BAKI,VOA, Orxan Qədirzadə
ABŞ-ın İran limanlarına tətbiq etdiyi hərtərəfli dəniz blokadası Tehranı ağır iqtisadi sınaqla üz-üzə qoyub.
VOA xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın İran limanlarına daxil olan və çıxan bütün gəmiləri hədəf alan qərarı artıq qüvvəyə minib. Ekspertlərin hesablamalarına görə, bu blokada İran iqtisadiyyatına hər gün 400 milyon dollardan çox birbaşa zərər vurur. Ölkə ticarətinin 90%-dən çoxunun məhz dəniz yolu ilə həyata keçirildiyi və illik 110 milyard dollarlıq dövriyyənin olduğu nəzərə alınarsa, bu vəziyyət Tehran üçün "mövcudluq təhlükəsi" səviyyəsinə çatıb.
Blokadanın əsas hədəfləri ölkənin ən həssas logistik nöqtələridir. İranın dəniz ticarətinin 55%-ni həyata keçirən Bəndər-Abbas limanı və əsas ərzaq idxalı qapısı olan İmam Xomeyni limanı tamamilə iflic vəziyyətinə düşüb. Bu, ölkədə ciddi xammal qıtlığına və görünməmiş inflyasiya dalğasına yol açır. Eyni zamanda, İranın xam neft ixracının 90%-ni təmin edən Xark adasının və qaz ixracatının mərkəzi olan Əsəluya limanının fəaliyyətinin dayanması büdcəyə gündəlik 190 milyon dollarlıq xalis neft-qaz gəliri itkisi bahasına başa gəlir.
Bu blokadanın təsiri yalnız İranla məhdudlaşmır, həm də qlobal enerji bazarlarında "tektonik" titrəmələrə səbəb olub. Neftin qiyməti artıq 7% sıçrayışla 100 dollar həddini keçib. Hörmüz boğazından gündəlik 20 milyon barel neftin keçməsi, bu dəhlizdəki istənilən axsamaların qlobal ərzaq və yükdaşıma xərclərini avtomatik artırması deməkdir. Enerji qiymətlərindəki hər 1%-lik artımın ərzaq qiymətlərinə 0,2% təsir etdiyi bir vaxtda, bu regional münaqişə yüz milyonlarla insanın həyatına toxunan qlobal bahalaşma dalğasına çevrilmək üzrədir.