#Qətər

İran prezidenti Məsud Pezeşkian ABŞ-la danışıqlar fonunda Türkiyənin “konstruktiv rolu”nu vurğulayaraq Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidana təşəkkür edib. Dövlət televiziyasının məlumatına görə Pezeşkian İran İslam İnqilabının 47-ci ildönümü münasibətilə Tehrandakı Azadi meydanında çıxış edib. Pezeşkian çıxışında Azərbaycan, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Səudiyyə Ərəbistanı və Misirin də “problemlərin diplomatiya yolu ilə həllinə” töhfə verməyə çalışdığını qeyd edib. O, İranın nüvə silahı istehsal etməyə çalışmadığını bildirib, ABŞ və Avropadan gələn bəyanatların “etimadsızlıq divarı” yaratdığını və bu səbəbdən danışıqların nəticə vermədiyini deyib.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliya, Argentina və Qətərin Ankaradakı fövqəladə və səlahiyyətli səfirlərini qəbul edib. Görüşdə İtaliyanın səfiri Giuseppe Manzo, Argentinanın səfiri Pablo Jose Rodriguez Brizuela və Qətərin səfiri Faisal Abdullah H. A. Al-Hanzab Rəcəb Tayyib Ərdoğana etimadnamələrini təqdim ediblər.

Türkiyə, Misir, İndoneziya, İordaniya, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) xarici işlər nazirləri İsrailin İordan çayının qərb sahilindəki son addımları ilə bağlı birgə bəyanat yayıblar. Bəyanatda İsrailin Fələstin rəhbərliyinin nəzarətindəki bölgələrdə "təftiş və nəzarət fəaliyyətlərini" artıran bir sıra qərarları təsdiqləməsi ən kəskin şəkildə pislənilib.

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan ilə Qətərin Baş naziri və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Sani arasında telefon danışığı baş tutub. Diplomatik mənbələrdən əldə edilən məlumata görə, nazir Fidan və Qətərli həmkarı Al Sani arasındakı görüşdə regionda cərəyan edən son hadisələr və regional inkişaf prosesləri ətraflı müzakirə edilib. Tərəflər həmçinin ikitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Asiya Olimpiya Şurasının (AOŞ) 46-cı Baş Assambleyası keçirilib. Səsvermə nəticəsində Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) sədrinin birinci müavini, Qətər Dövlətinin Olimpiya Komitəsinin prezidenti Şeyx Coaan bin Həməd Al Tani Asiya Olimpiya Şurasının yeni rəhbəri seçilib. Onun namizədliyi iştirakçılar tərəfindən yekdilliklə dəstəklənib.

Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Cemal Kadıoğlu "Typhoon" döyüş təyyarələrinin tədarük prosesini müzakirə etmək məqsədilə Qətərdə bir sıra strateji görüşlər keçirib. Türkiyə Milli Müdafiə Nazirliyində keçirilən həftəlik mətbuat məlumatlandırma toplantısından sonra yanvarın 18-19-da baş tutan bu səfərlə bağlı detallar açıqlanıb. Qətər Hərbi Hava Qüvvələri komandanının ev sahibliyi etdiyi görüşdə Böyük Britaniya Hərbi Hava Qüvvələri komandanı da iştirak edib. Üçtərəfli toplantıda təyyarələrin tədarükündən əvvəlki təlim prosesləri və atılacaq digər texniki addımlar ətraflı nəzərdən keçirilib.

Azərbaycanın parlament deputatı, Beynəlxalq Parlamentlərarası İttifaqının (IPU) vitse-prezidenti Sevil Mikayılova Dohada Qətərin “Shura Council”nın (parlament) sədr müavini Həmdə Əl-Sulayti ilə görüşüb. Xatırladaq ki, Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığı ilə Sevil Mikayılova 13-14 yanvar tarixlərində IPU-nun İcraiyyə Komitəsinin 298-ci sessiyasında iştirak etmək üçün Dohaya səfər edib. Tədbir çərçivəsində, Qətər parlamenti sədrinin müavini Həmda Əl-Sulaytinin təşəbbüsü ilə Azərbaycanın İPU-dakı nümayəndəsi Sevil Mikayılova ilə görüş keçirilib.

Qətərin sabiq baş naziri və xarici işlər naziri Həmd bin Cəssim bin Cabir Al Sani ABŞ ilə İran arasında mümkün hərbi qarşıdurmanın region üçün ağır nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. O, Vaşinqton və Tehran arasında ciddi və qısa danışıqların vacibliyini vurğulayaraq, hərbi eskalasiyanın Yaxın Şərqin sabitliyini təhlükə altına atacağını bildirib. Sabiq baş nazir İran daxilində sabitliyin pozulmasının nəticələri bəlli olmayan xaosa yol aça biləcəyini qeyd edib. Açıqlama regional gərginliyin artdığı bir dövrdə yayımlanaraq sosial şəbəkələrdə geniş və ziddiyyətli müzakirələrə səbəb olub.

Livanın Baş naziri Nəvaf Salam ölkəsinin silahlar üzərində dövlət inhisarının bərpa edilməsi ilə bağlı planın ikinci mərhələsini həyata keçirməkdə qərarlı olduğunu bildirib. Bazar ertəsi günü Beyrutda atəşkəs rejiminə nəzarət edən beşlik komitəsinin (ABŞ, Fransa, Səudiyyə Ərəbistanı, Qətər və Misir) səfirləri ilə görüşən Baş nazir bu istiqamətdəki qətiyyətini ifadə edib. Planın fevral ayında başlayacaq ikinci mərhələsi Əl-Litani çayından şimalda yerləşən əraziləri əhatə edəcək. Çaydan cənubdakı əraziləri əhatə edən birinci mərhələnin isə artıq tamamlanmaq üzrə olduğu bildirilir.

2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Qətərə xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz azalaraq, 14 milyon 89 min 63 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Qətərə xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz artaraq, 1 milyon 370 min 5 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz azalaraq, 2 milyard 553 milyon 705 min dollara bərabər olub.