Malayziyanın baş naziri Ənvər İbrahim Qəzza xalqına dəstək məqsədilə yeni yardım paketi elan edib. Ənvər İbrahim Malayziyanın Qəzzadakı fələstinlilərə təxminən 23,6 milyon ABŞ dolları dəyərində əlavə yardım göstərəcəyini açıqlayıb. Baş nazir həmçinin ölkədə fəaliyyət göstərən iri şirkətləri Qəzzanın yenidən qurulmasına dəstək verməyə çağırıb.
#Qəzza blokadası
Kopenhagendə Fələstinə dəstək məqsədilə keçirilən nümayişdə 10 mindən çox insan iştirak edib. Etirazçılar Qəzzadakı müharibənin dayandırılmasını və Danimarkanın Fələstin dövlətini tanımasını tələb ediblər.
Qəzza zolağında İsrail tərəfindən saxlanılan 13 fələstinli Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə azad edilib. Qeyd olunub ki, Qızıl Xaç Komitəsi mart ayından bəri 5-i qadın olmaqla ümumilikdə 255 fələstinlinin İsrail tərəfindən birtərəfli qaydada azad olunmasına vasitəçilik edib və onların ailələrinə qovuşmasına yardım göstərib. Komitə açıq şəkildə saxlanılan şəxslərin adlarının açıqlanmasını və ailə görüşlərinə icazə verilməsini tələb edib. Açıqlamada vurğulanıb ki, beynəlxalq humanitar hüquqa görə əsirlərə insani münasibət göstərilməli, məqbul saxlanma şəraiti təmin olunmalı və onların ailələri ilə ünsiyyət imkanı qorunmalıdır.
HƏMAS İsrailin Baş naziri Benyamin Netanyahunu əsir mübadiləsi və atəşkəs razılaşmasının əldə olunmasına mane olmaqda ittiham edib. HƏMAS Netanyahunun Qəzza şəhərinin işğalı planına razılıq verməsini razılaşmanı pozmaq istəyi kimi qiymətləndirib.
ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tomas Barrak İsrailə səfər edərək ölkənin baş naziri Benyamin Netanyahu ilə görüş keçirib. Bu barədə Axios portalı məlumat yayıb. “ABŞ-ın xüsusi nümayəndəsi Tom Barrak İsrailə səfərə gəlib və Netanyahu ilə görüşərək ABŞ prezidenti Donald Trampın İsrailə Livana endirilən zərbələri məhdudlaşdırması ilə bağlı xahişini, həmçinin Suriya ilə aparılan danışıqları müzakirə edib” - deyə, məlumatda qeyd olunub.
İsrailin “Böyük İsrail” xülyası təkcə regionu deyil, bütün dünyanı təhdid edən təhlükədir. Bunu İran Xarici İşlər Naziri Seyid Abbas Əraqçi deyib. O, İsrailə qarşı İslam ölkələrinin ortaq mövqe göstərməsinin vacibliyini vurğulayıb. Əraqçi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) qarşıdakı günlərdə baş tutacaq Xarici İşlər Nazirləri toplantısının İslam ölkələri üçün tarixi dönüş nöqtəsi olmasının vacibliyini qeyd edib.
Son 24 saat ərzində İsrailin Qəzza zolağına qarşı həayat keçirdiyi hücumlarda həlak olanların sayı 62 min 686 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama yayıb. Bildirilib ki, son sutka ərzində Qəzza zolağındakı xəstəxanalara 64 nəfərin meyiti və 278 yaralı gətirilib. İsrail ordusunun yanvarın 19-da əldə olunan atəşkəsi pozaraq martın 18-dən bəri həyata keçirdiyi hücumlarda 10 min 842 fələstinlinin həlak olduğu, 45 min 910 nəfərin isə yaralandığı qeyd olunub.
İsrail mənbələrinin məlumatına görə, baş nazir Benyamin Netanyahu Qəzza şəhərinin işğalını dayandırmaq niyyətində deyil. Əsirlərin azad edilməsi üçün aparılan danışıqlar barədə açıqlamalarına baxmayaraq, o, bu məsələdə tələsmir. Əksinə, Netanyahu şəhərin işğalını sürətləndirmək və hətta əməliyyatın adının dəyişdirilməsi ilə bağlı ordu ilə mübahisəyə girib.
Qəzza zolağında aclıq və qida çatışmazlığı səbəbindən son 24 saat ərzində ikisi uşaq olmaqla 8 nəfər həyatını itirib. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. “Qəzza son 24 saat ərzində aclıq səbəbindən ikisi uşaq olmaqla daha 8 nəfər həyatını itirib. Beləliklə, aclıqdan ölənlərin sayı 281-ə çatıb, onların 114-ü uşaqlardır” - deyə, məlumatda bildirilib.
Niderlandın xarici işlər naziri vəzifəsini icra edən Kaspar Veldkamp İsrailə qarşı əlavə tədbirlərin tətbiqi məsələsində hökumət daxilində konsensusun olmaması səbəbindən istefa verib. “Mən başa düşdüm ki, hər hansı əhəmiyyətli əlavə tədbirlər görə bilməyəcəyəm” – deyə, Veldkamp bildirib.
İsveçrə Qəzza zolağındakı aclıq təhlükəsindən narahatdır. Bu barədə İsveçrə Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində etdiyi paylaşımda bildirilib. “Aclığın daha da dərinləşməsinin qarşısını almaq üçün təcili və genişmiqyaslı müdaxilə zəruridir” - deyə, Paylaşımda qeyd olunub.
Netanyahu əvvəllər HƏMAS-ı razılaşmalardan yayınmaqda günahlandırırdı. İndi isə, HƏMAS Misir və Qətərin vasitəçiliyi ilə təqdim edilən təklifi qəbul etdikdən sonra, niyə Netanayhu Qəzzanı işğal etməkdə israr edir və ordunu bu istiqamətdə addımlarını sürətləndirməyə məcbur edir?