Çinin dövlət nəzarətində olan iki böyük gəmiçilik şirkəti Yaxın Şərqin əsas dəniz keçidlərindən istifadəni məhdudlaşdırıb. Şirkətlər iyulun sonlarından tankerlərini Hörmüz və Bab əl-Məndəb boğazlarından uzaq saxlayırlar. Buna əsas səbəb bölgədə təhlükəsizlik risklərinin artmasıdır. Çin tankerləri neft yüklərini Körfəzdən kənarda, o cümlədən Füceyrə və Oman sahilləri yaxınlığında qəbul etməyə başlayıb. İki şirkətin ümumilikdə 100-dən çox iri neft tankeri var. Onların hər biri təxminən iki milyon barel neft daşıya bilir. Müharibədən əvvəl bu şirkətlər Çinin Yaxın Şərqdən neft idxalının təxminən yarısının daşınmasında iştirak edirdi. Yeni vəziyyət daşınma yollarının uzanmasına və nəqliyyat xərclərinin artmasına səbəb olur.
#Çin
Global Firepower-ın 2026-cı il üzrə dünyanın ən güclü hava qüvvələri reytinqi açıqlanıb. Türkiyə 1 101 aktiv hava vasitəsi ilə siyahıda 8-ci yeri tutub. Reytinqdə ABŞ 1-ci, Rusiya 2-ci, Çin isə 3-cü sırada qərarlaşıb. İlk beşliyə həmçinin Hindistan və Cənubi Koreya daxil olub. Türkiyə reytinqdə Pakistan, Yaponiya, Fransa və Böyük Britaniya kimi ölkələri geridə qoyub. Siyahıda Yaxın Şərqdən Səudiyyə Ərəbistanı 11-ci, İsrail 17-ci, Birləşmiş Ərəb Əmirlikləri 18-ci, İran isə 21-ci yerdə qərarlaşıb.
Çinin “DeepSeek” şirkəti V4 Pro süni intellekt modelinin rəsmi buraxılışını təqdim edib. Yeni modelin mürəkkəb tapşırıqları müstəqil yerinə yetirmək imkanları əhəmiyyətli dərəcədə təkmilləşdirilib. Şirkət eyni zamanda V4 Pro və V4 Flash modellərindən proqramlararası istifadə qiymətlərində dəyişiklik edəcəyini açıqlayıb. “DeepSeek” 2025-ci ildə R1 modelinin uğurundan sonra Çinin aparıcı süni intellekt şirkətlərindən birinə çevrilib. Lakin son dövrdə Çin bazarında rəqabətin güclənməsi şirkətin mövqeyinə təzyiq göstərib. “DeepSeek” buna cavab olaraq işçi sayını və hesablama imkanlarını genişləndirməyi planlaşdırır. Şirkət xarici çip istehsalçılarından asılılığı azaltmaq məqsədilə öz süni intellekt çipinin hazırlanması üzərində də işləyir. “DeepSeek” eyni zamanda fəaliyyətinin genişləndirilməsi üçün yeni sərmayə cəlb etməyə çalışır.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi Hörmüz boğazının ABŞ-nin davranışını dəyişməyənədək açılmayacağını bildirib. O, Vaşinqtonu regionda qeyri-sabitliyin əsas səbəbi olmaqda ittiham edib. Rzayi ABŞ-dən müharibəni dayandırmağı və İranın dondurulmuş vəsaitlərini azad etməyi tələb edib. İran rəsmisi İran-Oman arasında mümkün keçid razılaşmasının boğazın ümumi açılması məsələsindən ayrı olduğunu qeyd edib. O, Çinlə münasibətlərin strateji əhəmiyyət daşıdığını vurğulayıb. Tehran və Pekinin beynəlxalq platformalarda əməkdaşlığını yüksək qiymətləndirib. Hörmüz boğazının açılması ilə bağlı diplomatik müzakirələr davam edir.
"Apple" Çində "Mac" istifadəçilərinə "Alibaba"nın "Qwen" süni intellekt xidmətindən istifadə imkanı yaradıb. Xidmət "Siri" və mətn hazırlama vasitələri ilə əlaqələndirilə biləcək. "Qwen" sənədləri və fotoşəkilləri təhlil etməklə yanaşı, mətn və təsvir də yarada bilir. Yeni imkan "macOS 26.6" və daha yeni əməliyyat sistemi ilə işləyən uyğun "Mac" kompüterləri üçün nəzərdə tutulub. "Apple"ın məlumatına görə, "Alibaba" istifadəçi materiallarından öz süni intellekt modellərinin təlimində istifadə edə bilməyəcək. Çində "Mac" tədarükü 2026-cı ilin birinci rübündə illik müqayisədə 9 faiz azalıb. "Apple" fərdi kompüter bazarında "Lenovo" və "Huawei" kimi yerli istehsalçıların güclü rəqabəti ilə üzləşir. "Qwen"in inteqrasiyası şirkətin Çinin süni intellekt bazarındakı mövqeyini gücləndirmək cəhdi kimi qiymətləndirilir.
Çinin DeepSeek şirkəti Unitree-nin Şanxay IPO-su çərçivəsində 20,8 milyon dollar investisiya edib və humanoid robotlar üçün süni intellekt modellərinin birgə hazırlanması barədə razılığa gəlib. DeepSeek Unitree-də 2,31 faizlik strateji pay əldə edib. Tərəflər AI modelləri, robot texnologiyaları və real dünya məlumatlarının emalı sahəsində əməkdaşlıq edəcəklər. Layihənin məqsədi humanoid robotların ətraf mühiti daha yaxşı anlamasını və mürəkkəb tapşırıqları müstəqil yerinə yetirməsini təmin edən texnologiyaların hazırlanmasıdır.
Çin ABŞ administrasiyasının son addımlarına cavab olaraq Vaşinqtona qarşı yeni məhdudiyyətlər tətbiq etdiyini açıqlayıb.Bəyanatda qeyd olunub ki, bu qərar ABŞ-nin Çin istehsalı olan dronların idxalını qadağan etməsi və 43 Çin şirkətinə sanksiya tətbiq etməsinə cavab xarakteri daşıyır.
Çinin Fələstindəki nümayəndəliyinin rəhbəri Sun Jen Pekinin müstəqil Fələstin dövlətinə dəstəyini bir daha bəyan edib. O bildirib ki, Çin humanitar və inkişaf yardımlarını davam etdirməyə hazırdır. Diplomat Ramallahda keçirdiyi mətbuat konfransında Fələstin xalqının üzləşdiyi çətinliklərə diqqət çəkib. Sun Jen Çin–Fələstin münasibətlərinin daha da inkişaf etdiriləcəyini vurğulayıb. O xatırladıb ki, bu il iki tərəf arasında strateji tərəfdaşlığın yaradılmasının üçüncü ildönümüdür. Çin Fələstinlə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.
Çinin BYD şirkəti iyul ayında qlobal satışlarını ardıcıl üçüncü ay artırıb. Şirkət ümumilikdə 419 min 211 avtomobil sataraq illik müqayisədə 21,8 faiz artım qeydə alıb. Xarici bazarlara ixrac isə daha yüksək templə yüksəlib. BYD-nin xaricə göndərdiyi minik avtomobilləri və pikapların sayı 124,3 faiz artaraq 179 min 841 ədədə çatıb. Şirkət beynəlxalq bazarlardakı yüksək tələbat hesabına daxili bazardakı zəifliyi qismən kompensasiya edib. BYD qlobal elektrikli avtomobil bazarında mövqeyini gücləndirməyə davam edir.
ABŞ İranın "Mahan Air" aviaşirkətini dəstəkləyən beynəlxalq şəbəkələrə qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiyalar Çin, Hindistan, Rusiya və İrandan altı hüquqi və fiziki şəxsi əhatə edir. Vaşinqton "Mahan Air"in SEPAH-ın şəxsi heyətini, silah və pilotsuz aparatları daşıdığını bildirir. ABŞ həmçinin SEPAH-la əlaqəli olduğu iddia edilən bir şirkəti də sanksiya siyahısına əlavə edib. Yeni qərar Damietta limanında baş verən pilotsuz aparat hücumundan sonra açıqlanıb. ABŞ bu addımın İranın regional fəaliyyətlərini dəstəkləyən şəbəkələri zəiflətməyə xidmət etdiyini bildirib. Sanksiyalar İranın logistika və maliyyə imkanlarını məhdudlaşdırmağı hədəfləyir.
Çin İrana hava hücumundan müdafiə sistemlərinin göndərilməsi ilə bağlı yayılan məlumatları təkzib edib. Pekin bu iddiaların həqiqəti əks etdirmədiyini bildirib. Çin Xarici İşlər Nazirliyi ölkənin bölgədə sülhün və sabitliyin tərəfdarı olduğunu vurğulayıb. Məlumata görə, iddia edilən silahların Pakistan üzərindən İrana çatdırılması nəzərdə tutulurdu. Pakistan da bu xəbərləri əsassız adlandıraraq rədd edib. Hər iki ölkə yayılan məlumatların həqiqətə uyğun olmadığını bəyan edib. Məsələ ilə bağlı əlavə rəsmi açıqlama verilməyib.
Çin hökuməti İrana yaxın həftələrdə Çin istehsalı olan təxminən 400 ədəd çiyindən buraxılan hava hücumundan müdafiə raket sistemi göndərəcəyi ilə bağlı yayılan iddiaları təkzib edib. Xarici mətbuatda Çin istehsalı olan təxminən 400 ədəd çiyindən buraxılan hava hücumundan müdafiə raket sisteminin Pakistan üzərindən İrana çatdırılacağı və ilk partiyanın yaxın həftələrdə təhvil veriləcəyinə dair məlumatlar yayılmışdı