#Türkiyə Xarici İşlər Nazirliyi

BMT-nin baş katibi Antonio Quterreş İsrailin Dohada HƏMAS rəhbərlərini hədəfə alan hücumunu pisləyərək, bunu Qətərin suverenliyinin və ərazi bütövlüyünün açıq şəkildə pozulması kimi qiymətləndirib. Quterreş əlavə edib ki, “Qətər Qəzzada atəşkəsin əldə olunması və bütün əsirlərin azad edilməsi prosesində son dərəcə müsbət rol oynayıb”. O həmçinin bütün tərəfləri Qəzza zolağında münaqişəyə yox, daimi atəşkəsə nail olmaq üçün işləməyə çağırıb. Eyni kontekstdə, Türkiyə də İsrailin Qətərdə HƏMAS-a hücumunu pisləyib. Türkiyə Xarici İşlər Nazirliyi bəyan edib ki, bu hücum İsrailin ekspansiya və terroru dövlət siyasəti kimi qəbul etdiyini göstərir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan, ABŞ-ın Fələstin prezidenti Mahmud Abbasa viza verməməsi ilə bağlı Ankaranın mövqeyini açıqlayıb. Fidan dövlət olaraq alternativ variantlar üzərində işlədiklərini, bu çərçivədə Fələstin rəsmiləri və ərəb ölkələri ilə geniş məsləhətləşmələrin aparıldığını bildirib. Nazir vurğulayıb ki, Türkiyənin Fələstin məsələsindəki mövqeyi dəyişməz olaraq qalır. O, sentyabr ayında keçiriləcək BMT Baş Assambleyasının bu il xüsusi əhəmiyyət daşıdığını qeyd edib və izlas çərçivəsində Fələstin mövzusunda konfrans təşkil ediləcəyini xatırladaraq, bu tədbirin vacibliyinə diqqət çəkib.

Türkiyə Xarici İşlər Nazirliyi Sudanın Orta Darfur əyalətinin Cebel Marra bölgəsində baş verən torpaq sürüşməsi nəticəsində çox sayda insanın həyatını itirməsi ilə bağlı başsağlığı mesajı yayımlayıb. Nazirliyin rəsmi açıqlamasında, Sudanda baş verən torpaq sürüşməsi nəticəsində yaşanan can itkisinə görə dərin üzüntü duyulduğu qeyd olunub. "Həyatını itirənlərə Allahdan rəhmət diləyir, Sudan xalqına başsağlığı verir və yaralananlara şəfa arzulayırıq," – deyə açıqlamada bildirilib. Xatırladaq ki, Sudanın Qərbində yerləşən Marra Dağları bölgəsində baş verən böyük torpaq sürüşməsi bir kəndi tamamilə məhv edib. Sudan Azadlıq Hərəkatı (SLM) hadisə nəticəsində ən azı min nəfərin həyatını itirdiyini, yalnız bir nəfərin sağ qurtulduğunu açıqlayıb.

Türkiyə xarici işlər naziri Hakan Fidan İordaniya xarici işlər naziri Ayman Safadi ilə telefon danışığı gerçəkləşdirib. Nazirlər, Suriyanın cənubundakı son inkişafları da dəyərləndiriblər. Görüşdə regional sabitlik və təhlükəsizliyin təmin olunması istiqamətində əməkdaşlığın əhəmiyyəti bir daha diqqətə çatdırılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pəzəşkian ilə görüşüb. Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25-ci Dövlət Başçıları Şurası Zirvəsində iştirak etmək üçün Çinin Tiencin şəhərində səfərdə olan Prezident Ərdoğan, zirvə çərçivəsindəki təmaslarını davam etdirir. Ərdoğan ilə İran Prezidenti Pəzəşkian arasında baş tutan görüşdə Türkiyə-İran ikitərəfli münasibətləri, regional və qlobal inkişaflar müzakirə olunub. Prezident Ərdoğan görüş zamanı bildirib ki, enerji sahəsi başda olmaqla, bir çox sahədə Türkiyə və İran arasındakı əməkdaşlıq ortaq maraqlara xidmət edir. O, həmçinin qeyd edib ki, İranın nüvə danışıqlarını aparmasında fayda görürlər və bu məsələdə Türkiyə İranı dəstəkləməyə davam edəcək.

TBMM sədri Numan Kurtulmuş iclasda çıxış edərək, İsrailin Qəzzada törətdiyi insanlığa qarşı cinayətləri pisləyib və dərhal atəşkəs tələb edib. Kurtulmuş, “İsrail Qəzzanı aclıq və qıtlığa məhkum edir. 70 minə yaxın insan qətlə yetirilib. Qəzzaya BMT qüvvələri göndərilməli, region yenidən qurulmalıdır,” – deyə bildirib. O, İsrailin soyqırım siyasətindən əl çəkənə qədər BMT də daxil olmaqla beynəlxalq təşkilatlara üzvlüyünün dayandırılmasını təklif edib.

Türkiyə Xarici İşlər Nazirliyi, İsrail Baş naziri Benyamin Netanyahunun 1915-ci il hadisələri ilə bağlı bəyanatına sərt reaksiya verərək, onun Fələstin xalqına qarşı törətdiyi cinayətləri ört-basdır etməyə çalışdığını bildirib. Nazirlikdən verilən yazılı açıqlamada, “Netanyahunun 1915-ci il hadisələri ilə bağlı bəyanatı keçmiş ağrılı hadisələrdən siyasi səbəblərə görə istifadə cəhdidir. Fələstin xalqına qarşı soyqırımda roluna görə mühakimə olunan Netanyahu, özünün və hökumətinin cinayətlərini ört-basdır etməyə çalışır. Tarixi və hüquqi faktlarla uyğun olmayan bu bəyanatı qınayır və rədd edirik,” ifadələri yer alıb.

Türkiyə Xarici İşlər Nazirliyi bu gün yaydığı bəyanatda İsrailin Suriyaya qarşı həyata keçirdiyi hücumları qətiyyətlə pisləyib. Nazirlik əlavə edib ki, “Türkiyə, Suriya xalqının haqlı gözləntilərinə uyğun olaraq, terrordan təmizlənmiş, təhlükəsizliyi təmin olunmuş və ərazi bütövlüyü qorunmuş bir Suriya vizyonunu dəstəkləməyə davam edəcək.”

Fidan Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 21-ci Fövqəladə Toplantısı çərçivəsində Cibutinin xarici işlər naziri Əbdülqədir Hüseyn Ömər ilə görüşüb. Görüşdə tərəflər ikitərəfli münasibətləri və regional məsələləri müzakirə edərək, İƏT çərçivəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. Nazir Fidan, Türkiyə-Cibuti əlaqələrinin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayaraq, iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı səylərin vacibliyini qeyd edib. Görüşdə həmçinin İƏT-in regional sabitlik və sülhün təmin edilməsindəki roluna toxunulub.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ciddədə keçirilən fövqəladə iclasında sədrliyə Hakan Fidan rəhbərlik edib. Nazir Fidan iclasda çıxış edərək, Fələstin xalqının üzləşdiyi problemlərin həlli üçün beynəlxalq ictimaiyyətin birgə səylərinin zəruriliyini qeyd edib. O, İsrailə qarşı koordinasiyalı və güclü təzyiqin vacibliyini vurğulayaraq, Qəzzanın gələcəyə hazırlanması üçün ərəb-İslam dünyasının əlindən gələni etməli olduğunu bildirib. Fidan həmçinin İsrailin Fələstinlərə qarşı hücumlarının regionda sabitliyi pozan daha geniş bir planın bir hissəsi ola biləcəyini ifadə edərək, Netanyahu rejiminin Suriya, Livan və İrana qarşı həyata keçirdiyi qeyri-qanuni əməliyyatların Yaxın Şərqdə ciddi təhdidlər yarada biləcəyini diqqətə çatdırıb.

Fidan İrlandiyaya səfəri çərçivəsində baş nazirin müavini, xarici işlər, ticarət və müdafiə naziri Saymon Harris ilə görüşəcək. İki nazir ən son 20 fevral 2025-ci ildə Yohannesburqda keçirilən G20 Sammitində bir araya gəlmişdi. Səfər zamanı Türkiyə ilə İrlandiya arasında ikitərəfli münasibətlərin gücləndirilməsi, ticarət, iqtisadiyyat və mədəni əlaqələrin inkişafı müzakirə olunacaq. Fidan, 2026-cı ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 75-ci ildönümünə işarə edərək, qarşıdakı dövrdə yüksək səviyyəli qarşılıqlı səfərlərin və birgə tədbirlərin artırılmasının vacibliyini vurğulayacaq. O, həmçinin İrlandiyanın 2026-cı ilin ikinci yarısında Avropa İttifaqına sədrliyi dövründə Türkiyə-Aİ əlaqələrinin daha da dərinləşdirilməsi ilə bağlı gözləntilərini ifadə edəcək.

Türkiyə xarici işlər naziri Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 21-ci Fövqəladə Toplantısında iştirak etdiyi Səudiyyə Ərəbistanının Ciddə şəhərində Misirin xarici işlər naziri Bədr Abdulati ilə görüşüb.