#Qəzza müharibəsi

Yunanıstanın dövlət televiziyasına istinadən, Andrulakis məktubunda Qəzzada 2023-cü ilin oktyabrından bəri on minlərlə insanın həyatını itirdiyini vurğulayaraq, İsrailin baş naziri Benyamin Netanyahunun açıqlamalarına istinadən Qəzza zolağında etnik təmizləmə məqsədi daşıyan əməliyyatlar iddiası irəli sürüb. O, “Bu, BMT və Avropa Birliyinin tərifinə görə etnik təmizləmə aktıdır,” - deyə qeyd edib. Andrulakis, Fələstində iki dövlətli həllin dinc yanaşı yaşamaq üçün yeganə yol olduğunu vurğulayaraq, Yunanıstan parlamentini 2012-ci il 12 dekabr qətnaməsini təsdiqləməyə və Fələstin məsələsini müzakirə etmək üçün ümumi iclas çağırmağa çağırıb. O, sülh danışıqlarına dərhal başlamaq üçün hər cür səy göstərilməsini tələb edib.

İsrail hökuməti Qəzza zolağında insanlığa aid bütün dəyərləri məhv edir. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib. “İsrailin bu gün Qəzzadakı xəstəxanaya təşkil etdiyi hücum nəticəsində beşi jurnalist olmaqla azı iyirmi fələstinli həlak olub. Baş nazir Netanyahunun rəhbərlik etdiyi hökumət insanlığa aid bütün dəyərləri məhv etmək üçün amansız hücumlarını fasiləsiz davam etdirir” – deyə, o vurğulayıb.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə xarici işlər nazirləri iclasından sonra qəbul edilən birgə bəyanatda İsrailin mövqeyi kəskin şəkildə pislənib və bütün dövlətlərə fələstinlilərə qarşı təcavüzün davam etməsinin qarşısını almaq üçün hüquqi və praktik addımların atılmasına dair çağırış edilib. Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən iclasın yekununda vurğulanıb ki, İsrailin Qəzza zolağına hücumun başlanmasından iki ilə yaxın vaxt keçməsinə baxmayaraq vasitəçilərin sülh təşəbbüslərinə cavab verməkdən imtina etməsi, əməliyyatları genişləndirməkdə israrı və atəşkəs çağırışlarını qulaqardına vurması qəbuledilməzdir.

Fələstin Xarici İşlər Nazirliyi İsrailin Qəzzaya planlaşdırdığı işğalın bölgədə yaşayan milyonlarla insanı həyati təhlükə ilə üz-üzə qoyacağı barədə xəbərdarlıq edib. Nazirliyin açıqlamasında qeyd olunub ki, Qəzzanın işğalı soyqırımı və aclığı daha da dərinləşdirəcək, şəhərin infrastrukturu tamamilə dağıdılaraq 2 milyondan çox dinc sakini fəlakətə sürükləyəcək. Açıqlamada vurğulanıb ki, Qəzzada yaşanan aclıq təbii səbəblərdən deyil, İsrailin yardımı “müharibə silahı” kimi əngəlləmək məqsədli siyasətindən qaynaqlanır. “Beynəlxalq ictimaiyyətin bu aclığı dayandıra bilməməsi ölkələrin və qurumların mənəvi dəyərlərinə ciddi zərbə vurur”, – deyə bəyanatda bildirilib. Nazirlik həmçinin beynəlxalq qurumları, xüsusilə BMT-ni minlərlə insanın həyatını xilas etmək üçün məcburi addımlar atmağa çağırıb.

Malayziyanın baş naziri Ənvər İbrahim Qəzza xalqına dəstək məqsədilə yeni yardım paketi elan edib. Ənvər İbrahim Malayziyanın Qəzzadakı fələstinlilərə təxminən 23,6 milyon ABŞ dolları dəyərində əlavə yardım göstərəcəyini açıqlayıb. Baş nazir həmçinin ölkədə fəaliyyət göstərən iri şirkətləri Qəzzanın yenidən qurulmasına dəstək verməyə çağırıb.

Qəzza zolağında İsrail tərəfindən saxlanılan 13 fələstinli Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə azad edilib. Qeyd olunub ki, Qızıl Xaç Komitəsi mart ayından bəri 5-i qadın olmaqla ümumilikdə 255 fələstinlinin İsrail tərəfindən birtərəfli qaydada azad olunmasına vasitəçilik edib və onların ailələrinə qovuşmasına yardım göstərib. Komitə açıq şəkildə saxlanılan şəxslərin adlarının açıqlanmasını və ailə görüşlərinə icazə verilməsini tələb edib. Açıqlamada vurğulanıb ki, beynəlxalq humanitar hüquqa görə əsirlərə insani münasibət göstərilməli, məqbul saxlanma şəraiti təmin olunmalı və onların ailələri ilə ünsiyyət imkanı qorunmalıdır.

ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tomas Barrak İsrailə səfər edərək ölkənin baş naziri Benyamin Netanyahu ilə görüş keçirib. Bu barədə Axios portalı məlumat yayıb. “ABŞ-ın xüsusi nümayəndəsi Tom Barrak İsrailə səfərə gəlib və Netanyahu ilə görüşərək ABŞ prezidenti Donald Trampın İsrailə Livana endirilən zərbələri məhdudlaşdırması ilə bağlı xahişini, həmçinin Suriya ilə aparılan danışıqları müzakirə edib” - deyə, məlumatda qeyd olunub.

İsrailin “Böyük İsrail” xülyası təkcə regionu deyil, bütün dünyanı təhdid edən təhlükədir. Bunu İran Xarici İşlər Naziri Seyid Abbas Əraqçi deyib. O, İsrailə qarşı İslam ölkələrinin ortaq mövqe göstərməsinin vacibliyini vurğulayıb. Əraqçi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) qarşıdakı günlərdə baş tutacaq Xarici İşlər Nazirləri toplantısının İslam ölkələri üçün tarixi dönüş nöqtəsi olmasının vacibliyini qeyd edib.

Son 24 saat ərzində İsrailin Qəzza zolağına qarşı həayat keçirdiyi hücumlarda həlak olanların sayı 62 min 686 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama yayıb. Bildirilib ki, son sutka ərzində Qəzza zolağındakı xəstəxanalara 64 nəfərin meyiti və 278 yaralı gətirilib. İsrail ordusunun yanvarın 19-da əldə olunan atəşkəsi pozaraq martın 18-dən bəri həyata keçirdiyi hücumlarda 10 min 842 fələstinlinin həlak olduğu, 45 min 910 nəfərin isə yaralandığı qeyd olunub.