təhlükəsiz marşrut”un müəyyənləşdirilməsi ilə bağlı danışıqların davam etdiyini bildirib.
Onun sözlərinə görə, marşrut müəyyənləşdirildikdən sonra belə boğazın açılması ABŞ-ın yerinə yetirməli olduğu digər şərtlərdən asılı olacaq.