İran, sentyabr ayında Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə imzaladığı və əməkdaşlığın bərpasını nəzərdə tutan Qahirə Anlaşmasını rəsmən ləğv etdiyini açıqlayıb. İranın Xarici İşlər naziri Abbas Əraqçi, İngiltərə, Fransa, Almaniya və ABŞ-ın MAQATE İdarə Heyətinə Tehran əleyhinə qərar layihəsi təqdim etməsindən sonra bu açıqlamanı verib. Əraqçi bildirib ki, qərar layihəsini təqdim edən ölkələr İranın yaxşı niyyətini nəzərə almadan MAQATE-nin etibarlılığına və müstəqilliyinə xələl vurublar və agentlik ilə İran arasındakı əməkdaşlıq prosesini pozublar. O, eyni zamanda, sentyabr ayında MAQATE ilə imzalanan əməkdaşlıq anlaşmasının artıq qüvvədə olmadığını vurğulayıb.
#MAQATE
Vyanada daimi nümayəndəlikləri olan İran, Çin və Rusiya, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Baş Direktoru ilə Agentliyin yaxınlaşan İdarə Heyəti iclası öncəsi görüş keçiriblər. Görüş barədə məlumatı çərşənbə axşamı günü Vyanada beynəlxalq təşkilatlar üzrə Rusiya daimi nümayəndəsi Mixail Ulyanov açıqlayıb. “Çin, İran və Rusiya daimi nümayəndələri bu gün IAEA-nın Baş Direktoru Rafael Grossi və onun komandası ilə görüşərək yaxınlaşan İdarə Heyəti iclası ilə bağlı fikir mübadiləsi aparıblar,” – deyə Ulyanov X sosial şəbəkəsində qeyd edib.
İran öz raket proqramını Qərb və ABŞ ilə aparılan müzakirələr mövzularının siyahısından çıxarıb.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi bildirib ki, İran, Qərblə gərginliyin daha da artmaması üçün BMT müfəttişləri ilə əməkdaşlığını “ciddi şəkildə yaxşılaşdırmalıdır”. Qrossi açıqlamasında bildirib ki, MAQATE İyun ayında İranla İsrail arasında başlayan müharibədən bəri İranda 10-dan çox yoxlama həyata keçirib. Lakin müfəttişlərə ABŞ tərəfindən bombalanmış bəzi nüvə obyektlərinə – Fordo, Nətənz və İsfahana – daxil olmağa icazə verilməyib.
İranın hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazem Gəribabadi bildirib ki, Rusiya, Çin və İranın səfirləri və BMT yanında daimi nümayəndələri Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossiyə birgə məktub göndəriblər. Gəribabadi öz “X” hesabında yazıb ki, Rusiya, Çin və İranın 18 oktyabr tarixində BMT Baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə 2231 saylı qətnamənin qüvvədən düşməsi barədə birgə məktub göndərməsindən sonra, bu gün Xarici İşlər Nazirliyinin diplomatik təşəbbüsləri çərçivəsində həmin üç ölkənin MAQATE yanındakı səfirləri və daimi nümayəndələri Agentliyin Baş direktoruna birgə məktub göndəriblər.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Mariano Qrossi Əlcəzairi “dost ölkə” və “Afrika qitəsində əsas tərəfdaş” adlandırıb. O, MAQATE ilə Əlcəzair arasında uzun illər davam edən əməkdaşlığı yüksək qiymətləndirərək, ölkənin mülki nüvə texnologiyaları sahəsində əldə etdiyi mühüm nailiyyətləri vurğulayıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, Avropa ölkələrinin nüvə məsələsindəki “məsuliyyətsiz və qeyri-konstruktiv” mövqeyi danışıqların istiqamətini dəyişib və Tehran hazırkı mərhələdə ABŞ-la danışıqlar aparmağı planlaşdırmır.
İranın xarici işlər naziri Abbas Əraqçi Nyu-York səfərindən sonra verdiyi açıqlamada bildirib ki, ABŞ-la həm birbaşa, həm də dolayı mesaj mübadiləsi aparılsa da, proses danışıqların faydasız olduğunu ortaya qoyub. Əraqçi Nyu-Yorkda keçirdiyi intensiv həftəni dəyərləndirərək bildirib ki, səfər zamanı 31-dən çox ikitərəfli görüş keçirib, yüksək səviyyəli çoxtərəfli toplantılarda iştirak edib və İranın mövqelərini müdafiə edib.
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Qazaxıstanın ilk atom elektrik stansiyasının tikintisi üzrə bütün mərhələlərdə dəstək göstərəcəyini təsdiqləyib. Görüşdə Qazaxıstan Atom Enerjisi Agentliyinin sədri Almasadam Satkaliyev və MAQATE-nin baş direktoru Rafael Qrossi stansiyanın tikintisi, nüvə infrastrukturu, eləcə də nüvə texnologiyalarının sənaye, kənd təsərrüfatı və səhiyyədə tətbiqi məsələlərini müzakirə ediblər.
İran xarici işlər naziri Abbas Əraqçi, ölkənin zənginləşdirilmiş uran ehtiyatlarının İsrail və ABŞ tərəfindən iyun ayında həyata keçirilən hücumlarda zərbə alan nüvə obyektlərinin dağıntıları altında qaldığını açıqlayıb. Nazirin sözlərinə görə, qiymətləndirmə başa çatdıqdan sonra hesabat İranın Ali Milli Təhlükəsizlik Şurasına təqdim ediləcək və ölkənin təhlükəsizlik maraqları nəzərə alınaraq növbəti addımlar barədə qərar veriləcək.
İranın xarici işlər naziri Seyyid Abbas Əraqçi, Avropa üçlüyü (E3) — Fransa, Almaniya və Böyük Britaniyanın ABŞ və İsrailin son hərbi təcavüzünü görməzdən gəlməsini “məsuliyyətsiz və əsassız yanaşma” adlandırıb. O, İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) çərçivəsində xalqının hüquqlarını və maraqlarını qorumaq öhdəliyini vurğulayıb və BMT-dən, eləcə də üzv dövlətlərdən İranın dinc nüvə obyektlərinə qarşı qanunsuz hücumları qəti şəkildə pisləmələrini tələb edib.
İranın xarici işlər naziri Abbas Əraqçi, BMT Təhlükəsizlik Şurasında sanksiyaların bərpasını nəzərdə tutan “snapback mexanizmi”nin işə salınması halında İranla Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) arasında imzalanan yeni razılaşmanın ləğv olunacağını açıqlayıb.