BAKI,VOA Orxan Qədirzadə
Dünyanın ən uzunömürlü qadını hesab olunan Ethel Ketrham 117 yaşını qeyd edərkən uzun ömrünün əsas sirlərindən birinin mübahisələrdən uzaq durmaq olduğunu bildirib.
1909-cu il avqustun 21-də İngiltərənin Hempşir qraflığında anadan olan Ketrham 2025-ci ilin aprelində braziliyalı rahibə İna Kanabaro Lukasın 116 yaşında vəfatından sonra dünyanın ən yaşlı insanı titulunu əldə edib.
Ketrham həyat fəlsəfəsini sadə ifadə ilə izah edib: mübahisə etmir, başqalarını dinləyir və öz istədiyi kimi yaşamağa çalışır. Hazırda İngiltərənin Surrey qraflığındakı qocalar evində yaşayan Ketrham doğum gününü ailəsi və dostları ilə qeyd edir.
117 yaşına çatdığı il ərzində müxtəlif xatirələr yaşayan Ketrham Britaniya kralı III Çarlzla görüşünü də xüsusi hadisə kimi qeyd edib. Kral ötən il onun 116-cı doğum günündən qısa müddət sonra qocalar evinə baş çəkib.
Ketrham 1969-cu ildə Çarlzın Uels şahzadəsi elan edilməsi mərasimində də iştirak edib. Həmin vaxt Çarlzın 21 yaşı olub.
Bir əsrdən artıq ömür sürən Ketrham iki dünya müharibəsi, texnologiya və tibbdə böyük dəyişikliklər, nəqliyyat və rabitənin inkişafı kimi tarixi proseslərin şahidi olub. O, 97 yaşına qədər avtomobil idarə edib, uzun illər kart oyunu ilə məşğul olub və 2020-ci ildə 110 yaşında COVID-19 xəstəliyindən sağ çıxıb.
Bununla belə, dünyanın bütün zamanların ən uzunömürlü insanı rekordu Ketrhamın deyil. “Ginnesin Rekordlar Kitabı”na əsasən, bu rekord 122 il 164 gün yaşayan fransalı Janna Kalmentə məxsusdur.