BAKI,VOA,Yusif Şərifzadə
İran rəsmiləri ölkənin keçmiş ali rəhbəri Əli Xameneinin dəfn mərasimlərinə 10 milyondan çox insanın qatılacağını bildirirlər. Əsas izdihamın paytaxt Tehranda gözlənildiyi qeyd olunur.
VOA xəbər verir ki, İran rəsmiləri 1989-cu ildə keçirilmiş əvvəlki ali rəhbərin dəfn mərasimində təxminən 10 milyon insanın iştirak etdiyini xatırladaraq, bu dəfə daha böyük izdiham gözlədiklərini bildiriblər.
Məlumata görə, Tehrandan başqa Qum şəhərində də azı 2 milyon insanın mərasimlərə qatılacağı proqnozlaşdırılır. Qum İranın mühüm dini mərkəzi hesab olunur və ölkədə din xadimlərinin böyük hissəsi burada təhsil alır.
Dəfn mərasimlərinin bir hissəsi İraqın Nəcəf və Kərbəla şəhərlərində də keçiriləcək. Bu şəhərlər şiə dünyası üçün xüsusi dini əhəmiyyət daşıyır.
Mərasimlərin son mərhələsi Məşhəddə baş tutacaq. Burada şiə islamının səkkizinci imamının məqbərəsi yerləşir və şəhər həm də Əli Xameneinin doğulduğu yer kimi tanınır. İran rəsmiləri Məşhəddə də azı 4 milyon insanın iştirakını gözləyirlər.
Rəsmi dairələr mərasimləri ölkədə dövlətlə xalq arasında birlik mesajı kimi təqdim edirlər. Bildirilir ki, böyük izdiham həm də İranın təcrid olunmadığını və ölkə daxilində həmrəyliyin davam etdiyini göstərmək məqsədi daşıyır.