BAKI,VOA, Orxan Qədirzadə
İran hakimiyyəti enerji və hərbi obyektləri qorumaq üçün genişmiqyaslı xalq səfərbərliyinə start verib.
VOA xəbər verir ki, aprelin 7-də İran mətbuatı mülki vətəndaşların strateji obyektlərin ətrafında "canlı zəncir" yaradaraq onları mümkün hava zərbələrindən qorumağa çalışdıqlarını əks etdirən görüntülər yayımlayıb. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmisi Rəhim Nad Əli "İran üçün vətən müdafiəsi" şüarı altında yeni kampaniyanın başladığını elan edib.
Hərbi və mülki sahələri əhatə edən bu kampaniya könüllüləri bir neçə sektor üzrə qruplaşdırır:
Kəşfiyyat patrullarında iştirak və yoxlama məntəqələrində xidmət.
Şəxsi nəqliyyat vasitələrinin və avadanlıqların orduya təhvil verilməsi, maliyyə yardımı.
Cəbhə bölgəsi üçün qida hazırlanması və zərər çəkmiş evlərin bərpası.
Yaralıların müalicəsi üçün həkim və tibb bacılarının "Bəsic" mərkəzlərinə çağırılması.
Könüllülərin qeydiyyatı Tehranın müxtəlif məscidlərində yerləşən "Bəsic" (Xalq Səfərbərlik Qüvvələri) bazalarında aparılır.
"Human Rights Watch" (HRW) beynəlxalq hüquq-müdafiə təşkilatı bu kampaniyanı kəskin pisləyib. Təşkilat bəyan edib ki, iştirak üçün aşağı yaş həddinin 12 yaş müəyyən edilməsi uşaq hüquqlarının kobud şəkildə pozulmasıdır və hərbi cinayət hesab oluna bilər. Uşaqların hərbi hədəflərin yaxınlığında yerləşdirilməsi onların həyatını birbaşa təhlükəyə atır.
İran rəsmiləri isə bu ittihamları rədd edərək, iştirakın məcburi deyil, tamamilə könüllü olduğunu və yeniyetmələrin "Bəsic" fəaliyyətlərinə qatılmaq istəyinə cavab olaraq belə bir addımın atıldığını iddia edirlər.
Bu səfərbərlik dalğası ABŞ Prezidenti Donald Trampın İrana verdiyi ultimatumun başa çatmasına saatlar qalmış pik həddə çatıb. Tramp bəyan edib ki, əgər çərşənbə axşamı razılaşma əldə olunmasa, "İran sivilizasiyasını silmək" məqsədilə genişmiqyaslı hücumlar başlayacaq.