#Qəzza böhranı və ərəb mövqeyi

İsrail ordusu, işğal altındakı Qərb Sahilində Fələstinli səhiyyə heyətinə hücum edib. Fələstin Qırmızı Aypara Cəmiyyəti, İsrailin Cenin şəhərindəki təcili yardım heyətinə hücum edib onları saxladığını açıqladı. Fələstin Qırmızı Aypara Cəmiyyəti bildirib ki, İsrail ordusu, Qərb Sahilinin şimalında, Cenin şəhərinin qərbində yerləşən Yamun qəsəbəsində humanitar vəzifələrini yerinə yetirən təcili yardım heyətinə hücum edib, onları döyüb və təcili yardım avtomobilini saxlayıb.

Türkiyənin ərazi sularında keçirilən və bir neçə gün davam edən “Dostluq dənizi-2025” adlı Misir-Türkiyə birgə dəniz təlimləri başa çatıb. Bu addım iki ölkə arasında hərbi koordinasiyanı gücləndirsə də, müşahidəçilərə görə, İsrail başda olmaqla bəzi qonşu dövlətlərdə narahatlıq yaradıb. Misir ordusunun rəsmi sözçüsü açıqlamasında bildirib ki, təlimlərin məqsədi “ikili imkanlardan maksimum faydalanmaq və müxtəlif təhlükələrə qarşı dəniz əməliyyatlarının qorunması üsullarında təcrübə mübadiləsi aparmaq” olub. Onun sözlərinə görə, təlimlər çərçivəsində əməliyyat konsepsiyalarının birləşdirilməsi üçün çoxsaylı seminarlar keçirilib, hər iki ölkənin xüsusi qüvvələri müxtəlif silahlardan atışlar icra edib, helikopterlərin gəmilər üzərində mübadiləsi aparılıb, şübhəli gəmilərin yoxlanılması, həmçinin dənizdə təchizat tapşırıqları həyata keçirilib.

Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC), İsrail ordusunun işğal planını faktiki olaraq həyata keçirməyə başladığı Qəzza şəhərindəki hərbi əməliyyatların intensivləşməsi səbəbilə bölgədəki fəaliyyətlərini müvəqqəti olaraq dayandırdığını açıqlayıb. Komitənin yaydığı yazılı bəyanatda bildirilib ki, Qəzza şəhərindəki hərbi əməliyyatların şiddətlənməsi nəticəsində, ICRC-nin Qəzza şəhərində yerləşən ofisinin fəaliyyəti müvəqqəti dayandırılıb, personalın təhlükəsizliyini təmin etmək və fəaliyyətin davamlılığını qorumaq məqsədilə işçilər Qəzzanın cənubundakı digər Qızıl Xaç ofislərinə köçürülüb.

Qəzzədəki Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada, İsrail ordusunun bölgəyə tətbiq etdiyi aclıq böhranı nəticəsində itirilən həyatlar barədə ən son məlumatlar paylaşılıb. Açıqlamada qeyd olunur ki, İsrail blokadası və hücumları altında olan Qəzzada son 24 saat ərzində 2 nəfər aclıq və qidalanma çatışmazlığı səbəbiylə həyatını itirib. 7 oktyabr 2023‑dən bu yana Qəzzada aclıqdan ölənlərin sayı 455 nəfərə çatıb ki, bunların 151‑i uşaqlardır. Eyni zamanda, Birləşmiş Millətlər (BMT) tərəfindən dəstəklənən İnteqrə Ərzaq Təhlükəsizliyi Aşama Təsnifatı (IPC) modelinə görə, Qəzza şəhərində 22 avqust tarixindən etibarən aclğın elan edildiyi müddət ərzində aclıq və ciddi qidalanma çatışmazlığı səbəbiylə 36‑sı uşaq olmaqla 177 nəfər həyatını itirib.

İsrail ordusunun sözçüsü Avihay Adrai “X” platformasında paylaşımında “Cənub bölgəsindən hərəkət üçün ər-Rəşid küçəsi yerli vaxtla saat 12:00-da bağlanacaq. Qəzzə şəhərini tərk edə bilməyənlər üçün cənuba hərəkət imkanı açıq qalacaq. Bu mərhələdə Müdafiə Ordusu cənuba keçidi sərbəst və yoxlamasız şəkildə təmin edir.”-deyə yazıb.

İsrail ordusunun bu səhər Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində azı 14 nəfər həyatını itirib. Səhiyyə mənbələrinin verdiyi məlumata görə, hücumlar Qəzza zolağının şimalındakı Qəzza şəhəri və mərkəzdəki Nusayrat qaçqın düşərgəsi ərazilərini hədəf alıb. İsrailə məxsus döyüş təyyarələri Qəzza şəhərinin şərqində yerləşən əd-Dəraç məhəlləsində "Əbu Kəmil" adlı fələstinli ailənin evini bombalayıb. Nəticədə 7 nəfər həyatını itirib.

Riyadda vəliəhd şahzadə, Baş nazir Məhəmməd bin Salman sədrliyi ilə keçirilən iclasda krallığın ABŞ-la əməkdaşlığa hazır olduğu vurğulanıb. Məqsəd,İsrailin Qəzzadan tam çıxışı, kifayət qədər humanitar yardımın təmin edilməsi və “iki dövlətli həll” əsasında 1967-ci sərhədləri daxilində, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasına nail olmaqdır.

Türkiyə, bu gün Qətərdə Qəzza zolağında atəşkəsə nail olmaq məqsədilə keçiriləcək vasitəçilik toplantısında iştirak edəcək. Toplantıda Türkiyəni Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın təmsil edəcək. Görüşdə Qəzzada atəşkəsin təmin olunması və bölgədəki humanitar vəziyyətin yüngülləşdirilməsi istiqamətində diplomatik səylər müzakirə olunacaq.

İsrailin hücumları və tətbiq etdiyi blokada səbəbilə aclıq yaşanan Qəzza zolağında indiyədək 453 fələstinlinin aclıqdan həyatını itirdiyi bildirilib. Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi tərəfindən yayılan yazılı açıqlamada, İsrail ordusunun bölgəyə tətbiq etdiyi aclıq siyasətinin səbəb olduğu insan tələfatı ilə bağlı son məlumatlar paylaşılıb. Bəyanata əsasən, 7 oktyabr 2023-cü ildən bu günədək aclıq səbəbilə həyatını itirənlərin sayı 150-si uşaq olmaqla 453 nəfərə yüksəlib.

Qətər və Misirin, ABŞ Prezidenti Donald Tramp tərəfindən təqdim edilən və Qəzzada münaqişəni sonlandırmağı hədəfləyən 20 maddəlik planı HƏMAS-a çatdırdığı bildirilib. Bu barədə məlumat "El-Kahire News" telekanalına danışan, adının açıqlanmasını istəməyən misirli təhlükəsizlik mənbəsinə istinadla verilib. Məlumata görə, Trampın “Qəzza Münaqişəsini Sonlandıracaq Əhatəli Planı”, hər iki ölkə tərəfindən HƏMAS-a təqdim olunub.