Fransa martın 5-də Prezident Emmanuel Makronun sədrliyi ilə Livan Silahlı Qüvvələrinə dəstək məqsədilə keçiriləcək beynəlxalq konfransın uğuruna ümid edir. Fransız rəsmilərinin gözləntilərinə görə, görüşdə 50-yə yaxın ölkənin və 10-dan çox beynəlxalq və regional təşkilatın nümayəndəsi iştirak edəcək. Bu geniş tərkib beynəlxalq birliyin Livan ordusunun gücləndirilməsinə verdiyi əhəmiyyətin göstəricisi hesab olunur.
#Hizbullah və Livan hökuməti
Livan Prezidenti Cozef Aun və Baş nazir Nəvaf Salamın silahların yalnız dövlət nəzarətində olması planını Litani çayının şimalına qədər genişləndirmək qərarı Hizbullahın sərt reaksiyası ilə qarşılanıb. Hizbullahın Siyasi Şurasının sədr müavini Mahmud Qəmati dövlət televiziyasına müsahibəsində hökumətin bu addımını ölkəni xaos və qeyri-sabitliyə sürükləmək cəhdi kimi qiymətləndirib. O, silahların təhvil verilməsi ilə bağlı təzyiqlərin qəbuledilməz daxili vəziyyət yaradacağını və hətta vətəndaş müharibəsinə səbəb ola biləcəyini vurğulayıb. Qəmati bildirib ki, Hizbullah silahlarının taleyi müzakirə olunmazdan əvvəl İsrail Livanın suverenliyini pozmağı dayandırmalı və işğal etdiyi məntəqələrdən çəkilməlidir.
Livan Prezidenti Cozef Aun ilə Hizbullah hərəkatı arasındakı münasibətlər kəskin şəkildə pisləşib və tərəflər arasında təmaslar "minimum səviyyəyə" enib. Gərginliyin əsas səbəbi Prezident Aunun Hizbullahın silahları ilə bağlı verdiyi son bəyanatlardır. Cozef Aun televiziya müsahibəsində dövlət nəzarətindən kənarda qalan silahların rolunun ordunun mövcudluğu ilə başa çatdığını bildirib. O qeyd edib ki, bu silahlar artıq nəinki çəkindirici rol oynamır, əksinə, həm Livan, həm də Hizbullahın öz bazası üçün ağır yükə çevrilib.
İsrailin “Yediot Ahronot” qəzeti cümə günü axşam yazıb ki, Hizbullaha qarşı hansı səviyyədə və hansı formada eskalasiyaya gediləcəyi barədə ölkə daxilində ciddi fikir ayrılığı yaranıb. Bu məlumat cənub Livana hava zərbələrinin artdığı bir vaxtda dərc olunub.
Qətlindən əvvəlki dövrdə, “Hizbullah”ın sabiq baş katibi Həsən Nəsrullah inanırdı ki, “dəstək müharibəsi” (yəni İsrailə qarşı cəbhə yardımı) sona qədər “toqquşma qaydaları” çərçivəsində qalacaq və İran Livanda 40 illik “İslam Müqaviməti”ni asanlıqla qurban verməyəcək. Lakin bir sıra səhv hesablamalar, partiyanın müharibə ilə bağlı həlledici qərarlar qəbul etməsinə mane oldu. 2024-cü ilin sentyabrına qədər isə bu müharibə artıq qanlı və hərtərəfli qarşıdurmaya çevrilmişdi.
ABŞ Müdafiə Nazirliyi, Livan Ordusunun Hizbullahı silahsızlaşdırma səylərini dəstəkləmək məqsədilə 14,2 milyon dollarlıq təhlükəsizlik yardım paketini təsdiqlədiyini açıqlayıb. Pentaqonun bəyanatında bildirilib ki, yardım paketi Livan Ordusunun imkanlarını artırmağı, həmçinin Hizbullahın silah anbarları və paylama şəbəkələrinə nəzarəti gücləndirməyi hədəfləyir. Bundan başqa, bu dəstəyin Livanın suverenliyini möhkəmləndirməyə və bölgədə sabitliyin təmin edilməsinə töhfə verəcəyi vurğulanıb.
Livan parlamentinin spikeri Nəbih Berri siyasi partiyalara müraciət edərək, Hizbullahın silahlı dəstələrinin tərksilahı məsələsini müzakirə etmək üçün ümummilli dialoqun başlanmasını təklif edib. “Sakit və konsensus əsaslı dialoq milli təhlükəsizlik strategiyasının hazırlanmasına, həmçinin müqavimət qüvvələrinin əlindəki silahların taleyinin müəyyən edilməsinə imkan yaradacaq” – deyə o bildirib. Spikerin sözlərinə görə, Hizbullahın silahı “Livanın qürurudur” və ötən il ölkəni İsrail təcavüzündən qorumaqda mühüm rol oynayıb. O vurğulayıb ki, Hizbullahın silahlarının Livan ordusuna təhvil verilməsi xarici təzyiq altında həyata keçirilə bilməz. Berri həmçinin qeyd edib ki, Livan hökuməti 2024-cü il noyabrın 27-də imzalanmış atəşkəs sazişinə uyğun bütün öhdəliklərini yerinə yetirib. “İsrail isə əksinə, beş sərhəd rayonunu hələ də nəzarətdə saxlayır, aqressiv fəaliyyətini davam etdirərək livanlıları öldürür və 30-dan çox yaşayış məntəqəsinin sakinlərinin evlərinə qayıtmasına mane olur” – deyə o əlavə edib.
Hizbullahın baş katibi Naim Qasım bəyan edib ki, Livan hökuməti ölkənin suverenliyini bərpa etmək üçün plan hazırlamağa məsuldur. Ohökuməti ictimai etimadın bərpası məqsədilə intensiv müzakirələr aparmağa çağırıb, siyasi partiyaları isə bu planların reallaşdırılmasına dəstək verməyə dəvət edib. Qasım vurğulayıb ki, hökumət suverenliyin bərpası, ordunun silahlandırılması və milli müdafiə strategiyasının formalaşdırılması istiqamətində addımlar atmalıdır. Onun sözlərinə görə, Livanın əsas problemləri İsrail və ABŞ-ın dəstəyi ilə bağlıdır.
Hizbullahın sabah Beyrutun mərkəzində aksiya keçirmək barədə əvvəlki çağırışından geri çəkildiyi bir vaxtda, Livanın daxili işlər naziri Əhməd Həccar bütün tərəflərin maraqlarına uyğun olan yolun silahların dövlətə təhvil verilməsi olduğunu vurğulayıb. Həccar bu gün “Əl-Ərəbiyyə” telekanalına açıqlamasında bildirib ki, Livanda heç kim vətəndaş müharibəsi istəmir. O, hökumətin son qərarlarına qarşı keçirilə biləcək etiraz aksiyalarına da toxunaraq qeyd edib ki, təhlükəsizlik qüvvələri hər hansı zorakılığın qarşısını alacaq.
Hizbullahın Livanda və bölgədəki rolu uzun illər ərzində həm regional, həm də beynəlxalq siyasətin mərkəzində olub. Təşkilatın silahlı qüvvələrinin tərksilah olunması və siyasi inteqrasiyası məsələsi təkcə İsrailin deyil, həm də Livan hökumətinin prioritet hədəflərindən biridir.
Hizbullah və digər qruplar 7 oktyabr 2023-də İsrailin Qəzza zolağında başlatdığı hərbi əməliyyatlar fonunda Livan–İsrail sərhədində döyüşlərə qoşulub. İsrail 23 sentyabr 2024-dən etibarən hava hücumlarını ölkənin böyük hissəsinə, o cümlədən Beyruta qədər genişləndirib və Cənub Livanda quru əməliyyatlarına başlayıb.27 noyabr 2024-də Hizbullah və İsrail arasında atəşkəs qüvvəyə minsə də, rəsmi məlumatlara görə, İsrail onu 3 mindən çox dəfə pozub, nəticədə 266 nəfər ölüb, 563 nəfər yaralanıb
Livanın ədliyyə naziri Adil Nəssar, silahlarını təhvil verməkdən imtina edən Hizbullaha xəbərdarlıq edib. Nəssar açıqlamasında bəzi şəxslərin silahı müdafiə adı ilə Livanı məhv etməklə hədələməsinin, “bu silahlar guya ölkəni qorumaq üçündür” iddiasını tamamilə aradan qaldırdığını bildirib.