Bakı, AzerVoice
Livanda peycerlərin eyni vaxtda partlaması nəticəsində 3 mindən çox insanın xəsarət alması, həmçinin paylaşılan ilkin məlumatlar hadisə ilə bağlı müxtəlif versiyalar ortaya çıxarıb.
AzerVoice xəbər verir ki, peycerlərin üzərində adı yazılmış Gold Apollo şirkətinin Tayvandakı baş ofisində ölkə polisi tərəfindən araşdırma aparılıb. Şirkətin təsisçisi Hsu Çinq-Kuanq isə yönəldilən ittihamları rədd edib.
Tayvanın müvafiq nazirliyi də hadisə ilə bağlı açıqlama verərək Livana belə bir ixracın olmadığını deyib.
Ching-Kuang, şirkətin ticarət nişanı lisenziyasını Macarıstanda yerləşən BAC adlı şirkətə verdiklərini bildirib.
Üç il əvvəl bağlanan müqavilə ilə BAC şirkəti cihazlarında Gold Apollo loqotipindən istifadə etmək hüququ qazanıb.
Avropadakı bəzi media şirkətləri Budapeştdə yerləşən BAC Consulting ilə əlaqə saxlamağa çalışıb. Bildirilir ki, şirkətin baş ofisinin qapısında A4 kağızında şirkətin adı yazılıb.
Hal şahidləri BAC şirkətinin bu ünvanda qeydiyyatda olduğunu, ancaq ofisdə heç kimin olmadığını bildiriblər.
BAC Consulting-in baş direktoru olduğu deyilən Cristiana Barsony-Arcidiacono media üzvlərinə verdiyi müsahibədə Gold Apollo ilə işlədiyini təsdiqləyib. Peycerlər və partlayışlar barədə verilən suallara isə “mən peycer hazırlamıram, mən sadəcə vasitəçiyəm” deyə cavab verib.
Şirkətin kommersiya profillərində isə cihazın istehsalını göstərən məlumat yoxdur.
BAC-a dəfələrlə zəng edilsədə şirkət edilən zənglərə cavab verməyib.
Macarıstanın baş naziri Viktor Orbanın sözçüsü, partlayan peycerlərin Macarıstanda olduğu iddialarını rədd edib.
Hökumət sözçüsü Zoltan Kovacs X hesabında verdiyi açıqlamada Macarıstanda şirkətə aid heç bir istehsal obyektinin olmadığını bildirib.
Kovacs, həmçinin peycerlərin Macarıstan ərazisinə daxil olmadığını, sadəcə cihazların ixracı zamanı sözügedən şirkətin adından istifadə edildiyini deyib.
Əldə edilən məlumata görə sözügedən şirkətin Macarıstanda heç bir istehsal müəssisəsi yoxdur. Şirkətin Budapeştdə yalnız bir ofisi və bir işçisi var.
Cihazların necə partlaması ilə bağlı müxtəlif versiyalar irəli sürülüb.
Hücumun ilk saatlarında verilən məlumatlarda peycerlərin litium batareyalarının həddindən artıq qızması nəticəsində partladığı deyilirdi.
Ancaq litium batareyaları üzrə mütəxəssis Pol Kristensen, baş verən partlayışın litiumun qızması ilə əlaqəli olmadığını bildirdi.
Texas Universitetində professor olan Ofodike Ezekoye də litium batareyaların yalnız tam dolu olduğu halda partlaya biləcəyini deyib. O anda bütün batareyaların tam dolu olmasına ehtimal verməyən Ezekoye partlayışın başqa səbəbdən ola biləcəyini bildirib.
Amerika təhlükəsizlik rəsmiləri baş verən hadisələri təhlil edərkən partlayıcı maddələrin Livana ixrac edilməzdən əvvəl qurğulara yerləşdirildiyini bildiriblər.
İsrailin xarici kəşfiyyat əməliyyatlarını həyata keçirən Mossad-ın bütün bu sualların cavabını bildiyi düşünülür.
İsrail administrasiyası hələlik hücumların məsuliyyətini üzərinə götürməsə də Hizbullaha bu şəkildə zərər vermək istəmək niyyəti, həmçinin bu qədər texnoloji imkanları olan başqa bir dövlət olmaması bütün oxları İsrailə tərəf çevirir.
Livan təhlükəsizlik rəsmisi də verdiyi müsahibədə İsrail kəşfiyyatının istehsal mərhələsində cihazları dəyişdirdiyini bildirib.
Təhlükəsizlik rəsmisi “Mossad cihaza kodla aktivləşdirilən partlayıcı maddə olan bir dövrə lövhəsi əlavə edib. “Hətta skan cihazlarından istifadə edilsə belə əlavə edilən lövhəni aşkar etmək çox çətindir” deyə bildirib.
O həmçinin bildirib ki, göndərilən tək mesajla eyni vaxtda təxminən 3 min peycer partladılıb.
Bir başqa Livan rəsmisi isə yeni ixrac edilən peycerlərdə təxminən üç qram partlayıcı olduğunu bildirib.
Hizbullah niyə peycerlərdən istifadə edir?
Hizbullah İsrailin kiberhücum təhlükəsinə qarşı aşağı texnologiyalı rabitə vasitəsi olan peycerlərdən istifadə edirdi.
Sadəcə mesaj alınıb mesaj göndərilən peycerlərdən mobil telefonların kütləviləşməsinə qədər geniş şəkildə istifadə edilib.
Hizbullah rəsmisi hadisə ilə bağlı verdiyi açıqlamada sözügedən peycerlərdən təşkilatın ilk dəfədir ki, istifadə etdiyini bildirir.
Livanın təhlükəsizlik rəsmisi də beş ay əvvəl ölkəyə 5000 peycerin gətirildiyini deyib.
Mütəxəssizlər hadisəni şərh edərkən bu miqyasda təhlükəsizlik pozuntusunun Hizbullahın təhlükəsizlik aparatlarını şübhə altına alacağını deyib. Eləcədə Hizbullahın təhlükəsizlik sistemlərini yenidən nəzərdən keçirməli olduğu qeyd edilib. Həmçinin bu reydlərin İsraillə müharibədə Hizbullahı zəiflədəcəyi bildirilib.