BAKI,VOA Orxan Qədirzadə
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş NATO-ya üzv bəzi ölkələrin Ankaraya müdafiə sənayesi məhsullarının tədarükünə tətbiq etdiyi embarqoları "birtərəfli, mənasız və alyansın ruhuna zidd" adlandırıb.
Numan Kurtulmuş bu fikirləri İstanbulda keçirilən NATO Parlament Sammitinin açılış mərasimində səsləndirib.
O bildirib ki, alyans çərçivəsində bəzi üzv dövlətlərin, xüsusilə müdafiə sənayesi məhsullarına münasibətdə embarqoları davam etdirməsi son dərəcə birtərəfli yanaşmadır və NATO-nun həmrəylik prinsiplərinə uyğun gəlmir.
Türkiyə parlamentinin sədri vurğulayıb ki, NATO ölkələrinin milli müdafiə imkanlarını gücləndirməsi və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi həm üzv dövlətlərin, həm də bütövlükdə alyansın gələcəyi baxımından böyük əhəmiyyət daşıyır.
Kurtulmuş qeyd edib ki, Türkiyə son illərdə müdafiə sənayesi sahəsində mühüm irəliləyiş əldə edib, innovativ texnologiyalar tətbiq edir, yüksək texnologiyalardan istifadə imkanları ilə seçilir və müdafiə sənayesi üçün strateji əhəmiyyət daşıyan məhsullar istehsal edir.
Onun sözlərinə görə, Ankara bu nailiyyətləri NATO üzvü olan digər ölkələrlə bölüşməyə hazırdır.
Kurtulmuş əlavə edib ki, Türkiyənin Haaqada razılaşdırılmış müdafiə xərclərinin ümumi daxili məhsulun 5 faizi səviyyəsinə çatdırılması ilə bağlı qətiyyətinin bütün üzv dövlətlər tərəfindən dəstəklənəcəyinə ümid edir.
O bildirib ki, Türkiyə müdafiə sənayesinin inkişafı digər NATO ölkələri ilə əməkdaşlıq nəticəsində daha yüksək səviyyəyə yüksələ bilər.
"Ankara bütün NATO üzvləri ilə müdafiə sənayesi sahəsində əməkdaşlığa hazırdır və ümid edirik ki, Türkiyəyə qarşı da eyni münasibət nümayiş etdiriləcək", – deyə o bildirib.
Numan Kurtulmuş bununla yanaşı, Yaxın Şərqdə artan təhlükələr fonunda Türkiyənin hava hücumundan müdafiə sisteminə verdiyi dəstəyə görə xüsusilə İspaniyaya təşəkkür edib.
"Bəşəriyyət tarixi dönüş dövrünü yaşayır"
Türkiyə Böyük Millət Məclisinin sədri İstanbulun üçüncü dəfə NATO ölkələri parlament sədrlərini qəbul etməsindən məmnunluğunu ifadə edib.
O qeyd edib ki, İstanbul tarix boyu müxtəlif mədəniyyətlərin, sivilizasiyaların, dinlərin və inancların nümayəndələrinin birlikdə yaşadığı dünyanın ən mühüm şəhərlərindən biri olub və bu gün də dünyanın heyranlıqla yanaşdığı nümunəvi meqapolis olaraq qalır.
Kurtulmuş xatırladıb ki, NATO Parlament Sammitinin ilk iclası Vaşinqtonda, ikinci toplantısı isə Brüsseldə keçirilib və İstanbul görüşünün bu formatın daimi ənənəyə çevrilməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib.
O həmçinin qeyd edib ki, iyulun 7-8-də Ankarada NATO liderlərinin zirvə görüşü keçiriləcək.
Onun sözlərinə görə, dövlət və hökumət başçılarının iştirak edəcəyi bu toplantı mövcud beynəlxalq şərait baxımından xüsusi əhəmiyyət daşıyır və həm NATO-nun gələcəyinin, həm də alyansın strateji məsələlərinin müzakirəsinə imkan yaradacaq.
Kurtulmuş bildirib ki, bəşəriyyət hazırda tarixinin ən mürəkkəb və dönüş xarakterli dövrlərindən birini yaşayır.
Onun sözlərinə görə, dünyada güc balansı dəyişir, texnologiyalar sürətlə inkişaf edir və təkqütblü dünya nizamı artıq geridə qalaraq çoxqütblü və çoxmərkəzli beynəlxalq sistem formalaşmağa başlayır.
Türkiyə parlamentinin sədri vurğulayıb ki, bu mərhələdə münaqişələr, gərginliklər, müharibələr və vətəndaş qarşıdurmaları xüsusilə region üçün ciddi təhlükə yaradır.
Kurtulmuş hesab edir ki, yeni dövrün yaratdığı problemləri köhnə üsullarla həll etmək mümkün deyil.
"NATO yalnız hərbi güclə kifayətlənməməlidir"
Numan Kurtulmuş bildirib ki, təhlükəsizlik məsələlərinə yalnız hərbi prizmadan yanaşmaq düzgün deyil.
Onun sözlərinə görə, NATO hələ də dünyanın ən mühüm təhlükəsizlik təminatçılarından biridir. Lakin alyansın və xüsusilə Avropa qitəsinin üzləşdiyi problemlərin həlli üçün təkcə hərbi güc kifayət etmir.
Kurtulmuş qeyd edib ki, NATO müdafiə potensialını və üzv ölkələr arasında həmrəyliyi gücləndirməklə yanaşı, gələcəkdə münaqişələrin necə həll ediləcəyi və təhlükəsizlik problemlərinin sülh yolu ilə aradan qaldırılması istiqamətində də fəaliyyətini genişləndirməlidir.
Onun fikrincə, NATO təkcə təhlükəsizlik doktrinaları hazırlayan təşkilat deyil, eyni zamanda sülh konsepsiyalarını inkişaf etdirən beynəlxalq quruma çevrilməlidir.
"Ən mürəkkəb problemlər danışıqlar masasında həll olunmalıdır"
Kurtulmuş vurğulayıb ki, mövcud beynəlxalq şərait diplomatiyanın və qarşılıqlı dialoqun əhəmiyyətini daha da artırır və Türkiyə xarici siyasətini məhz bu prinsip əsasında qurur.
O bildirib ki, Ankara beynəlxalq hüququ pozan, təcavüz törədən tərəfə qarşı ən sərt mövqeyi nümayiş etdirməklə yanaşı, bütün problemlərin sülh yolu ilə və diplomatik danışıqlar vasitəsilə həllinin tərəfdarıdır.
Rusiya-Ukrayna münaqişəsi
Türkiyə parlamentinin sədri bildirib ki, Ankara Ukraynanın ərazi bütövlüyünü və suverenliyini əvvəldən dəstəkləyib və bu mövqeyini dəyişməyib.
Onun sözlərinə görə, Türkiyə böhranın ilk günlərindən həm Rusiya, həm də Ukrayna ilə eyni vaxtda dialoq qura bilən nadir ölkələrdən biri olub və sülh danışıqlarının təşkili istiqamətində böyük səylər göstərib.
Kurtulmuş xatırladıb ki, Rusiya və Ukrayna arasında sülh danışıqları İstanbulun Dolmabağça sarayında keçirilib. O bildirib ki, həmin vaxt münaqişənin başa çatdırılması mümkün olsa da, bəzi ölkələrin istəksizliyi buna mane olub.
O, Ukraynanın ərazi bütövlüyü və suveren hüquqlarına tam hörmət əsasında müharibənin başa çatacağına ümid etdiyini bildirib.
Kurtulmuş qeyd edib ki, həmin danışıqlar nəticəsiz qalmayıb.
Onun sözlərinə görə, Qara dəniz Taxıl Təşəbbüsünün həyata keçirilməsi sayəsində, xüsusilə Afrika qitəsində ərzaq böhranının və aclığın qarşısı alınıb.
O əlavə edib ki, Rusiya və Ukrayna arasında dəfələrlə əsir mübadiləsinin həyata keçirilməsi də diplomatik səylərin mühüm nəticələrindən biri olub.
ABŞ-İran danışıqları
Numan Kurtulmuş ABŞ və İran arasında münaqişənin dayandırılması istiqamətində əldə olunan müsbət irəliləyişləri də yüksək qiymətləndirib.
O bildirib ki, İsveçrədə başlayan danışıqların uğurla davam edəcəyinə və iki ölkə arasında yalnız atəşkəs deyil, uzunmüddətli və ədalətli sülhün əldə olunacağına ümid edir.
Türkiyə parlamentinin sədri bunun region və bütövlükdə dünya üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb.
Onun sözlərinə görə, Ankara sülh prosesinin təxribatlar nəticəsində pozulmamasını arzulayır və ilk növbədə NATO üzvü olan ölkələri bu prosesi dəstəkləməyə çağırır.
"Yaxın Şərqdə sülh olmadan dünyada sülh mümkün deyil"
Kurtulmuş bildirib ki, qlobal sülhə ən ciddi təhdidlərdən biri hazırda Fələstində baş verən hadisələrdir.
O qeyd edib ki, beynəlxalq hüququ pozan və hərəkətləri beynəlxalq hüquq normaları baxımından soyqırım miqyasına çatan İsrailin hücumları dayandırılmalıdır.
Türkiyə parlamentinin sədri vurğulayıb ki, məsələ yalnız on minlərlə mülki şəxsin həlak olması, şəhərlərin dağıdılması və Qəzza zolağının viran qoyulması ilə məhdudlaşmır.
Onun sözlərinə görə, yekun məqsəd paytaxtı Şərqi Qüds olmaqla müstəqil və suveren Fələstin dövlətinin yaradılmasıdır və beynəlxalq ictimaiyyət iki dövlətli həll modelindən başqa alternativin olmadığını qəbul etməlidir.
Kurtulmuş bildirib ki, İsrail hökumətinin hücumlarının dayandırılması yalnız fələstinlilər üçün deyil, bütün dünya üçün sülhün təmin olunmasına xidmət edəcək.
O vurğulayıb ki, Yaxın Şərqdə sülh olmadan dünyada da sülh mümkün deyil, fələstinlilər azad olmadan regionda davamlı sülh əldə edilə bilməz.
Türkiyə parlamentinin sədri NATO ölkələrini bu məqsədə nail olunması üçün zəruri dəstəyi göstərməyə çağırıb.
"Dünya və NATO tarixi yol ayrıcındadır"
Çıxışının sonunda Numan Kurtulmuş bildirib ki, həm dünya, həm də NATO tarixi yol ayrıcındadır.
Onun sözlərinə görə, bu gün yalnız üzv dövlətlərin təhlükəsizliyini təmin etmək deyil, eyni zamanda qlobal sülhün möhkəmləndirilməsinə töhfə vermək məsuliyyəti də mövcuddur.
Kurtulmuş qeyd edib ki, parlamentlər təkcə müdafiə və təhlükəsizlik qərarlarının qəbul edildiyi qurumlar deyil, həm də xalqların narahatlıqlarını aradan qaldıran əsas siyasi institutlardır.
O vurğulayıb ki, müasir dövrdə təhlükəsizlik riskləri insanların gələcəklə bağlı ciddi narahatlıqlarına səbəb olur və parlamentlərin əsas vəzifələrindən biri də cəmiyyətlərin bu narahatlıqlarını azaltmaqdır.
Türkiyə Böyük Millət Məclisinin sədri çıxışını bütün ölkələri daha ədalətli və bərabərhüquqlu dünya nizamının qurulması naminə birlikdə çalışmağa çağırmaqla yekunlaşdırıb.