BAKI,VOA Orxan Qədirzadə
Türkiyədə sahil və çimərliklərin idarə olunması ilə bağlı yeni qaydalar qüvvəyə minib. Rəsmi Qəzetdə dərc olunan dəyişikliklə sahil ərazilərinin təmiri, təhlükəsizliyi və təmizliyi ilə bağlı işlərin həyata keçirilməsində Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin aidiyyəti qurumlarına da səlahiyyət verilib.
Dəyişiklik Milli Əmlak Baş İdarəsinin hazırladığı “Xəzinə daşınmaz əmlaklarının idarə olunması haqqında Əsasnaməyə dəyişiklik edilməsi barədə Əsasnamə” çərçivəsində həyata keçirilib.
33335 saylı Rəsmi Qəzetdə dərc olunan yeni qaydalar Sahil Qanununa, onun tətbiqi ilə bağlı əsasnaməyə və təsdiqlənmiş şəhərsalma planlarına uyğun olan sahil ərazilərinə şamil edilir.
Yeni tənzimləməyə əsasən, nazirliyin uyğun hesab etdiyi sahil və çimərlik zolaqlarında baxım, təmir, təhlükəsizlik və təmizlik kimi xidmətlərin həyata keçirilməsi artıq yalnız bələdiyyələr və yerli idarə birlikləri ilə məhdudlaşmayacaq. Nazirliyin aidiyyəti bölmələri də bu işləri həyata keçirə biləcək.
Bundan başqa, nazirliyin mərkəzi aparatına, Dövriyyə Kapitalı Müəssisəsinin müvafiq qurumlarına, əlaqəli təşkilatlara və onların törəmə müəssisələrinə həmin ərazilərin protokol əsasında icarəyə verilməsi mümkün olacaq.
Sahillərin zəbt edilməsinin qarşısı alınacaq
Dəyişikliyin əsas məqsədlərindən biri sahillərin Konstitusiyada nəzərdə tutulduğu kimi xalqın ümumi istifadəsində və ictimai maraqlara uyğun saxlanılmasıdır.
Yeni mexanizmlə bələdiyyələrlə protokol imzalanmasının mümkün olmadığı ərazilərdə qanunsuz zəbt hallarının və bunun nəticəsində yarana biləcək zərərin qarşısının alınması da hədəflənir.
Çimərliklərdə lazımi şərait yaradılacaq
Nazirliyin nəzarəti altında həyata keçiriləcək tədbirlər nəticəsində çimərliklərin təyinatından kənar istifadəsinin azaldılması nəzərdə tutulur.
Eyni zamanda, sahil ərazilərində zəruri kommersiya obyektlərinin, duş kabinlərinin, kölgəliklərin, paltar dəyişmə kabinələrinin və səyyar tualetlərin yaradılması ilə bağlı ehtiyacların qarşılanmasına imkan veriləcək.
Türkiyə hakimiyyətinin qiymətləndirməsinə görə, yeni qaydalar sahil ərazilərində mühafizə və istifadənin balansının qorunmasına, təbii quruluşun zədələnməsinin qarşısının alınmasına və vətəndaşların çimərliklərdən daha səmərəli istifadə etməsinə şərait yaradacaq.