#Qəzza müharibəsi

İsrailin davam edən hücumları və mühasirəsi səbəbindən dərin humanitar böhran yaşanan Qəzza zolağında aclıq səbəbilə ölüm halları artır. Son 24 saat ərzində 3-ü uşaq olmaqla 13 fələstinli aclıq və qidalanma çatışmazlığı səbəbilə həyatını itirib. Bu barədə Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi yazılı açıqlama yayıb. Bildirilib ki, bölgədə uzun müddətdir davam edən ərzaq çatışmazlığı və yardım qıtlığı nəticəsində ölüm halları kritik həddə çatıb. Açıqlamaya görə, 2023-cü il 7 oktyabrdan bu günədək Qəzzada aclıqdan ölənlərin ümumi sayı 361 nəfərə yüksəlib. Onlardan 131-i uşaqlardır.

Belçika federal hökuməti İsrailə qarşı sanksiyalar tətbiq etmək və Fələstin dövlətini tanımaq barədə fövqəladə kabinet iclasında qərar qəbul edib. Baş nazirin müavini və xarici işlər naziri Maksim Prevotun sözçüsü Laurens Soenen-in Anadolu Agentliyinin müxbiri ilə paylaşdığı razılaşma mətnində, xüsusilə Qəzza zolağında yaşanan humanitar faciəyə və İsrailin beynəlxalq hüquqa zidd hərəkətlərinə diqqət çəkilib. Açıqlamada qeyd olunub ki, humanitar yardım ən prioritet məsələ olaraq qalacaq. Xarici İşlər və Müdafiə Nazirlikləri Qəzzada humanitar vəziyyətin yaxşılaşdırılması üçün fəaliyyətlərini davam etdirir. “Cerulean Skies 2” kimi hava yardımı əməliyyatlarının təkrarlanması da gündəmdədir.

Fələstin rəhbərliyi bəyan edib ki, İsrailin işğal altındakı İordan çayının qərb sahilini ilhaq planı bölgədə və dünyada sabitlik və təhlükəsizliyin təmin edilməsinə mane olacaq. Məsələ ilə bağlı Fələstin Prezident Administrasiyasının sözçüsü Nəbil Əbu Rudeinə açıqlama verib.Məsələ ilə bağlı Fələstin Prezident Administrasiyasının sözçüsü Nəbil Əbu Rudeinə açıqlama verib. Əbu Rudeinə vurğulayıb ki, məskunlaşma siyasəti kimi ilhaq planlarının heç bir legitimliyi yoxdur və bu addımlar beynəlxalq ictimaiyyət tərəfindən dəfələrlə qınanıb və rədd edilib.

Bu gün İsraildə tələbələr küçələrə çıxaraq girovların azad edilməsini və Qəzza zolağında sülh sazişinin imzalanmasını tələb ediblər. Yüzlərlə tələbə ölkənin şimalında yol ayrıcını bağlayaraq İsrail ilə HƏMAS arasında razılaşma əldə olunmasını və Qəzzada saxlanılan girovların azad edilməsini tələb edib. Məlumata əsasən, bəzi tələbələr “Girovlar olmadan təhsil yoxdur” yazılmış plakatlar qaldırıblar.

Qəzzada jurnalistlərin hədəf alınıb öldürülməsinə qarşı dünya miqyasında etiraz aksiyası keçirilir. Təxminən 200-ə yaxın media qurumunun iştirak etdiyi təşəbbüs, İsrailin hücumlarında həyatını itirən jurnalistlərə diqqət çəkməyi hədəfləyir. Beynəlxalq Sərhəd Tanımayan Jurnalistlər (RSF), Avaaz və Beynəlxalq Jurnalistlər Federasiyasının (IFJ) rəhbərliyi ilə təşkil edilən aksiyada 50 fərqli ölkədən media orqanları iştirak edəcək. Etiraz çərçivəsində bəzi qəzetlər qara üzlüklə çıxacaq, televiziya və radio kanalları yayımlarını dayandıracaq, rəqəmsal media qurumları isə əsas səhifələrini qaraldacaq.

İsrail ordusu, Qəzza zolağının mərkəzində yerləşən Deyr əl-Bələh şəhərindəki Aksa Şəhidləri Xəstəxanasını 7 oktyabr 2023-cü ildən bu yana artıq 14-cü dəfə hədəfə aldığı bildirilib. Qəzzadakı Hökumətin Media Ofisinin yaydığı açıqlamaya görə, İsrailə məxsus döyüş təyyarələri Aksa Şəhidləri Xəstəxanasının ətrafındakı divar içərisində yerləşən və məcburi köçkün fələstinlilərin sığındığı çadırlara və yaxınlıqdakı poliklinikalara hava zərbələri endirib. Açıqlamada, daha öncə 13 dəfə hədəf alınan xəstəxananın bu hücumla birlikdə İsrail ordusu tərəfindən 14-cü dəfə vurulduğu vurğulanıb.

İsrail ordusunun bu səhər saatlarında Qəzza zolağının müxtəlif bölgələrinə həyata keçirdiyi hava hücumları nəticəsində, aralarında uşaqlar və məcburi köçkün fələstinlilərin də olduğu 19 nəfər həlak olub. Xəstəxana mənbələrinin və hadisə şahidlərinin verdiyi məlumata görə, Qəzza şəhərinin qərbində yerləşən Şati Qaçqınlar Düşərgəsi ətrafında bir evə hava hücumu təşkil olunub. Hücum nəticəsində hamilə qadın, iki uşaq daxil olmaqla 3 nəfər həlak olub. Şati düşərgəsində məcburi köçkünlərin yaşadığı bir çadır da bombalanıb, nəticədə 1 fələstinli həyatını itirib. Eyni düşərgənin Kavka döngəsi yaxınlığında yerləşən bir evə edilən hava hücumunda isə çox sayda fələstinli yaralanıb.

Səudiyyə Ərəbistanı humanitar qurumu “Kral Salman Humanitar Yardım və Xeyriyyə Mərkəzi” Qəzza zolağının cənubunda, Xan Yunisdə yerləşən Nasser Tibb Kompleksində mühüm layihə həyata keçirib. Layihə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlıq çərçivəsində reallaşdırılıb. Yeni layihə çərçivəsində ən yüksək standartlara cavab verən tibbi anbar yaradılıb və ora böyük həcmdə əsas tibbi ləvazimat göndərilərək müxtəlif şöbələrə paylanıb. Bundan başqa, böyrək çatışmazlığından əziyyət çəkən və mütəmadi dializ müalicəsinə ehtiyacı olan xəstələr üçün kompleksdəki dializ şöbəsi ən müasir avadanlıq və tibbi cihazlarla təchiz olunub. Bu addım həm xəstələrin həyatına ümid bəxş edib, həm də kompleksin müasir müalicə xidmətləri göstərmək imkanlarını əhəmiyyətli dərəcədə artırıb.

İsrail ordusu Qəzza zolağında HƏMAS-ın hərbi qolunun rəsmi nümayəndəsi Əbu Ubeydəni öldürüb. Məlumatı İsrailin müdafiə naziri İsrael Kats təsdiqləyib. “HƏMAS-ın sözçüsü Əbu Ubeydə Qəzzada məhv edildi. O, artıq İran, Qəzza, Livan və Yəməndən olan ‘şər oxu’nun digər aradan qaldırılmış üzvləri ilə cəhənnəmdə ‘görüşməyə’ göndərildi” - deyə, o "X" sosial şəbəkəsində yazıb. Nazir İsrail ordusunun əməliyyatlarını yüksək qiymətləndirərək, HƏMAS liderlərinin zərərsizləşdirilməsinin davam edəcəyini bildirib: “Qəzzadakı kampaniya intensivləşdikcə, onun (Əbu Ubeydənin – red.) cinayətkar tərəfdaşları da tezliklə ona qoşulacaqlar.”

Türkiyədən “Qlobal Sumud Flotiliyası”na qoşulacaq aktivistlər bu gün yola çıxır. Türk aktivistlər əvvəlcə Tunisə hərəkət edəcəklər. Qəzzaya ərzaq və humanitar yardım aparmaq, həmçinin tətbiq olunan blokadanı yarmaq məqsədilə bütün hazırlıqlarını tamamlayan flotiliya üçün gözlənilən gün çatıb. “Azadlıq Flotiliyası”nın davamı olan “Qlobal Sumud Flotiliyası” Qlobal Qəzza Hərəkatı, Sumud Karvanı və Malayziya Sumud Nusantara təşkilatlarının birləşməsi ilə formalaşıb və onlarla gəmi ilə Qəzzaya doğru hərəkət edəcək. Flotiliyanın əsas məqsədi Qəzzaya humanitar yardım çatdırmaq, qanunsuz blokadanı yarmaq və beynəlxalq ictimaiyyətin diqqətini fələstinlilərin üzləşdiyi humanitar böhrana cəlb etməkdir.