#Fələstin soyqırımı

Fələstin Baş naziri Məhəmməd Mustafa, Qəzza zolağını idarə etmək üçün yaxın günlərdə müvəqqəti bir komitə elan ediləcəyini bildirib. Misirə rəsmi səfər edən Baş nazir Mustafa, Misirin Xarici İşlər naziri Bədr Əbdülati ilə birlikdə Misirlə Qəzza arasındakı Rəfah Sərhəd Qapısında mətbuat konfransı keçirib. O vurğulayıb ki, Rəfah keçid məntəqəsi Qəzza xalqı üçün bir yaşayış və nəfəs qapısı olmalıdır və İsrailin xalqı aclığa və zorla köçürməyə məruz qoyan siyasəti qəbuledilməzdir. “Beynəlxalq ictimaiyyət daha təsirli addımlar atmalı və İsraili blokada və aclıq siyasətini dayandırmağa məcbur etməlidir.” - deyə baş nazir qeyd edib.

BMT-nin Fələstinli Qaçqınlara Yardım və İş Agentliyi (UNRWA) xəbərdarlıq edib ki, Qəzza zolağında bir milyon qadın və qız uşağı “kütləvi aclıq”la qarşı-qarşıyadır. Bu, 2023-cü ilin oktyabrından bəri davam edən İsrail mühasirəsi və soyqırım müharibəsi fonunda baş verir. Agentlik “X” platformasında yayımladığı açıqlamada bildirib ki, qadınlar və qızlar “getdikcə daha təhlükəli sağ qalma strategiyaları”na əl atmağa məcbur qalır. Onlar yemək və su tapmaq üçün evlərini tərk edirlər, lakin bu zaman ölüm, zorakılıq və sui-istifadə riski ilə üzləşirlər. UNRWA Qəzzaya tətbiq olunan blokadanın qaldırılmasını və humanitar yardımların geniş şəkildə bölgəyə buraxılmasını tələb edib. Agentlik qeyd edib ki, İsrail keçid məntəqələrini bağlı saxladığı üçün yardımlar yığılıb qalır, bu da humanitar böhranı dərinləşdirərək genişmiqyaslı aclığa səbəb olur.

İsrail ordusunun Qəzza zolağına qarşı həyata keçirdiyi hücumlarda son 24 saat ərzində 70 fələstinli həlak olub, 385 nəfər yaralanıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumatda həmçinin qeyd olunub ki, İsrail ordusunun yanvarın 19-da əldə edilən atəşkəsi pozaraq martın 18-dən bəri həyata keçirdiyi hücumlarda 10 min 362 fələstinli həyatını itirib, 43 min 619 nəfər yaralanıb.

Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi İsrailin işğal altındakı E1 bölgəsində yeni məskunlaşma planını təsdiqləməsinə sərt reaksiya verib. Nazirlik bu barədə yaydığı yazılı bəyanatda İsrailin atdığı addımı qınayıb. Bəyanatda qeyd olunur ki, E1 bölgəsində məskunlaşma inşası planı Qərbi Şəriə ilə Şərqi Qüdsü faktiki olaraq bir-birindən ayıracaq və bu, beynəlxalq hüquqa və BMT qətnamələrinə açıq-aşkar ziddir.