#İsrail və Livan münaqişəsi

İran Xarici İşlər Nazirliyi İsrail rejiminin Livanın müxtəlif bölgələrinə qarşı apardığı hərbi təcavüzü qətiyyətlə pisləyib. Cümə günü yayılan açıqlamada nazirlik Birləşmiş Millətlər Təşkilatı, beynəlxalq icma və regional ölkələrin işğalçı rejimin hərbi təcavüzünə qarşı durmaq və bu rejimi məsuliyyətə cəlb edib cəzalandırmaq öhdəliyini vurğulayıb. Nazirlik İsrail rejiminin toxunulmazlığı və genişlənmə siyasətinin regionda sülh və təhlükəsizlik üçün təhlükəli nəticələr doğuracağı barədə xəbərdarlıq edib.

İsrail ordusu Livanın cənubundakı Sur vilayətində bir əraziyə hava zərbəsi endirib. Livanın rəsmi NNA agentliyinin məlumatına görə, hücum Tora və Abbasiye qəsəbələri arasındakı açıq ərazini hədəf alıb. Hadisə yerinə təcili tibbi yardım qrupları göndərilib. Livan rəsmiləri hücumla bağlı və mümkün itkilər barədə hələlik açıqlama verməyib. Sosial şəbəkələrdə yayılan görüntülərdə zərbə endirilən ərazidən qalxan tüstü müşahidə olunur.

“Hizbullah” və təşkilatın rəhbərliyi hələlik Livanla İsrail arasında birbaşa və ya dolayı danışıqlar məsələsində açıq mövqe bildirmir. Prezident Cozef Aunun Livanın danışıqlara hazır olduğunu elan etməsindən iki həftə keçsə də, partiya tərəfindən hər hansı təsdiq və ya təkzib yoxdur. Məlumata görə, Livanın rəsmi instansiyaları atəşkəsin monitorinqi üçün yaradılmış “Mexanizm komitəsi”nin genişləndirilməsinə, komitəyə mülki şəxslərin daxil olmasına razılıq verib. Bu qurumun İsraillə dolayı danışıqları aparması nəzərdə tutulur. Lakin bu barədə rəsmi bəyanat yayılmayıb. Eyni zamanda bildirilir ki, Livan, İsrailin mövqeyini gözlədiyi üçün açıqlama vermir. Əgər İsrail danışıqlara razı olmasa, Beyrut tərəfinin mövqeyi siyasi cəhətdən çətin vəziyyət yarada bilər.

Livan Prezidenti, general Cozef Aun, bazar ertəsi bildirib ki, ölkənin İsraillə danışıqlardan başqa çıxış yolu qalmayıb. Prezident Sarayının yaydığı bəyanata görə, dövlət başçısı danışıqlar dilinin müharibə dilindən daha vacib olduğunu vurğulayıb. İsraillə mümkün danışıqlar barədə danışan Aun qeyd edib ki, siyasətdə üç vasitə mövcuddur – diplomatik, iqtisadi və hərbi.

1948-ci ildə İsrail dövlətinin yaranmasından bəri Livan-İsrail danışıqları əsasən hərbi və texniki çərçivədə aparılıb. 1949-cu il atəşkəs sazişindən tutmuş 2022-ci il dəniz sərhədlərinin müəyyənləşdirilməsinə qədər Livan siyasi baxımdan İsraillə birbaşa dialoqu rədd edən sabit mövqeyini qoruyub və yalnız beynəlxalq vasitəçilər vasitəsilə məhdud əlaqə ilə kifayətlənib.

Livanın Baş naziri Nəvvaf Səlam cümə günü bildirib ki, hökumət Fələstin düşərgələrindəki silahlanma məsələsi ilə bağlı ciddi addımlar atıb və bir daha vurğulayıb ki, silah yalnız dövlətin əlində olacaq və bu mövzuda geri dönüş yoxdur. Rəsmi “Livan Milli İnformasiya Agentliyi”nin məlumatına görə, bunu Səlam təhlükəsizlik vəziyyəti və silahın təkcə dövlət tərəfindən idarə olunmasına dair sualı cavablandıraraq deyib.

Birləşmiş Millətlər Təşkilatının Livan Sülh Qüvvələri (UNIFIL) İsrailin UNIFIL patruluna PUA (pilotsuz uçuş aparatı) və tankla hücum etdiyini açıqlayıb. İsrail, Birləşmiş Millətlər Təşkilatının Livan Sülh Qüvvələrini (UNIFIL) hədəfə alıb. UNIFIL-in yaydığı açıqlamada bildirilib ki, Livanın cənubundakı Kfar Kila yaxınlığında patrul xidməti aparan UNIFIL qüvvələrinin yaxınlığına İsrail ordusuna məxsus bir pilotsuz uçuş aparatı tərəfindən qumbara atılıb və bir neçə dəqiqə sonra İsrail tankı patrul qrupunun yerləşdiyi bölgəyə atəş açıb.

İsrail ordusu, atəşkəs rejiminə baxmayaraq Livanın cənubundakı Bəkaa bölgəsində bir neçə nöqtəyə hava hücumları həyata keçirib. Livan mediasında yayılan xəbərlərdə bildirilib ki, hava zərbələri Bəkaa bölgəsinin dağlıq ərazilərindəki bir neçə hədəfi vurub. Hücum nəticəsində ölən və ya yaralananların olub-olmaması barədə hələlik rəsmi açıqlama verilməyib. Sosial mediada paylaşılan videolarda hava hücumlarından sonra bölgədə çoxsaylı nöqtələrdən qalxan tüstü buludları əks olunub.

İsrail ordusu, Livanın cənubuna hava hücumları təşkil etdiyini açıqlayıb. Ordunun yaydığı açıqlamada hücumlar nəticəsində 3 Hizbullah üzvünün öldürüldüyü iddia olunub. Yaxın Şərqdəki ölkələrin suverenlik hüquqlarını pozan hücumları ilə reaksiyalara səbəb olan İsrail, bir daha Livanı hədəf alıb. İsrail Müdafiə Qüvvələri (IDF) tərəfindən verilən açıqlamada, Livanın cənubundakı Kafra bölgəsinə təşkil olunan hava hücumu nəticəsində Hizbullahın yerli nümayəndəsi kimi fəaliyyət göstərən 1 şəxsin öldürüldüyü iddia edilib.

İsrail ordusu Cənubi Livana zərbələrini genişləndirərək Mays əl-Cəbal, Kfar Tebnit, Dəbbinə, əl-Çehabiyə və Bürc Qallaviyə qəsəbələrinə hücumlar təşkil edib. Noyabrda ABŞ vasitəçiliyi ilə imzalanan atəşkəsə baxmayaraq, İsrail son aylarda İran tərəfindən dəstəklənən Hizbullaha qarşı sərhədboyu hücumlarını davam etdirir.

İsrail işğal altında saxladığı ərazilərdən qoşunlarını çıxarmalıdır ki, Livan ordusu cənub sərhədində tam yerləşmə prosesini başa çatdıra bilsin. Bunu ölkə prezidenti Cozef Aun Beyrutda ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuperlə görüşündə bildirib. Prezident Administrasiyasının yaydığı açıqlamada Aunun sözlərinə istinadən bildirilib ki, “Livan hərbçiləri hazırda Litani çayından cənubdakı ərazilərin 85 faizinə nəzarət edir. Lakin beynəlxalq səviyyədə tanınmış sərhəddə yerləşməyə İsrail mane olur və aqressiv hücumlarını davam etdirir.”

İsrailin BMT-nin Müvəqqəti Sülhməramlı Qüvvələrinə (UNIFIL) hücumunun beynəlxalq ictimaiyyətin iradəsinə meydan oxuma olduğunu bildirən Livan Prezidenti Cozef Avn, bu hücumu qınayıb. Livan Prezidentliyindən yayılan yazılı açıqlamaya görə, Avn, İsrailin UNIFIL üzvlərinə Livanın cənubundakı vəzifələri zamanı hücumundan sonra UNIFIL Missiyasının rəhbəri və komandiri Diodato Abagnara ilə telefonla danışıb. Görüşdə Avn, Diodatoya İsrail ordusunun UNIFIL-ə qarşı hücumunu qınadığını bildirib. Livanın cənubundakı İsrail işğalının sona çatdırılması və Livanlı məhbusların qaytarılması ilə bağlı beynəlxalq çağırışları və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini xatırladan Avn, İsrailin bu çağırışları görməzlikdən gəldiyini və beynəlxalq ictimaiyyətin iradəsinə meydan oxumağa davam etdiyini vurğulayıb.