#Qəzza böhranı və ərəb mövqeyi

Qəzza zolağında İsrail tərəfindən saxlanılan 13 fələstinli Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə azad edilib. Qeyd olunub ki, Qızıl Xaç Komitəsi mart ayından bəri 5-i qadın olmaqla ümumilikdə 255 fələstinlinin İsrail tərəfindən birtərəfli qaydada azad olunmasına vasitəçilik edib və onların ailələrinə qovuşmasına yardım göstərib. Komitə açıq şəkildə saxlanılan şəxslərin adlarının açıqlanmasını və ailə görüşlərinə icazə verilməsini tələb edib. Açıqlamada vurğulanıb ki, beynəlxalq humanitar hüquqa görə əsirlərə insani münasibət göstərilməli, məqbul saxlanma şəraiti təmin olunmalı və onların ailələri ilə ünsiyyət imkanı qorunmalıdır.

Məlumata görə, təşkilata üzv ölkələrin xarici işlər nazirləri İsrailin hücumlarını və Qəzzanı tam işğal etməyə dair planlarını müzakirə edəcəklər. İclasda İsrailin həyata keçirdiyi işğal, kütləvi qətl, blokada, aclıq təhlükəsi və əhalinin məcburi köçürülməsi kimi beynəlxalq hüquqa zidd addımlarına qarşı ortaq mövqenin müəyyənləşdirilməsi nəzərdə tutulur.

Misir ordusu İsrailin Qəzzanı işğal etmə planlarına qarşı Sina səhrasında misilsiz hərbi hazırlıq keçirib. Yüksək rütbəli hərbi mənbənin sözlərinə görə, prezident Əbdülfəttah əs-Sisinin birbaşa tapşırığı ilə Qəzza sərhədinə əlavə 40 min əsgər yerləşdirilib. Bu rəqəm 1979-cu il Misir–İsrail Sülh Müqaviləsi ilə icazə verilən həddən demək olar ki, iki dəfə çoxdur.

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza ilə bağlı Misir və Qətər vasitəçilərinin təqdim etdiyi və HƏMAS-ın da qəbul etdiyi son təklifi rədd edib. İsrail İctimai Yayım Şirkətinin məlumatına əsasən, Netanyahu qismən razılaşmanı rədd edərək bütün girovların eyni anda azad olunmasını tələb edib və “Heç bir girovu arxada qoymayacağıq” - deyə bildirib.

Səhər saatlarından etibarən İsrail ordusu Qəzza zolağının müxtəlif bölgələrində məcburi köçkünlərin yerləşdiyi çadırları, dinc əhalinin toplandığı əraziləri və humanitar yardım gözləyənləri hədəf alıb. Hücumlarda 5-i uşaq olmaqla ümumilikdə azı 24 fələstinli həyatını itirib, bir çoxu yaralanıb. Məlumatlara görə, hücumlar Sabra və Deyr Bəlax məhəllələrinə, Bassa rayonundakı ailə çadırlarına, Xan Yunis və Rəfah bölgələrinə yönəldilib. İsrail qüvvələrinin artilleriya atəşləri və bombalamaları nəticəsində evlər dağılıb, yardım paylama məntəqələrinə yaxın olan ərazilərdə də zərərli hadisələr baş verib.

İsrailin hücumları və blokadası nəticəsində aclıq yaşanan Qəzza zolağında son 24 saatda 2-si uşaq olmaqla 5 fələstinlinin daha aclıqdan həyatını itirdiyi, ümumi sayın 263-ə yüksəldiyi bildirilib. Qəzzə Səhiyyə Nazirliyinin Baş direktoru Munir əl-Burş verdiyi açıqlamada bölgədə aclıq səbəbilə həyatını itirənlərlə bağlı məlumat verib. Burş bildirib ki, İsrailin blokadası və hücumları altındakı Qəzzəyə qarşı tətbiq etdiyi aclıq siyasəti can almağa davam edir. Son 24 saatda 2-si uşaq olmaqla 5 fələstinli aclıq və qidalanma çatışmazlığı səbəbindən həyatını itirib. Burşun sözlərinə görə, 7 oktyabr 2023-cü ildən bəri Qəzzədə 112-si uşaq olmaqla 263 nəfər aclıqdan ölüb.

ABŞ dövlət katibi Marko Rubio, 16 avqustda Qəzzalılara ziyarətçi vizalarının verilməsinin dayandırıldığını elan etdikdən sonra, bu qərarın yenidən nəzərdən keçiriləcəyini bildirib. Rubio, CBS News-a verdiyi müsahibədə, ABŞ-ın Qəzza xalqına verdiyi ziyarətçi vizalarının dayandırılması ilə bağlı danışıb. Rubio bildirib ki, yalnız Qəzzalı uşaqlara deyil, onlara müşayiət edən böyüklərə də viza verildiyini xatırladıb. Rubio, Konqresə təqdim olunan sübutlara əsasən, viza prosesi ilə əlaqəli olan bəzi qurumların HƏMAS-la güclü əlaqələrinin olduğunu iddia edərək, “HƏMAS-la dost münasibətdə olan qruplarla əməkdaşlıq etməyəcəyik.” - deyə qeyd edib.

BMT-nin Fələstinli Qaçqınlara Yardım və İş Agentliyi (UNRWA) xəbərdarlıq edib ki, Qəzza zolağında bir milyon qadın və qız uşağı “kütləvi aclıq”la qarşı-qarşıyadır. Bu, 2023-cü ilin oktyabrından bəri davam edən İsrail mühasirəsi və soyqırım müharibəsi fonunda baş verir. Agentlik “X” platformasında yayımladığı açıqlamada bildirib ki, qadınlar və qızlar “getdikcə daha təhlükəli sağ qalma strategiyaları”na əl atmağa məcbur qalır. Onlar yemək və su tapmaq üçün evlərini tərk edirlər, lakin bu zaman ölüm, zorakılıq və sui-istifadə riski ilə üzləşirlər. UNRWA Qəzzaya tətbiq olunan blokadanın qaldırılmasını və humanitar yardımların geniş şəkildə bölgəyə buraxılmasını tələb edib. Agentlik qeyd edib ki, İsrail keçid məntəqələrini bağlı saxladığı üçün yardımlar yığılıb qalır, bu da humanitar böhranı dərinləşdirərək genişmiqyaslı aclığa səbəb olur.