BAKI,VOA, Orxan Qədirzadə
Qətər bölgədə davam edən gərginlik fonunda İranla hər hansı razılaşmanın olması barədə yayılan iddiaları qəti şəkildə rədd edib.
VOA xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü verdiyi açıqlamada İranın müharibə dövründə Qətərə qarşı hücumlarının davam etdiyini və bu hərəkətlərin yalnız atəşkəs elan olunduqdan sonra dayandığını bildirib. Sözçü vurğulayıb ki, İran müharibənin əvvəlindən atəşkəsə qədər olan müddətdə bütün "qırmızı xətləri" keçib və Tehranın bu siyasəti bölgədəki qeyri-sabitliyin əsas səbəblərindən biridir.
Doha rəsmi şəkildə bildirib ki, hazırda müstəqil vasitəçilik missiyası həyata keçirmir, lakin Pakistanın vasitəçilik səylərini tam dəstəkləyir və ABŞ, eləcə də region ölkələri ilə yüksək səviyyəli koordinasiya saxlayır. Qətər tərəfi atəşkəsin müharibənin bitməsi mənasına gəlmədiyini xatırladaraq, bölgəyə yeni vasitəçilərin gəlməsinə ehtiyac olmadığını vurğulayıb. Eyni zamanda, Hörmüz boğazının hər hansı bir tərəfin inhisarına verilməsinin və təzyiq rıçağı kimi istifadə edilməsinin yolverilməz olduğu bəyan edilib.
Qətər XİN-in bəyanatında Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) regionun təhlükəsizliyi üçün nə dərəcədə əhəmiyyətli olduğu bir daha diqqətə çatdırılıb. Nazirlik rəsmisi son günlər ərzində Qətərə məxsus heç bir tankerin hücuma məruz qalmadığını təsdiqləsə də, gələcək sabitliyin bütün tərəflərin iştirakı ilə əldə olunacaq davamlı həll yollarından asılı olduğunu qeyd edib. Doha hazırda region ölkələri ilə vahid mövqedən çıxış etmək üçün diplomatik məsləhətləşmələri davam etdirir.