BAKI,VOA, Analitik Təhlil Mərkəzi
İran "ali rəhbər" Əli Xameneinin sui-qəsdindən sonra, ABŞ-İsrail açıq müharibəsi və liderlərini izləyən sui-qəsd qorxusu kölgəsində, institusional strukturunun rəhbərlikdəki boşluğu doldurmaq və hakimiyyəti yenidən istehsal etmək qabiliyyəti baxımından kritik bir sınaq mərhələsinə daxil olur.
"Rəhbər" seçilməsi üçün müəyyən edilmiş dəqiq bir vaxt məhdudiyyəti olmasa da, boşluğu sevməyən İran rəhbərliyi sürətlə "Müvəqqəti Rəhbərlik Şurası"nı formalaşdırdı. İran konstitusiyasına görə, yeni rəhbər seçilənə qədər ölkəni idarə etmək tapşırılan bu şuraya Prezident Məsud Pezeşkian, Məhkəmə Hakimiyyətinin rəhbəri Qulam Hüseyn Möhsüni-Ejei və dini elmi mərkəzlərin rəhbəri Əli Rza Ərafi daxildir. Milli Təhlükəsizlik Ali Şurasının baş katibi Əli Laricani isə nəzarətçi rolunu icra edir.
"Müvəqqəti Şura" qurulduqdan dərhal sonra, mərhum rəhbərin oğlu Müctəba Xameneinin atasının xələfi seçilməsi barədə qeyri-rəsmi məlumatlar yayıldı, halbuki onun taleyi hələ də qeyri-müəyyən olaraq qalır. Digər mənbələr Xomeyninin nəvələrindən biri olan Həsən Xomeyninin təyin olunma ehtimalından danışır. Baxmayaraq ki, "Konstitusiyaya Nəzarət Şurası" (Qəyyumlar Şurası) əvvəllər onun rəhbəri seçən "Ekspertlər Şurası"na üzvlüyünü "müctəhid" (fiqhi dərəcə) olmadığı üçün rədd etmişdi. Qeyd edək ki, Müctəba Xamenei də müctəhidlik dərəcəsinə malik deyil, halbuki "Rəhbər" vəzifəsi dini-elmi dərəcələrin ən yüksəyi olan "mərcəlik" dərəcəsini tələb edir və onların heç biri mərcə deyil!
Bu iki addan başqa, bu vəzifəyə uyğun olan, mühafizəkarlıq, islamlaşma meyli və müxalifətlə (hətta islahatçılarla) düşmən kimi davranmaq baxımından fikirləri demək olar ki, eyni olan bir qrup "Ayətullah" da var. Onların arasında Məhəmməd Mehdi Mirbaqiri, Məhəmməd Rza Müdərrisi-Yəzdi, Haşim Hüseyni Buşehri, Əhməd Hüseyni Xorasani və ən görkəmlisi Əli Rza Ərafi yer alır.
Görünən odur ki, real rəqabət oğul Xamenei ilə Ərafi arasında gedir. Çünki Ərafi müctəhid fəqihdir, sistemin mərkəzi fiqurlarından biridir, dövlətdə bir çox həssas vəzifələr tutur, liderlik xarizmasına malikdir və hazırda sistemi idarə edən "Müvəqqəti Rəhbərlik Şurası"nın üç üzvündən biridir.
Oğul Xamenei isə xalq arasında populyarlığı olmayan və heç vaxt rəsmi vəzifə tutmayan bir simadır. Onun adı ilk dəfə 2009-cu il seçkilərində "Yaşıl Hərəkat"ın namizədləri Mehdi Kərrubi və Mir Hüseyn Musəviyə qarşı Mahmud Əhmədinatın xeyrinə nəticələrə müdaxilə etdikdən sonra gündəmə gəlmiş, daha sonra isə kölgəyə çəkilmişdi.
Son onillikdə atası səhhəti pisləşdikdən sonra "Rəhbər Ofisi"nin (Beyt-e Rəhbəri) idarəçiliyini ona tapşıranda adı yenidən parladı. Bu ofis, "Rəhbər"in şəxsən nəzarət etdiyi və gəlirlərini "SEPAH" ilə paylaşdığı qurumları və müəssisələri idarə edən ailə şirkətinə bənzər bir dini-iqtisadi təsisatdır.
Bu "əməkdaşlıq" sayəsində onun rəhbərlik ulduzu parlamağa başladı, lakin bu mülahizələr Tehrandan çox Qumda (dini elmi mərkəzdə) bir çox maneələrlə üzləşdi. Birincisi onun elmi dərəcəsi, ikincisi isə Xamenei tərəfdarlarının vaxtilə Xomeyninin varislərinə qarşı mübarizə apardığı "vərəsəlik" məsələsidir. Lakin onun "SEPAH" ilə dərin əlaqələri ona hakimiyyət dairələrini idarə etmək, siyasi-təhlükəsizlik tənliklərində nüfuzunu genişləndirmək və iqtisadi sektorlarda hegemonluq etmək imkanı verərək, yenidən rəqabət meydanına girməsi üçün uğur açarlarını təmin etdi.
Oğul Xamenei ilə xarizmatik Ərafi arasında nəvə Xomeyninin də adı çəkilir. Ekspetlər hesab edirlər ki, onun adının irəli sürülməsi sistemin bu müharibə və boşluq imtahanı zamanı nümayiş etdirdiyi bir taktiki elastiklikdir.
Bunun iki səbəbi var: Birincisi, onun adı emosional simvolizm daşıyır ki, bu da inqilab nostaljisini və onun şanlı ilk günlərini xalqın yaddaşında canlandıraraq sistemin yaralarını sarımağa kömək edə bilər.
İkincisi: o, mötədil və islahatçı cərəyana yaxın hesab olunur, dövlətin heç bir idarəetmə aparatı ilə əlaqəsi yoxdur, repressiya, qətl və ya korrupsiya cinayətlərində iştirak etməyib. Bununla belə, onun seçilməsi həm də "dərin dövlətin" öz şəxsiyyətini itirməsi, qüdrətindən əl çəkməsi və dəyişiklik fırtınaları qarşısında boyun əyməsi mənasını verir.
Praktik olaraq, "Qəyyumlar" və "Ekspertlər" şuraları "Rəhbər"in müəyyən edilməsində qabaqlayıcı rol oynayır. Birinci şura öz fiqhi baxışına və siyasi meyllərinə görə müəyyən etdiyi şərtlərə cavab verməyən heç bir fəqihin "Ekspertlər Şurası"na daxil olmasına icazə vermir. İkinci şura isə "Qəyyumlar Şurası"ndakı on iki fəqihdən altısını seçmək mexanizmi vasitəsilə üzvləri arasında uyğun namizədləri, dolayısı ilə də "Rəhbər"in seçilməsində təsirli olanları seçmək imkanına malikdir.
Ekspertlər Şurasının rolu
Konstitusiyaya görə, "Rəhbər"in seçilməsi "Ekspertlər Şurası"nın səlahiyyətindədir. Lakin əvvəlki rəhbərlər Xomeyni və Xameneinin təyinat mexanizminə baxdıqda bu hüququn formal olduğu görünür; çünki birincisi inqilab və quruculuq mərhələsinin bəhrəsi, ikincisi isə siyasi elitaların razılaşması və ittifaqlarının nəticəsi idi.
"Ekspertlər Şurası" hər biri İranda bir bölgəni təmsil edən 88 din xadmindən ibarətdir. Onlar qanunvericilik seçkiləri üsulu ilə xalqın səsverməsi vasitəsilə seçilirlər. Səlahiyyət müddəti səkkiz ildir (şuralar arasında ən uzun müddət) və üzvlərinə qarşı bəzi məhdudiyyətlər qoyulur; bura müctəhidlik şərti, namizədlərin yararlılığını yoxlamaq üçün yazılı imtahanlar və şifahi müsahibələr daxildir. Əslində bu proses "arzuolunmazları" yarışdan kənarlaşdırmaq üçündür və nəticədə üzvlərin çoxu rəqabətsiz seçilir.
Onun funksiyası "Rəhbər"in vəzifələrini müəyyən etmək, ona nəzarət etmək və fəaliyyətinə rəhbərlik etmək, habelə xüsusi hallarda onu vəzifədən kənarlaşdırmaqla məhdudlaşır. Lakin indiyədək əvvəlki rəhbərlərə qarşı heç bir tənqid irəli sürülməyib, əksinə bu şura onların dövründə bir tərif və mədhiyyə məclisi kimi görünərək, "Rəhbər"ə nəzarəti onun hakimiyyətdə qalmasını təmin edən bir vasitəyə çevirib.
Yeganə istisna, "Yaşıl Hərəkat" nümayişlərinin yatırılmasına etiraz edən Şiraz şəhərinin nümayəndəsi Ayətullah Əli Məhəmməd Dəstğeyb olmuşdur ki, o da marjinallaşdırılaraq kənarlaşdırılmışdır.
Şura dövlətin heç bir orqanına və ya qurumuna tabe deyil, daxili idarəetmə və qərar qəbul etmək müstəqilliyinə malikdir. Lakin bu müstəqilliyə baxmayaraq, onun qərarlarının İslam normalarına uyğunluğu üzərində son nəzarət "Qəyyumlar Şurası"nın fəqihlərinə məxsusdur və inqilabdan sonra onun ilk heyətləri məhz "Qəyyumlar Şurası" tərəfindən qəbul edilmiş qanun əsasında formalaşmışdı.
Əgər "Ekspertlər Şurası" "Rəhbər"i seçirsə, bəs bu prosesdə "Qəyyumlar Şurası"nın rolu nədir?
İran konstitusiyası "Qəyyumlar Şurası" üçün iki növ səlahiyyət nəzərdə tutur: qanunvericilik (İslam Şurası Məclisinin qərarlarını təsdiq və ya rədd etmək) və mühakimə. Onun öhdəlikləri isə "Ekspertlər Şurası"ndan tutmuş parlament və prezident seçkilərinə qədər hər növ seçkilərə nəzarət etməkdən ibarətdir.
Xomeyni Pəhləvidən sonrakı İrana hazırlıq günlərində Qum dini mərkəzinin fəqihləri konstitusiya layihəsini gətirdikdə, Fransanın Konstitusiya Şurasından təsirlənərək Parisdə olduğu müddətdə onun yaradılmasına razılıq vermişdi. Konstitusiyanın 77-ci maddəsinə görə, o, altısı "Ekspertlər Şurası" tərəfindən seçilən fəqihlər, digər altısı isə məhkəmə hakimiyyəti tərəfindən altı illik müddətə təyin olunan şəxslər olmaqla on iki üzvdən ibarətdir. Bu, onun xalq tərəfindən seçilməyən bir təyinat şurası olduğu mənasına gəlir. Daha sonra "Rəhbər" onun dörd üzvünü şəxsən təyin etməyə başladı.
Parlament iclaslarında iştirak edən "Qəyyumlar Şurası" üzvlərinin vəzifəsi qanunların konstitusiya ilə ziddiyyətini müəyyən etməkdirsə, altı müctəhidin vəzifəsi bu qanunların İslam şəriətinin hökmləri ilə ziddiyyətini müəyyən etməkdir. Zamanla onun səlahiyyətləri genişlənərək parlamentin səlahiyyətlərini üstələdi.
"İslam fiqhi hüquqi baxımdan kamildir" və "fəqihlərimiz olduğu halda hüquqşünaslara nə ehtiyac var" anlayışından çıxış edərək qanunları ləğv etmək, qanunvericilik və qanun yaratmaq səlahiyyətinə sahib oldu. Hazırda hər iki şuraya yaşı bir əsrə yaxınlaşan mühafizəkar din xadimi Ayətullah Əhməd Cənnəti rəhbərlik edir; son onillikdə o, iclaslarda iştirak edə bilmədiyi üçün öz yerinə oğlunu göndərirdi.
Xomeyninin inqilabın qələbəsindən on il əvvəl və rəhbərlik etdiyi Qumdakı Feyziyyə mədrəsəsi üsyanından altı il sonra formalaşdırdığı "Mütləq Vilayəti-fəqih" nəzəriyyəsi, "Qeyb" dövründə (Gözlənilən İmam Mehdinin qeybə çəkilməsi) fəqihə ümmət üzərində mütləq suverenlik və liderlik verir. O, bu nəzəriyyəni məhz bu iki şurada və "Sistemin Məsləhətini Müəyyənləşdirmə Şurası" kimi digər qurumlarda praktikaya köçürdü. Bu, sonradan İslam Respublikasının teokratik sisteminin konstitusion və hüquqi əsasına çevrildi.
Mütləq vilayət sistemi ideologiyanı dövlətin inzibati çərçivəsi ilə birləşdirir, fəqihlərə dini və siyasi hökmləri dayandırmaq və ləğv etmək səlahiyyəti verir. Eyni zamanda onlara nüfuz mübadiləsi, vəzifələri bölüşdürmək imkanı yaradır və hakimiyyətdə qalmalarını, hakimiyyətin öz maraqlarına uyğun paylanmasını və təşkilini təmin edir.
Nəticə olaraq, əgər əvvəlki rəhbərlərin seçilməsi inqilab mirası və hakim elitaların tarazlığının nəticəsi idisə, bu dövr müharibənin diktə edəcəyi tənliklərə tabedir. Əgər tərəzi mövcud sistemin xeyrinə ağır gələrsə, mühafizəkar bir ad seçiləcək, əks halda islahatçı ad hazırdır...
Və bəlkə də heç üçüncü "Rəhbər" olmayacaq!