BAKI,VOA,Yusif Şərifzadə
İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ ilə davam edən qarşıdurmanı ölkənin varlığı uğrunda mübarizə kimi qiymətləndirib və bu məsələdə siyasi birlik nümayiş etdirilməsinə çağırış edib.
VOA xəbər verir ki, Qalibaf bildirib ki, ABŞ-ın əsas məqsədi İranı parçalamaqdır.
Onun sözlərinə görə, belə bir şəraitdə ölkədə siyasi baxışlardan asılı olmayaraq vahid mövqe nümayiş etdirilməli və qəbul edilən qərarlar aydın, dəqiq və milli maraqlara uyğun olmalıdır.
Qalibaf İran xalqını silahlı müqaviməti davam etdirməyə çağırıb.
Bununla yanaşı, o vurğulayıb ki, milli maraqların qorunması və möhkəmləndirilməsi üçün diplomatiya və danışıqlar imkanlarından da istifadə edilməlidir.
Parlament sədrinin fikrincə, hərbi hazırlıq və diplomatik fəaliyyət bir-birini tamamlayan vasitələrdir və ölkənin strateji məqsədlərinə çatmasına xidmət edir.
Qalibaf bildirib ki, mövcud şəraitdə əsas məqsəd İranın təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaqdır.
İran rəsmisinin bu açıqlamaları ABŞ ilə münasibətlərdə gərginliyin davam etdiyi bir vaxta təsadüf edir.